İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizə təzədən “Amerika” açmaq istəyən Amerika – erməniyə “ayı xidməti” bitmədi?

1464 27.11.2021 13:41 Yazarlar A A

Yaxşı deyiblər, kömək edə bilmirsənsə, barı əl-ayağa dolaşma. İndi bəzi Qərb paytaxtları da. Guya az qala gecə-gündüz bölgəmizdə ədalətli və daimi sülhə çalışırlar. Amma həmin sülhü Əfqanıstanda, İraqda, Suriyada necə bərqərar elədilər və edirlər, hamı gördü və görür. Eləcə də qardaş Türkiyəyə regionda hansı tələləri qurdular və qururlar, bu da gün kimi ortada.

Gəldik mətləbə.

“Qarabağ münaqişəsi dövlət katibi Entoni Blinkenin dekabrın 1-də ATƏT-in Nazirlər Şurasının iclasında vurğulayacağı mövzulardan biri olacaq”.

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfried bildirib (Turan). Dünənki Soçi görüşündən az sonra.

“Dövlət katibi Rusiyanın Ukraynanın şərqində davam edən təcavüzü və Ukrayna və Gürcüstanın suveren ərazilərinin işğalı, Qarabağ münaqişəsi, o cümlədən Belarusdakı hadisələrlə bağlı xüsusi narahatlığını ifadə edəcək”, - Donfried deyib.

“Biz dövlətlər arasında suverenlik və ərazi bütövlüyünə və dövlətlər daxilində əsas müddəalara hörmət edən hərtərəfli təhlükəsizlik konsepsiyasına dəstəyimizi bir daha təsdiq edəcəyik”.

Bunu da “xala xətrinə” Departament rəsmisi bildirib. Guya “suverenlik və ərazi bütövlüyünə hörmət” anlayışı altında ABŞ Azərbaycanı da nəzərdə tutur. Ancaq buna necə inanaq ki, Ukraynaya, Gürcüstana gələndə konkret işğalçıya - Rusiyaya işarə edildiyi halda, Azərbaycana gələndə ötən 30 ildə olduğu kimi, yenə Ermənistanın adı çəkilmir, yalnız “Qarabağ münaqişəsi” ifadəsi işlədilir?! Sanki söhbət Azərbaycan daxilində konfliktdən, “artsax”-Bakı qarşıdurmasından gedir və Vətən müharibəsini də biz işğalçı Ermənistana qarşı yox, mifik “artsax”a qarşı aparmışıq.

Halbuki Qarabağ münaqişəsi böyük ölçüdə tarixdə qalıb. İndi əsas məsələ, hədəf Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması olmalıdır. Əgər Qərb, özəlliklə ABŞ səmimi şəkildə sülh və sabitlikdə maraqlıdırsa, öncə buna çalışmalıdır, nəinki olmayan münaqişə barədə harada gəldi moizə oxumaq, ağıl öyrətmək, “qaşınmayan yerdən qan çıxarmaq”.

Bu siyasət sözsüz ki, ən əvvəl Vaşinqtonun regionun açar ölkəsi Azərbaycandakı imicinin əleyhinə işləyir. Amma vaxt vardı daha çox Rusiya Qarabağla bağlı neqativ imicə malik idi. İndi yerlər elə bil, dəyişib – Rusiyanı ABŞ əvəzləyib. Ermənistan adında “gəzəyən bacısı” olan Fransanı isə ümumiyyətlə demirik.

Səbəblərə toxunduq. 44 günlük müharibə olduğu kimi, ondan sonrakı dönəmdə də rəsmi Moskva Azərbaycana münasibətdə Qərbdən daha ədalətli davranır. Əlbəttə, Rusiyadan və onun sülhməramlı kontingentindən ciddi narazılığımız var. Ancaq Moskva heç olmasa, status məsələsini hər addımda gözümüzə soxmur. “Gələcəyin işidir” deyir. Ona qədər isə inşallah, yerdə qalan ərazilərimizi də öz yurisdiksiyamıza qaytararıq. Böyük qayıdışın bir hədəfi məhz bundan ötrü möhkəm iqtisadi-sosial, psixoloji zəmin hazırlamaqdır...

Bu da diqqətçəkicidir ki, dünənki Soçi görüşü zamanı Putin faktiki “Qarabağ münaqişəsi” ifadəsini işlətmədi. İmzalanan yekun bəyanatda da belə söz birləşməsi yoxdur, əksinə, sərhədlərin tezliklə delimitasiyasına başlamaq zərurəti vurğulanır ki, bu da sülh sazişini tezləşdirəcək.

“Gecikmədən sərhədləri müəyyənləşdirmək, yekun sülh müqaviləsi bağlamaq lazımdır”. Bunu da Soçidə Putin söylədi. Yenə təsadüfi deyil, çünki bu, həmin Putindir ki, 10 noyabr üçtərəfli sənəd imzalanandan az sonra Rusiya telekanallarının birinə müsahibəsində demişdi: “Ümid edirəm, bir daha Dağlıq Qarabağ münaqişəsi ifadəsini işlətməyəcəyik”. Amma siz Qərbin mövqeyinə baxın. “İt əl çəkdi, motal əl çəkmədi”.

Yaxud ABŞ-ın ölkəmizdəki səfiri Erl Litzenberqer. O gün Bakıda keçirilən “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” konfransında çıxışı zamanı Qarabağda uydurma “erməni dini-mədəni irsi”ndən narahatlıq ifadə edib. Xeyir ola? Bu adam, yəni səfir hələ bir dəfə olsun, işğaldan azad edilən ərazilərimizə baş çəkməyib ki, vəhşi erməni qəbiləsinin dini-mədəni irsimizi necə darmadağın elədiyini öz gözləri ilə görsün!

İndi o Kremlin münasibəti, bu da bizə təzədən “Amerika” açmaq istəyən Amerikanın. Əslində, bu, müharibələrin əldən salıb miskin günə qoyduğu erməni xalqına “ayı xidməti”dən savayı bir şey deyil. Ermənilər münaqişədən bezdi, havadarları bezmədi...

Zahid SƏFƏROĞLU

Erməni ilə barışıq? – Nə vaxtsa ola bilər, bağışlamaq – Əsla!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR