Bakıda avtoyuma məntəqəsində çalışan şəxs icazəsiz götürdüyü maşınla qəza törədib. Qəza nəticəsində bir nəfər ölüb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəşad Cabbarovun cinayət işi üzrə məhkəmə araşdırması baş tutub.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, mərhumun ailə üzvləri ondan şikayətçidir. Həmçinin o da məlum olub ki, qəzada iştirak edən avtobus qalmaqallı marşrut xəttinə aid imiş.
Məhkəmə iclasında Rəşad Cabbarov ifadə verərək bildirib ki, qəza törətdiyi avtomobil özünə məxsus olmayıb. O, avtoyuma məntəqəsində işləyib. Maşın isə yuyulmaq üçün məntəqəyə təhvil verilib: “Maşın “Rent a car”ın (avtomobil icarəsi) idi. Götürüb sürdüm, bu hadisə oldu”.
Təqsirləndirilən şəxs hadisə yerindən qaçmasını isə həmin vaxt qorxmasıyla izah edib.
Prosesdə qəza nəticəsində dünyasını dəyişən Taleh Aslanovun qardaşı zərərçəkmişin hüquqi varisi qismində ifadə verərək deyib ki, Rəşad Cabbarovdan şikayətçidir.
Onun sözlərinə görə, Rəşad Cabbarov istintaq dövründə bir neçə ay həbsdə olmayıb, lakin o müddətdə nə özü, nə də yaxınları gəlib onlara üzrxahlıq edib: “Onu kənd uşağı kimi tanımışıq. Biz də bilirik ki, bu, qəsd deyil. Məni yandıran odur ki, bu qədər vaxtda nə özü gəlib dedi ki, başınıza belə iş gəldi, nə də bir adamı. Heç olmasa, qadınlar gələydi, bir üzrxahlıq edəydilər. Anamın 76 yaşı var, onun üçün çox ağır faciədir. Özünün üç körpə uşağı qalıb. Mən o uşaqlara nə cavab verim?”.
Təqsirləndirilən Rəşad Cabbarovun hadisə yerindən qaçması, yaralıya yardım göstərməməsi də mərhumun yaxınlarını qəzəbləndirib.
Məhkəmə araşdırması davam edir.
İlkin Muradov
Musavat.com






