İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bizi Avropaya yaxınlaşdıran islahatların aparılması zəruridir”- Fazil Mustafa

1671 18.01.2019 21:31 Siyasət A A

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun qış sessiyasında iştirak etmək üçün yanvarın 20-dən Fransanın Strasburq şəhərində səfərdə olacaqlar.

Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyev daxildirlər. Qış sessiyası yanvarın 21-də işə başlayacaq və 5 gün davam edəcək. Öncə təşkilati məsələlərə baxılacaq, qurumun yeni rəhbərliyi seçiləcək. Sessiya çərçivəsində Nazirlər Komitəsinin iclası olacaq, AŞPA-nın hazırkı baş katibi T.Yaqland çıxış edəcək.

AŞPA-nın plenar iclaslarında Gürcüstanda keçirilmiş prezident, Ermənistanda isə parlament seçkilərinin müşahidəsi ilə bağlı müzakirələr aparılacaq. Avropa Şurası ölkələrində referendum prosedurlarının yenilənməsi, demokratik seçkilər üçün media azadlığının əsas şərtləri, yalan məlumat ötürmə və təbliğetmənin ifşasında ictimai medianın rolu, milli azlıqların hüquqlarının qorunması və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq. Avropa insan hüquqları Konvensiyası ilə şəriət qanunlarının uyğunluğu mövzusuna həsr olunan müzakirədə “AŞ üzvü olan dövlətlər Qahirə deklarasiyasını imzalaya bilərmi?” sualı ətrafında polemika aparılacaq. Modern.az-ın məlumatına görə, Milli Məclisin deputatları müzakirələrdə fəal iştirak edəcək, baxılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər. Səfər yanvarın 27-də başa çatacaq.

Maraqlıdır, sessiyada Azərbaycanla bağlı hansısa müzakirələr gözlənilirmi?

Deputat Fazil Mustafa “Yeni Müsavat”a dedi ki, AŞ PA-nın bu sesiyasından əsasən yeni prezidentin seçkisi və digər strukturların yenidən formalaşdırılması proseduru nəzərdə tutulur: “Azərbaycanla bağlı hər hansı fundamental məslənin ayrıca müzakirəsi gündəlikdə yoxdur. Müəyyən epizodlarda bizim ölkə ilə bağlı da fikirlər səsləndirilə bilər, ancaq hansısa qərarın qəbul olunması ehtimalı demək olar ki, yoxdur”.

Bir neçə gün əvvəl Avropa Parlamenti ölkəmizə qarşı qətnamə qəbul etdi. Ümumən Azərbaycana qarşı beynəlxalq təşkilatların əlinə fürsət verilməməsi, yaxud dövlətimiz əleyhinə təzyiq rıçaqlarından istifadə olunmaması üçün hansı addımlar atılması üçün ölkə daxilində hansı istiqamətdə islahatların həyata keçirilməsi zəruri sayılır? F.Mustafa: “Ölkə daxilində bütün sahələrdə Avropa standartlarına bizləri yaxınlaşdıran islahatların aparılmasını zəruri sayıram. İlk növbədə ölkədə məhkəmə ədalətinin real məzmun almasını, mülkiyyət qəsbçiliyinin qarşısının alınmasını və inhisarçılıq elementlərindən yaxa qurtarılmasını önə çəkərdim”.

Qeyd edək ki, bu il Azərbaycan və Avropa İttifaqı arasında sazişin imzalanacağı gözlənilir. Bir sıra hallarda məhbuslarla bağlı problemlərdən Azərbaycana qarşı istifadə olunur, arqument kimi düşmənin işinə yarayır. Bu mənada ölkədə münasibətləri sıfırdan başlamaq, bədxahlarımıza bəhanə verməmək üçün böyük amnistiya, yaxud əfvin verilməsi istiqamətində addımlar gözləniləndirmi?

Deputat bildirdi ki, Avropa İttifaqı ilə əlaqələr bizim üçün yenə də prioritet siyasi kurs olaraq qalmaqdadır və bundan sonra da qalmalıdır: “Söhbət yalnız bir dünya nəhəngi ilə hansısa formada əməkdaşlıq bağlarından deyil, bilavasitə faydalı modern dəyərlərin mənimsənilməsindən gedir. Vaxtilə Avropaya qapalı sərhədlər əngəlinə görə çıxışımız olmayanda Rusiya mədəni mühitindən qazanılan dəyərlər nə dərəcədə bizim tərəqqimizə faydalı olmuşdursa, indi bu faydalılığı əlçatan Avropa dəyərlərindən mənimsəməyə çalışmalıyıq. Bu səbəbdən də Avropa İttifaqı ilə bağlanan hər bir sənədin mühüm önəmi var. “Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu” deyimində olduğu kimi, əgər əməkdaşlıq üçün addımlar atmağı vacib hesab ediriksə, o halda hər hansı bəhanələrə də rəvac verməmək barədə ciddi düşünməliyik. Mən də bu cür bəhanələrə nöqtə qoyacaq humanist addımın atılmasını çox arzulayıram”.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR