- Asim bəy, daxil olduğunuz nümayəndə heyətinin ABŞ-dan hakimiyyətə dəstək istəməyə getdiyini yazdı. Bu barədə nə deyə bilərsiniz?
- Səfərin əsas məqsədi Azərbaycan-Amerika dostluq, tərəfdaşlıq və hətta müttəfiqlik münasibətlərinin inkişafını, genişləndirilməsi idi. Son vaxtlar Azərbaycan-Amerika münasibətləri sadəcə ABŞ-ın mərkəzi hakimiyyət orqanları ilə deyil, bir sıra ştatlar, şəhərlərlə münasibətlərin inkişafını əhatə edir. ABŞ-ın bir sıra senatlarında görüşlər keçirmişik və ABŞ-ın artıq 12-dən çox ştatı Xocalı ilə bağlı qətnamə qəbul edib. Bizim Nəsimi seçki dairəmizlə ABŞ-ın tanınmış şəhəri olan Sandiyeqo şəhərinin mərkəz dairəsi ilə qardaşlaşıb. Lənkəran şəhəri Monterey şəhəri ilə qardaşlaşma barədə qərar verib, biz bu mərasimdə də iştirak etmişdik, Lənkəranla bağlı müvafiq abidə ucaldılıb. Əsas məsələ ölkələrimiz arasındakı münasibətlər, qarşılıqlı maraqlar və Azərbaycanın çox çətin bir bölgədə rol oynamasıdır. O ki qaldı Azərbaycan-Amerika münasibətləri ilə bağlı təhlükəsizlik sahəsində olan məsələlər, son səfərdə də bu, müzakirə mövzusu oldu. İlk növbədə söhbət Azərbaycana qarşı hansısa terror hədələri və hətta bu istiqamətdə cəhdlərdən gedir. Bundan başqa Rusiya artıq öz strateji planlarını açıqlayıb və bu planlar yeni formada Sovet İttifaqını bərpa etmək və hansısa birliklər yaratmaqdan ibarətdir. Təbii olaraq ABŞ hər zaman Azərbaycanın müstəqilliyinə dəstək verdiyinə görə Amerika ictimaiyyətinin də diqqəti bu istiqamətdəki proseslərə cəlb olunmuşdu. Biz Koliforniya Senatının dəvəti ilə Koliforniya ştatına səfər etmişdik. Bu ştatda da erməni icması uzun illərdir yaşayır və Azərbaycana, Türkiyəyə qarşı əməllərini davam etdirir. Azərbaycan nümayəndə heyətinin Kolforniyada görüşlər keçirib ölkəmizin mövqeyini çatdırması Azərbaycan üçün çox önəmli idi.
- Səfərin rəsmi tərəfləri ilə bağlı kifayət qədər məlumatlar yayıldı. Ancaq istərdik ki, səfərin görünməyən tərəflərindən danışaq. Daha çox müzakirəyə səbəb olan budur ki, sizin də yer aldığınız nümayəndə heyəti hakimiyyətə Amerikadan dəstək almaq üçün çağırışlar edib. Səməd Seyidovun dediyi “bizi sendviç kimi sıxırlar”, sizin “mənim prezidentim təzyiq altındadır” kimi fikirlər birmənalı qarşılanmadı.
- Səməd bəyin sözləri nədənsə mənim sözlərim kimi ifadə olunmuşdu. Yəqin ki, jurnalist səhvidir. Ancaq bizim məqsədimiz Azərbaycana dəstək qazanmaq idi, hansısa bir hakimiyyətə yox. Məqsəd Azərbaycanın müstəqilliyinə, həyata keçirdiyi ümumi strategiyaya və münaqişənin həlli ilə bağlı olan məsələlərə dəstək qazanmaq idi. Səməd bəyin sendviç barəsində dediyi ifadələr də ilk növbədə Azərbaycana Rusiya və İrandan olan təzyiqlərlə bağlı idi. Bu təzyiqlərin əsas səbəbi də Azərbaycanın antiterror koalisiyasının fəal üzvü olması, ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlığıdır. Bu mənada Azərbaycana olan təzyiqlərlə bağlı ABŞ ictimaiyyətini və siyasətçilərini məlumatlandırmaq üçün fikir mübadiləsi aparıldı. Çıxışımda mən də İranın Azərbaycandakı ABŞ səfirliyi və bir sıra tanınmış siyasətçilərə qarşı terror həyata keçirtmək cəhdi, hətta hansısa bir ayətullahın Azərbaycanda radikal-dünyəvi yazıçının qətlini öz üzərinə götürməsi barədə ABŞ ictimaiyyətini məlumatlandırdıq.
- Ancaq Bakıda bu görüşlərin fərqli yozumu oldu. Hətta politoloq Ərəstun Oruclu artıq Amerikanın göz yaşlarına inanmadığını bildirdi. Hesab olunur ki, İran və Rusiyanın təzyiqləri barədə deyilənlər seçkiqabağı situasiyada ABŞ-ın dəstəyini almaq üçün düşünülmüş planın tərkib hissəsidir. Doğrudanmı bu səfərin seçki və hakimiyyəti dəstəklə heç bir əlaqəsi yox idi? Bu seçki ilində ABŞ-ın hakimiyyətə və seçkiyə hansı münasibətin şahidi oldunuz?
- Amerikada Azərbaycana çox müsbət münasibət gördüm. ABŞ Azərbaycanla əməkdaşlığa və Azərbaycanın həyata keçirdiyi strategiyaya çox ciddi dəstək verir. Bu, həm təhlükəsizlik sahəsinə aid olan məsələləri əhatə edir, həm Azərbaycanın enerji strategiyası ABŞ-ın bölgədə apardığı siyasətlə üst-üstə düşür. Bu istiqamətdə də ABŞ Azərbaycana öz dəstəyini davam etdirəcək. Ən əsas məsələ odur ki, ABŞ Azərbaycanın müstəqilliyini qorumaq üçün, bu istiqamətdə Azərbaycana qarşı olan hər bir təzyiqə öz dəstəyini verəcək.
- Bu dəstək mövcud hakimiyyətə də veriləcəkmi?
- ABŞ Azərbaycanda öz strategiyasını demokratiyanın inkişafı, demokratik dövlət quruculuğu istiqamətində davam etdirəcək. Mən sizin dediyiniz şərhçilərin ölkəmizin daxili siyasəti ilə bağlı dedikləri ilə razılaşmıram. Çünki ilk növbədə bu səfər məhz Azərbaycanın xarici siyasəti, enerji strategiyası və Azərbaycanın bölgədə oynadığı rola həsr olunmuşdu, əsas fikir mübadiləsi də bu istiqamətdə aparıldı. Daxili siyasətlə bağlı hansısa müzakirələr olmadı.
- Gələn məlumatlardan biri də budur ki, Vaşinqtonda Azərbaycanda demokratiya və söz azadlığının vəziyyəti ilə bağlı sizə kifayət qədər çətin suallar verilib...
- Belə suallar verilmədi, amma mənim özümün bu barədə çıxışım oldu. Mən Azərbaycanda məhz söz azadlığının, demokratik inkişafın zərurəti və ölkənin postsovet təsirlərindən qurtulması üçün demokratik islahatlara ehtiyac olduğunu qeyd elədim. Təəssüf ki, “Turan”ın əməkdaşı nədənsə mənim sözlərimi ictimaiyyətə çatdırmayıb.
- Bakıda Amerikanın Milli Demokratiya İnstitutunu (MDİ) “facebook inqilabı” hazırlamaqda ittiham edib ona təzyiqlər göstərir. Yəqin ki, MDİ ilə bağlı sizə də suallar verildi.
- Yox, bununla bağlı hansısa fikir mübadiləsi aparılmadı və belə suallar da olmadı.
- Ancaq maraqlısı odur ki, hakimiyyət bir tərəfdən Rusiya və İran təhlükəsindən qorunmaq Vaşinqtondan dəstək istəyir, eyni anda da ABŞ-ın burdakı təsisatına təzyiq edir. Bu siyasət nəyə hesablanıb?
- Mən ABŞ-ın Azərbaycandakı tanınmış institutlarının - söhbət MDİ-dən və çox təəssüf ki, maliyyə problemlərindən fəaliyyəti dayandırılan Beynəlxalq Respublikaçılar İnstitutundan (BRİ) gedir - ölkəmizdəki fəaliyyətinin demokratiyanın inkişafına xidmət etdiyini düşünürəm və bu əməkdaşlığı zəruri sayıram. Bizim partiya həm MDİ ilə əməkdaşlıq edir, həm də bundan öncə ölkədə olan BRİ ilə əməkdaşlığımız var idi. Bu əməkdaşlığın çox mühüm bir sahəsi gənc liderləri yetişdirməklə bağlı idi və biz bu istiqamətdə əməkdaşlığımızı davam etdirməyi çox zəruri sayırıq. Hakimiyyət nümayəndələrindən kimlərinsə bu istiqamətdə açıqlamalarına gəldikdə, istənilən açıqlamanın arxasında faktlar dayanmalıdır və nəticələr şəffaflıq mühitində həm Azərbaycan, həm də Amerika ictimaiyyətinə çatdırılmalıdır, təbii ki, hansısa problemlər varsa.
- Siz bu nümayəndə heyətində hansı statusla yer almışdınız?
- Mən uzun illərdir ABŞ-Azərbaycan dostluq qrupunun üzvüyəm. Bununla yanaşı, ABŞ-ın bir sıra ştatlarındakı dostluq qrupları ilə şəxsən münasibətlərim var. Yəni mən ənənəvi qaydada bu kimi görüşlərdə iştirak edirəm. Bu heyətdə parlament çoxluğunu YAP-çılar, parlament azlığını isə mən təmsil edirdim.
- Ancaq hesab olunur ki, parlament müxalifətindən söhbət gedirsə, ABŞ Dövlət Departamenti bu statusda yalnız İqbal Ağazadəni tanıyıb.
- Bəlkə siz belə hesab edirsiniz, Amerikada belə bir fikir yoxdur.
