İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bizi Bakıya qaytarın, kompensasiya verin...” - növbəti həyasızlıq

10312 08.07.2023 09:32 Siyasət A A

Ermənilər bu saxta müraciətlə son aylar fəallaşan Qərbi Azərbaycan İcmasının fəaliyyətini əngəlləmək istəyirlər

Azərbaycandan-Naxçıvandan və Qarabağdan qaçqın və məcburi köçkün ermənilər dünya birliyinə çağırış ediblər. Erməni nəşrlərinin məlumatına görə, bütün erməni qaçqınlar və məcburi köçkünlər dünya birliyindən “ləyaqətli və təhlükəsiz könüllü qayıtmaq” hüququnun həyata keçirilməsinə dəstək vermək, geri qayıtmalarını və onların təhlükəsizliyini təmin etmək mexanizmlərini işləyib hazırlamasını istəyirlər.

Ermənilər daha da irəli gedərək həyasızcasına “qaçqınların və onların övladlarının itirilmiş əmlaklarına görə kompensasiyaların ödənilməsi üçün Azərbaycanı öz öhdəliklərini yerinə yetirməyə məcbur etmək” lazımlığını vurğulayıblar.  

Ermənilərin bu saxta müraciəti əlbəttə ki, Azərbaycan hökumətinin son aylar Qərbi Azərbaycan İcmasına yönəlik diqqəti ilə birbaşa bağlıdır. Ermənistan 1987-1991-ci illərdə bütün azərbaycanlıları öz ərazisindən qovmuş, Ermənistandan 300 minə yaxın azərbaycanlı qaçqın düşmüşdü. Ötən həftə Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə geri qayıtması üçün dinc dialoqa çağırışlarına məhəl qoymayan Paşinyan iqtidarını qınayan bəyanat vermişdi.  Qərbi Azərbaycan İcmasının az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, qəbul etdiyi sənədlər xüsusi əhəmiyyət kəsb edir. Bu sənədlər içərisində indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmalarının təmin edilməsi barədə qəbul edilmiş konsepsiya - Qayıdış Konsepsiyası mühüm yer tutur. Belə ki, bu konsepsiyanın birinci bəndində (girişdə) rəsmi olaraq Qərbi Azərbaycan İcmasının əsas məqsədinin Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının bərpası ilə məşğul olduğu önə çəkilməklə bərabər, eyni zamanda indiki Ermənistan ərazisindən zorla deportasiya edilmiş azərbaycanlıların doğma yurdlarına qayıtmaları üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri müəyyən edilir. Burada haqlı olaraq o da bildirilir ki, Qayıdış Konsepsiyası beynəlxalq hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Ermənilər neçə vaxt idi ki, QAİ ilə bağlı narahatlıqlarını bildirirdilər. İndi isə ermənilər daha da irəli gedərək geri qayıtmaqla bağlı qarşılıqlı iddia qaldırmağa təşəbbüs göstərir, bununla da QAİ-nin fəaliyyətinin genişləndirilməsinin qarşısını almağı hədəfləyirlər. Bununla nəyəsə nail ola biləcəklərmi?

hikmet.jpg (238 KB)

Hikmət Babaoğlu

Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, ermənilərin Azərbaycana və Naxçıvana qayıdışla bağlı beynəlxalq institutlar qarşısında qaldırmağa cəhd etdikləri uydurma məsələlər  əsası olmayan qeyri-real iddialardır: “Ona görə ki, birincisi, Azərbaycanın heç bir ərazisi heç bir vaxt ermənilərin tarixi-etnik vətəni olmayıb. İkincisi, ermənilərə qarşı heç vaxt Azərbaycan ərazisində soyqırımı və etnik təmizləmə siyasəti aparılmayıb. Üçüncüsu, ermənilərin Azərbaycan ərazisindən rəsmi olaraq deportasiya edilməsi ilə bağlı heç vaxt SSRİ nazirlər sovetinin qərarı olmayıb. Ona görə də ermənilərin özlərini nə tarixi, nə də hüquqi kontekstdə  qərbi azərbaycanlılarla  müqayisə etmələri əsla mümkün deyil. Üstəlik, bu gün Azərbaycan ərazisində hazırda ermənilər yaşadığı halda, Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır. Ona görə də ermənilərin bu iddiaları yersiz və əsassızdır. İrəvan şəhəri başda olmaqla, ermənilərə dövlət qurmaq üçün Azərbaycan Xalq  Cümhuriyyətinin 9 min kv.km torpaq verməsi isə faktdır və bununla bağlı rəsmi sənədlər mövcuddur. Hər şeyi kənara qoysaq, təkcə bu sənəd bizə haqq verir ki, bu gün öz torpaqlarımızı geri qaytarmaq barədə addımlar ataq. Ancaq Azərbaycan bunu etmir. Sadəcə, Qərbi Azərbaycanda, öz tarixi vətənlərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmış azərbaycanlıların Ermənistan vətəndaşı kimi təhlükəsiz və ləyaqətli şəkildə öz yurd-yuvasına qayıtmasını tələb edir. Qarabağda hazırda yaşayan ermənilər isə Azərbaycan qanunları ilə yaşamaq istəmirlər. Fərq çox bariz şəkildə ortadadır. Ona görə də ermənilərin iddiaları heç bir qurum tərəfindən ciddi qəbul edilə bilməz və edilməməlidir. Biz isə öz torpaqlarımıza qayıdacağıq”.

İranda iğtişaşlar bitmir - molla rejimi 2023-dən salamat çıxa biləcəkmi -  rəy

Oktay Qasımov

Politoloq Oktay Qasımov isə bildirdi ki, özünü Naxçıvan və Qarabağdan köçmüş ermənilərin nümayəndəsi kimi təqdim eləyərək həmin müraciətə imza atan ermənilər, əlbəttə, Ermənistan hakimiyyəti tərəfindən yönləndirilən qrupdur: “Ermənistan son dövrlər daha çox Azərbaycanın atdığı bəzi addımları təqlid etməklə məşğuldur. O cümlədən bu müraciət də keçən il yaradılan və yaradıldığı qısa müddətdə hərtərəfli konseptual fəaliyyət ortaya qoyan Qərbi Azərbaycan İcmasına sanki bir alternativ kimi düşünülür. Belə ki, Qərbi Azərbaycan İcması, qeyd etdiyimiz kimi, yarandığı müddətdə qayıdış konsepsiyasını ictimaiyyətə təqdim edərək eyni zamanda qərbi azərbaycanlıların hüquqları ilə bağlı məsələni müxtəlif mötəbər beynəlxalq təşkilatlarda, həmçinin BMT-də yaymağa nail oldu, bu məsələni beynəlxalq gündəmə çıxara bildi. Bu da Ermənistanı narahat etməkdədir. Biz bu narahatlığı izləməkdəyik. Həmin mənasız müraciəti imzalayan ermənilər Qərbi Azərbaycandan zorla deportasiya edilmiş və etnik təmizləməyə məruz qalmış azərbaycanlılardan fərqli olaraq Azərbaycan ərazisindən zorla deportasiya edilməyib. Azərbaycan ərazisində yaşayan ermənilər köçərkən öz mənzillərini, mülklərini ya dəyişiblər, ya da onu sataraq vəsaitlər əldə edərək köçüb gediblər. Onların hansısa mülklə bağlı iddia qaldırmasının da hüquqi əsası yoxdur. Onların iddialarının nəticəsi ola bilməz. Sadəcə olaraq, ermənilərin addımı psixoloji savaş, təbliğat mahiyyət daşıyır. Bunun Azərbaycana, Qərbi Azərbaycan İcmasının fəaliyyətinə hansısa mənfi yöndən təsir edəcəyini düşünmürəm".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR