İnsanlara hürriyət, millətlərə istiqlal!

BİZNESMENLƏRİMİZ ELLİKLƏ TÜRKİYƏYƏ KÖÇÜR

2538 07.08.2011 09:42 İqtisadiyyat A A
Məlumata görə, azərbaycanlı iş adamları Türkiyədə iş yeri açan ilk beşliyə daxil olub. Azərbaycan 4-cü yerdə olan Rusiyadan sonra siyahının 5-ci pilləsində qərarlaşıb. Bu ilin ilk 5 ayında isə Türkiyədə 401 əcnəbi şirkət qurulub ki, onların da 86-sı azərbaycanlı iş adamıdır. Beləliklə, son 18 ayda Türkiyə iqtisadiyyatına 222 azərbaycanlı iş adamı sərmayə yatırıb. Əgər 2010-cu ildə Türkiyədə qurulan əcnəbi şirkətlərin cəmi 5,5 faizi Azərbaycan vətəndaşlarının payına düşürdüsə, bu ilin ilk 5 ayında bu göstərici 21 faizə çatıb.
Şübhəsiz, bu, çox ciddi göstəricidir. Özü də söhbət ondan gedir ki, inkişaf etməkdə olan Azərbaycanın vətəndaşları inkişaf etmiş Türkiyə iqtisadiyyatına sərmayə yatırır. Nəzərə alsaq ki Azərbaycanın investisiya tələbatı Türkiyə ilə müqayisəedilməz dərəcədə çoxdur, onda təbii sual yaranır: Azərbaycan biznesmenləri niyə sərmayəni öz ölkəsinə yatırmaq istəmir? Axı istənilən halda Azərbaycan iqtisadiyyatına investisiya yatırmağın üstünlükləri var. Məsələn, Azərbaycanda vergilərin sayı və həcmi Türkiyədən azdır. Yaxud Azərbaycanda iqtisadiyyat tam oturuşmadığından bazara girmək daha rahatdır. Ancaq bunlar hamısı nəzəri məsələlərdir və başqa reallıqlar var. Qısası belədir: Azərbaycanda qeyri-rəsmi vergilər rəsmi vergilərdən qat-qat çoxdur və inhisarda olmayan sektor yoxdur.
Yeri gəlmişkən, azərbaycanlı orta və iri ranqlı iş adamlarının kütləvi şəkildə Türkiyəyə üz tutması barədə “Yeni Müsavat”ın bir qədər əvvəl yaydığı xəbər təsdiqləndi. Əsassız yoxlamalar, müxtəlif dövlət qurumlarının sahibkarlar üçün müəyyən etdiyi “haqlar” artıq iş adamlarını bezdirib. Azərbaycanda kapitalın sərbəst hərəkətinə və təhlükəsizliyinə heç bir qarantiya yoxdur. Bu səbəbdən də ölkəni tərk etməkdən başqa çıxış yolu qalmır.
Mənbənin bildirdiyinə görə, müxtəlif dövlət qurumlarının intensiv yoxlamaları, xüsusilə də Vergilər və Fövqəladə Hallar nazirliklərini əsassız müdaxilələri və onlara verilən qeyri-rəsmi ödənişlər sahibkarları müflis olmaq həddinə gətirib. Sahibkarlar bu nazirliklərdən başqa Səhiyyə, İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent Agentliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmək Müfəttişliyinin təqiblərinə də məruz qalır.
Son 3 ildə ən böyük təzyiqlər isə rayon icra hakimiyyətlərindən gəlir. Dövlət büdcəsində müxtəlif obyektlərin bərpa-təmir işlərinə milyonlarla manat ayrılır. Bu pullar mənimsənilir, əvəzində isə işləri davam etdirməkdən ötrü iş adamlarından pul yığılır. Abadlıq işləri, icra başçılarının qonaqlarının qarşılanın yola salınması xərcləri də onların hesabına ödənilir. Bu səbəbdən də Azərbaycanda biznes layihələrini davam etdirmək praktiki olaraq mümkün deyil.
Yada salaq ki, bir neçə il öncə (Kəmaləddin Heydərov fövqəladə hallar naziri təyin olunandan sonra) tikinti şirkətləri Azərbaycanın tikinti bazarını tərk edərək Qazaxıstana üz tutdu. Bu gün Qazaxıstanda Azərbaycanın onlarla tikinti şirkəti çalışır və bizneslərini də ilbəil genişləndirir. Orda tikinti biznesi üçün çox münbit şərait var və ən başlıcası isə budur ki, onlardan qanunla nəzərdə tutulan vergilərdən və sosial ödəmələrdən başqa heç bir qeyri-rəsmi ödəniş tələb edilmir.
Növbəti dalğada isə istehsal və ticarətlə məşğul olan müəssisələr ölkəni tərk edərək Türkiyəyə üz tutur. Bu isə “analoqsuz inkişafı” ilə öyünən hökumət üçün utanc gətirən bir haldır. Xüsusilə o halda ki, rəsmi təbliğat ilin əvvəlindən başlayaraq ölkədə korrupsiyaya qarşı sistemli mübarizə aparıldığını gecə-gündüz bəyan etməklə qulaqları döyənək edib. Bu da nəticə - ilin ilk 5 ayında, yəni korrupsiyaya qarşı “alovlu” mübarizə getdiyi aylarda 86 iş adamı biznesini Türkiyəyə köçürüb, orada yeni iş yerləri açır. Azərbaycanda isə adamlar işsizlikdən ölkəni tərk edib Rusiya və başqa dövlətlərə üz tutur. Hələ çəkinmədən buna “analoqu olmayan inkişaf” da deyirlər...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR