İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bizi maraqlandıran əsas problem Azərbaycanın Xankəndində suveren haqlarının bərpasıdır"-Qafar Çaxmaqlı

937 09.05.2021 14:02 Siyasət A A

 

"Sergey Lavrovun son zamanlar qeyri-fəal olmasını ehtimal ki, Putin istəyib və danışıqlar prosesində Rusiya prezidentinin xətti açıq görünməkdədir". 

Politoloq Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a Rusiya XİN rəhbərinin Bakıya gözlənilən səfəri haqda danışarkən bildirib. Onun sözlərinə görə, prezident Putin Ermənistanın 10 noyabr sazişindən kənara çıxmasını heç cür qəbul etmir və Lavrovu da bu məqsədlə bölgəyə göndərir:

"Lavrovun Bakıdakı təmasları İrəvanda apardığının davamı olacaq. Əsas kommunikasiya xətlərinin açılması, Zəngəzur dəhlizinin tikintisidir ki, Rusiya bunda maraqlıdır və Ermənistanda bəzi dairələrin bu işin baş tutmamasına çalışmasını yaxşı bilir. Narahatçılıq doğuran və Azərbaycan cəmiyyətini maraqlandıran məsələlərdən biri Laçın koridoru ilə bağlı  məsələdir.

Azərbaycan Rusiya ilə birgə buraya nəzarət etmək fikrini Rusiya rəsmilərinə bildirib.  Azərbaycan ərazisinə xarici ölkələrdən gəlib-gedənlərin rus sülhməramlılarının razılığı ilə gəlib - getməsi Azərbaycanın suveren hüquqlarına ziddir.  Ehtimal ki, ermənilər də nəzarət mexanizminin içində yer almaq istəyəcəklər. Amma  hələlik bu qəbul edilə bilməz.  Zəngəzur dəhlizi açılandan sonra bu məsələyə baxmaq olar".

 Q.Çaxmaqlının fikrincə,  Rusiya rəsmisinin bu səfərində şübhəsiz ki, "İsgəndər" raketi ilə bağlı məsələ, Minsk qrupunun fəaliyyəti ilə əlaqədar Azərbaycanın mövqeyinin nədən ibarət olduğu, erməni terrorçuları problemi müzakirə edilə bilər: "Bizi maraqlandıran əsas problem Azərbaycanın Xankəndində suveren haqlarının bərpasıdır. Müəyyən zaman çərçivəsində  Rusiyanın buna mane olmaq imkanları məhdudlaşa bilər.

Əlbəttə, Türkiyə diplomatik olaraq da bu işə daxil olmalıdır Rusiyanın özü də Minsk qrupunun fəallaşmasının tərəfdarı deyil, çünki bu, Rusiyanın bölgədəki varlığını  önəmli ölçüdə azalda bilər. Minsk qrupuna münasibətdə Azərbaycanla Rusiyanın mövqeyində ortaq nöqtələr var. Biz Minsk qrupuna israrla Türkiyəni təklif etməliyik. Ermənistan bunu istəmirsə, biz də Fransanı istəmiriksə, demək Minsk qrupu iflic duruma gəlib və status məsələsi də qaldırıla bilməz. Bundan istifadə etməliyik".

Elşad,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR