İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizi ermənilərlə birləşdirən “dəyər”

2096 09.05.2019 09:20 Yazarlar A A

Bu gün mayın 9-u alman faşizmi üzərində qələbənin 74-cü ildönümüdür. Ancaq Hitler Almaniyası İkinci Dünya müharibəsinin yekununda darmadağın olsa da, əfsus ki, dünyada faşizm təhlükəsi hələ sovuşmayıb. Söhbət heç də Avropada son illər boy verməkdə olan ultramillətçi, ksenofobik qüvvələrdən getmir. Daha təhlükəlisi var.

Bir az yaxına gələk. Məsələ ondadır ki, bizim bədnam qonşumuz Ermənistan, faktiki, İkinci Dünya savaşından sonra neofaşizmin əməlli-başlı çiçəkləndiyi məkan sayıla bilər. Günün nonsensi də odur ki, bu gün Azərbaycan torpaqlarında faşistlər kimi etnik təmizləmə aparmış, Xocalı soyqırımı kimi insanlığın üz qarası olan vəhşiliyi törətmiş və Ermənistanı monoetnik dövlətə çevirmiş qonşu ermənilər də bizim kimi “Qələbə günü”nü qeyd edirlər. 9 May bizi ermənilərlə birləşdirən “dəyər” imiş. Amma... tələsməyək.

Əvvəla, ermənilər bunu “el xətrinə”, bir az da ağaları Rusiyadan ehtiyatlanaraq edirlər. Bununla belə, ilyarım öncə, eks-prezident Serj Sərkisyanın dövründə hətta Rusiyaya da məhəl qoymadan İrəvanın mərkəzində faşist əlaltısı, erməni Qaregin Njdeyə abidə ucaltdılar. O vaxt rəsmi Moskva XİN mətbuat katibi Mariya Zaxarovanın dili ilə buna kəskin reaksiya verdi. Lakin abidə hələ də öz yerindədir.

Əslində Xocalı soyqırımı törətmiş bir millətin paytaxt şəhərində faşist ünsürünə abidə qoyulması, faşisti özünə rəğbət subyekti seçməsi məntiqlidir. Sözgəlişi, iki gün öncə Rusiya XİN-in 9 may qələbəsinin ildönümü ilə bağlı yaydığı hesabatda abidəyə bir daha sərt etiraz yer alıb. Hesabata görə, Gürcüstan və Azərbaycanda isə “3-cu Reyx”lə əməkdaşlıq edənlərin qəhrəmanlaşdırılmasına dair heç bir fakt qeydə alınmayıb.

Hələ Ermənistan Rusiyanın vassalı, nökəri statusunda özünü belə aparır, gör Allah eləməmiş, Azərbaycan kimi müstəqil güc olsaydı, hansı hoqqalardan çıxardılar. Yəqin ki, Hitlerə də İrəvanın mərkəzində heykəl qoyardılar...

İndi guya Ermənistanın yeni rəhbəri Nikol Paşinyan demokrat birisidir, başqa millətlərə qarşı daha tolerant ermənidir. Ancaq bir neçə gün öncə onun birbaşa rüsxəti və istəyi ilə erməni terrorçusu və ASALA üzvü - ötən əsrin 70-ci illərində ABŞ-ın Los-Anceles şəhərində iki türk diplomatını qətlə yetirmiş Qurgen Yanikyanın nəşi İrəvana gətirilərək təntənəli şəkildə təzədən dəfn olundu.

Yəni terrora, terrorçuya növbəti dəfə açıq rəğbət, türk millətinə açıq nifrət təzahürü!!

Bu qələti heç Xocalı hərbi caniləri - Serj Sərkisyan və Robert Köçəryan da etməmişdilər. Biz də bu adamdan torpaqlarımızı dinc yolla geri alacağımızı umuruq. Necə deyərlər, “İlanın ağına (Paşinyan) da lənət, qarasına -  (Köçəryan-Sərkisyana) da”.

Özümüzü aldatmayaq: Ermənistanın yeni hakimiyyəti də köhnələrlə eyni məfkurəni bölüşür. Bu da türklərə (oxu: azərbaycanlılara), insana, insanlığa nifrətdən, faşist-terror ideologiyasına sayğıdan ibarətdir. Odur ki, başımıza, Qarabağımıza ayrı çarə axtaraq. Faşizm üzərində qələbə təcrübəsi bizə əslində onu yetərincə aydın şəkildə işarə verir - güc tətbiqi...

74 il öncə, 9 may 1945-ci ildə alman faşizminin kökü kəsildi. Alman xalqı buna görə bəşəriyyətdən üzr də istədi, yəhudilərə böyük məbləğdə təzminat da ödədi. Amma erməni faşizmi dünyanın gözü qarşısında sanki dirçəliş dövrünü yaşayır. İrəvanda faşistə abidə ucaldılır, terrorçunun nəşi gətirilərək təntənəli şəkildə dəfn edilir. XXI əsrdə!!

Görəsən, niyə? Ona görə ki, erməni faşizminin hədəfi yalnız türk-müsəlmanlardır?..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR