Məşhur idmançıların, futbolçuların karyeralarını başa vurduqdan sonra müxtəlif sahələrdə çalışmasının dəfələrlə şahidi olmuşuq. İstər Azərbaycanda, istərsə də digər ölkələrdə idmançıların vəzifəyə gətirilməsi halları tez-tez baş verir.
Məsələn, sambo üzrə 5 qat dünya, 2 qat Avropa çempionumuz, hərbçilərin Olimpiya və dünya çempionu, tələbələr arasında dünya çempionu Zülfiyyə Hüseynova hazırda Bakı Baş Gömrük İdarəsinin Qaçalmalçılıqla Mübarizə Şöbəsində inspektor vəzifəsində işləyir, mayor rütbəsi var.
Sərbəst güləş üzrə Olimpiya və Avropa çempionumuz, dünya çempionatının gümüş mükafatçısı Namiq Abdullayev hazırda Daxili İşlər Nazirliyinin DQBİ-nin İdman komandasının rəisidir, polkovnik-leytenantdır.
Daha bir Olimpiya çempionumuz Zemfira Meftahəddinova isə Namiq Abdullayevlə iş yoldaşıdır. Z.Meftahiddinova N.Abdullayevin rəisi olduğu qurumda rəis müavinidir, polis polkovnik-leytenantıdır.
2008-ci ildə keçirilən Olimpiadanın bürünc medalçısı, cüdoçu Mövlud Mirəliyev - Gəncədən olan veteran idmançı hazırda Şəmkir RPŞ-nin əməkdaşı, polis mayorudur.
2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalçısı, dünya çempionatının 3 qat gümüş medalçısı İradə Aşumova hazırda DİN DQBİ-nin hərbi qulluqçusudur, mayor rütbəsi daşıyır. Bu siyahıya çoxlarını əlavə etmək olar.
Digər ölkələr üzrə misal çəksək, məşhur futbolçu Corc Veanı xatırlaya bilərik. C.Vea hazırda Liberiyanın prezidentidir.
Ağır çəkidə WBC, WB0, WBA versiyaları (nüfuzlu kateqoriya) üzrə üç dəfə dünya çempionu olmuş Vitali Kliçko hazırda Ukrayna parlamentinin deputatıdır.
Son günlərdə müzakirə edilən isə Gürcüstanın Tiflis şəhərinin meri seçilən keçmiş futbolçu Kaxa Kaladzedir. Bu vəzifədən öncə energetika naziri vəzifəsində çalışan K.Kaladze illərlə yaşıl meydanlarda top qovub. Gürcüstan futbol tarixinin ən bahalı transferi (2001-ci ildə 16 milyon dollara "Milan" klubuna transfer olunub) hesab edilən Kaxa Kaladze 9 il "Milan"ın forması geyinib və 194 matça çıxıb. Müdafiəçi olmasına rəğmən "Milan"ın forması ilə 12 qol vurub.
Bəs, Azərbaycanın Kaladzesi kim ola bilər? Bu suala cavab tapmaq üçün idman jurnalistləri arasında sorğu keçirdik.
Bombardir.az saytının rəhbəri İlkin Sultanlı deyir ki, hansısa futbolçumuzun karyerasını bitirdikdən sonra siyasətlə maraqlanması qarşıdakı 10-15 ildə çətin məsələdir: "Əgər sual sırf futbolçuluq baxımından verilibsə, əvvəllər Kaladzedən güclü oyunçularımız olub. Onun idmandan siyasətə keçməyini nəzərdə tutursunuzsa, bunu düşünmək lazımdır. Məncə, hansısa futbolçumuzun karyerasını bitirdikdən sonra siyasətlə maraqlanması qarşıdakı 10-15 ildə çətin məsələdir. Amma savad baxımdan götürsək, "Qarabağ"ın üzvü Maksim Medvedev çox ağıllı şəxsdir. Bildiyim qədəri ilə 4-5 dildə səlis danışır. Ağdam təmsilçisinin sabiq üzvü Namiq Yusifov da savadlıdır. Hazırda klubda menecer kimi çalışır. Amma yenə də onların gələcəkdə siyasətlə maraqlanacaqlarına inanmıram. Lakin idmançılarımızdan kimsə ola bilər. Məsələn, Rafael Ağayev, Elnur Məmmədli, Fərid Mansurov 1-2 il ərzində siyasətlə məşğul ola, idman nazirini əvəz edə və ya öz şəhərlərinin meri ola bilərlər".
"Mənim fikrimcə, bu, Rəşad Sadıqov ola bilər"
Qafqazinfo.az saytının idman müxbiri Elsevər Məmmədov düşünür ki, Azərbaycanın Kaladzesi Rəşad Sadıqovdur: "Rəşad Azərbaycanda mükəmməl xarakterə malik futbolçudur. Yəni o xarakterdə ikinci bir adam görə bilməzsən. Azərbaycan futbolunda belə bir şəxsiyyət yoxdur. Onun futbolda, meydanda göstərdiyi keyfiyyətlər sübut edir ki, Rəşad Sadıqov idarəçi ola bilər. Bu səbəbdən də düşünürəm ki, Kaladze kimi o da hər hansı vəzifəyə gətirilsə, layiqincə öhdəsindən gələr".
"Bizimkilərin beyinlərini qəlyanxanaların tüstüsü bürüyüb"
Yeniçağ.az saytının idman müxbiri Emin Səfərov deyir ki, azərbaycanlı futbolçuların intellektual səviyyəsi elə də yüksək deyil: "Ümumiyyətlə, onların arasında yüksək savada malik olanların sayı çox azdır. Fikirləri 5-10 il futbol oynayıb, pul qazanıb, obyekt açıb, dolanışıqlarını təmin etməkdən ibarətdir. Belə durumda isə bizim futbolçular arasından Kaxa Kaladze kimi siyasi arenaya yüksələcək birinin olacağı heç inandırıcı deyil. Təbii ki, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov istisnadır. Fikrimcə, R.Sadıqovun futbolçu bacarığı yüksək olduğu kimi, digər xüsusiyyətləri də tələblərə artıqlaması ilə cavab verir. Mənə görə, Rəşad AFFA prezidenti olsa, bu vəzifənin öhdəsindən Rövnəq Abdullayevdən daha yaxşı gələr. Ən azından bu sahəyə bələddir, nəyi, necə etmək lazım olduğunu da bilir. İkinci bir şəxsin Azərbaycanın Kaladzesi ola biləcəyini düşünmürəm. Çünki bizimkilərin beyinlərini qəlyanxanaların tüstüsü bürüyüb".
Məhəmməd Türkmən,
Musavat.com