- Sizi orda müxalifət kimi qəbul edirdilər?
- Bəli. Dövlət Departamentinin hansısa qrupları dediyiniz mövqedə ola bilər. Hər kəs özünə xoş gələn şərhlər verir.
- Görüşlərə müxalifətçi kimi qatılmışdınızsa, siz Azərbaycandakı həbslər, sərbəst toplaşmaya məhdudiyyət və digər problemlərlə bağlı danışdınızmı?
- Təbii ki, mövqeyim oldu. Belə bir görüşü Con-Hopkins Universiteti təşkil etdi. Mən orda da dedim ki, ölkədə mütləq sərbəst toplaşma ilə bağlı qərarlar verilməli, hamının qəbul etdiyi müvafiq yerlər ayrılmalıdır. Hamı bilməlidir ki, öz fikirlərini icazə istəmədən hansısa ünvanda azad ifadə edə bilər. Təəssüflə bildirdim ki, Bakı şəhərinin rəhbərliyi indiyə qədər hamını qane edən yerləri ayırmayıb, bu da çox ciddi narazılığa səbəb olub. ANS, “Xəzər”TV, AzTV-dən həmin videoçəkilişləri ala bilsəniz mənim nə dediyimi görərsiniz.
- Sizin dediklərinizə Səməd Seyidovun münasibəti necə oldu?
- Narazılığını bildirdi, mənim fikrimlə razı olmadı. Bizim aramızda daxili siyasət, korrupsiya ilə bağlı ciddi fikirayrılığımız var. Biz dərin və ciddi demokratik islahatların tərəfdarıyıq. Təbii ki, Azərbaycan-Ermənistan münaqişəsi və Azərbaycanın xarici siyasəti ilə bağlı bizim aramızda ciddi fikirayrılığı yoxdur.
- Amerikada qarşıdakı seçkilərə münasibət necədir?
- Amerikanı maraqlandıran əsas məsələ ölkədə demokratik proseslərin həyata keçirilməsidir. Bizim də istəyimiz seçkilərin demokratik keçirilməsidir.
- Yəni bu dəfə antidemokratik seçki olarsa, ABŞ-ın Azərbaycana münasibəti fərqli ola bilər?
- ABŞ-ın Azərbaycana münasibəti üç əsas şaxəli siyasətdən ibarətdir. Birinci istiqamət Azərbaycanın müstəqilliyinin qorunması, ölkədə sabitlik və münaqişələrin həllindən ibarətdir. İkinci strateji istiqamət enerji sistemləri, nəqliyyat, Şərq-Qərb dəhlizinin inkişafı və üçüncü istiqamət Azərbaycanda demokratik islahatlar, ölkənin demokratik ölkə kimi inkişafıdır.
Özü də sıralanma yerinə baxmayaraq, burada hər bir istiqamət ABŞ üçün önəm kəsb edir.
- Bu səfərdən sonra hakimiyyətə nə məsləhət görərdiniz?
- Biz hakimiyyətdən hər zaman tələb etmişik ki, siyasi-iqtisadi islahatlar çox dərin həyata keçirilməlidir, ələlxüsus xırda və orta sahibkarların hüquqlarının genişlənməsi, məmur özbaşınalığı, korrupsiyanın qarşısının alınması istiqamətində işlər çox ciddi, strateji və sistemli xarakter almalıdır. Bunlar ölkəmizin inkişafı üçün çox zəruri amillərdir. Ancaq biz nədənsə həmişə hesab edirik ki, bir böyük qardaşımız olmalıdır. Azərbaycan müstəqil olmalıdır və böyük qardaşlar zamanı keçib. Bizə böyük qardaş lazım deyil, müttəfiq və tərəfdaş lazımdır. ABŞ ştatlarında Xocalı ilə bağlı qətnamələri də ölkəmizin, dövlətimizin, xalqımızın uğuru sayıram.
- Azərbaycanın milli maraqlarına uyğun addımlar atan Amerikanın bunun qarşılığında istəyi nədir?
- Yeganə istəyi budur ki, Azərbaycan inkişaf etsin, demokratik dövlət olsun, Amerikanın etibarlı müttəfiqi olsun. Bir məsələni də qeyd edim ki, bizim bir sıra tədbirlərimiz Azərbaycan-Türkiyə-Amerika əməkdaşlığı çərçivəsində həyata keçirilirdi. Vaşinqtonda böyük türk qurultayı keçirildi və bu qurultayda həm Türkiyənin, həm də Qırğızıstan, Qazaxıstan, Azərbaycanın nümayəndələri, millət vəkilləri iştirak edirdi, bu istiqamətdə də işlər davam etdirilməlidir. Ona görə də türk dünyasının mədəni rəngarəngliyi də ABŞ-da daim diqqətə çatdırılmalıdır. Çünki türk dünyasının önəmi, geniş şaxəli, böyük bir potensiala malik olması ABŞ-ın da maraqlarına uyğundur. Bunu tədbirdə iştirak edən bir sıra amerikan senator, konqresmenlər, hökumət nümayəndələri də vurğuladılar.






