İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizdən olub, bizimlə olmayan qardaşlarımız: İraq türkmənləri

3376 28.10.2016 00:35 Ölkə A A
İraq türkmənlərinin dünəni, bu günü

Son günlərin ən ağrılı mövzularından biri də İraq türkmənləri, onların acıncaqlı durumudur. Məsələ ondadır ki, Yaxın Şərqin əksər ölkələrində indi terror və müharibə gedir. Ancaq İraq türkmənləri köməksiz vəziyyətdə, ağır şərtlər altına, qətliam və köçürülməyə məruz qalan toplumdur. Digər etnik qrupların müəyyən mənada dəstəyi və təşkilatlanmış gücləri olsa da, türkmənlər bölgədə böyük etnik qrup olmalarına rəğmən bütün hüquqlarından məhrumdur. 

İraq türkmənləri indi həm də Azərbaycandan yardım gözləyirlər. Çünki bu bölgədə hər kəs onları həm də Azərbaycan türkləri kimi tanıyır. Ləhcə, mədəniyyət və ən əsası tarixi etnik qohumluq əlaqələri baxımından İraq türkləri – türkmənlər Azərbaycan türklərinə ən yaxın etnik qrupdur. Kərkük, Urmiya, Təbriz və Bakı ədəbi xətti hətta sovet illərində belə qorunub saxlanıb. Azərbaycandan İraqa və Kərkükdən Azərbaycana ədəbi əlaqələr vardı.

iraq türkmənləri ile ilgili görsel sonucu

Qeyd edək ki, hazırda İraq əhalisinin (təxmini məlumatlara əsasən 37 milyondan bir qədər çox) 8 faizə qədərini və ya 3 milyona yaxınını etnik türklər, yaxud da türkmənlər təşkil edir. Türkmənlər tarixən indiki İraqın şimal ərazilərində - Mosul, Kərkük, Telafer, Tuzhurmatı, Altınkörpü, Kifra, Karatepe, Hanekin və digər şəhərlərdə məskunlaşıb. Bu ərazi tarixi Ninyeva (yaxud da Ninova) əyalətinin əraziləridir. Hətta Bağdada yaxın bölgələrdə də türkmən əraziləri var. Ancaq son 100 ildə etnik sistemin dağılması, müharibələr nəticəsində türkmənlərin bir qismi xarici ölkələrə (İran, Türkiyə, Avropa ölkələri) və böyük bir qismi isə Bağdad, Kərbəla, Nəcəf, Bəsrə, Ərbil kimi şəhərlərə köçüb. Əsrin əvvəllərində İraqın şimal ərazilərində türkmənlər və kürdlər çoxluqda olsa da, sonrakı illərdə ərəbləşmə nəticəsində xüsusən Mosul və Kərkükdə türkmənlər azlıq qrupa çevrilib. 

irak türkmen göçü ile ilgili görsel sonucu

Türkmənlər müsəlmandırlar, bir qismi şiə, bir qismi isə sünni məzhəbinə mənsubdur. 1959-cu il İraq Konstitusiyasında İraq türkləri türkmənlər olaraq adlandırılıb. Türkmənlərin İraqa yerləşdirilməsi müasir Türkiyə tarixçilərinə görə, 7-ci əsrin sonlarına təsadüf edir. Ancaq bir sıra araşdırmalara görə, İraqda türk tayfalarının varlığı daha qədim dövrlərə gedib çıxır. Çünki eramızdan əvvəlki tarixdə o bölgədə türk tayfaları mövcud olmuş və onların ilkin dövlətləri də olub. İraq türkmənlərinin tarixinin 7-ci əsrə bağlanması İraqda ərəb millətçi zabitlərin hakimiyyətə gəlişi illərində aparılan siyasətlə əlaqədardır. 1958-ci ildə respublikaya çevrilən İraqda Əbdülkərim Qasimin hakimiyyəti zamanı türkmənlərin “gəlmə” olduğu, Orta Asiyadan gələrək İraqa yerləşdirildiyi tezisi irəli sürülüb. 

Bu iddianı gücləndirən arqument kimi İraqın şimalına türk (türkmən) tayfalarının 674-cü ildə Əməvi sülaləsinin hakimiyyəti illərində Orta Asiyaya göndərilmiş müsəlman ordusuna Buxara savaşında dəstək verən türk tayfalarının sonadan ordu ilə birlikdə İraqa gətirilməsi göstərilir. Hətta ilk gələnlərin Bəsrə ətrafına yerləşdirilmiş 2000 türk döyüşçü olması haqqında da bilgilər var. 

Sonrakı illərdə türklər Abbasi xəlifələrinin əsas silahlı qüvvələrini təşkil edib. Bağdadın inşasından sonra türklər üçün ayrıca yaşayış massivi salınıb. 11-ci əsrdə İraq əraziləri Səlcuqların, daha sonra isə Ağqoyunlu, Səfəvi və nəhayət Osmanlı dövlətinin tərkibində olub. Osmanlı dövlətinin süqutundan sonra İraq Britaniya ordusu tərəfindən işğal olunur və Britaniya mandatı ilə idarə olunur. 

osmanlı türkmen ile ilgili görsel sonucu

Qeyd edək ki, Osmanlı dövləti zamanında İraq vahid bir inzibati bölgə deyil, Bəsrə, Bağdad və Mosul əyalətlərindən ibarət olub. Hər 3 vilayətə ayrıca valilər rəhbərlik edib. Ancaq 1921-ci ildə ingilislərin dəstəklədiyi Faysal bin Hüseyn (Məkkə şərifi Hüseynin oğlu) İraqın kralı elan olunur. 1932-ci ildə isə İraq formal olaraq müstəqilliyini elan edir. İraq krallığı 1958-ci ildə Əbdülkərim Qasimin rəhbərlik etdiyi çevriliş nəticəsində devrilir və ölkədə Nasir təsiri altında olan respublika qurulur. 

Ancaq bütün bu prosesdə, xüsusən də Osmanlının dağılması, Türkiyədə respublikanın qurulması prosesində Atatürk Mosul vilayətinin Türkiyəyə birləşdirilməsi (əhalisinin böyük çoxluğunun türkmən olması burda əsas arqumentlərdən biri idi – K.R) üçün çalışsa da, nəticədə Britaniya Mosulun İraqın tərkibində qalmasına nail olur. Mosulun Türkiyəyə birləşdirilməsi məqsədilə 1921-ci ildə başladılmış üsyan isə Britaniya aviasiyasının bombardmanları nəticəsində dağıdılır, çoxlu sayda türkmən öldürülür və ya qaçqın düşür. Bununla da sonrakı illərdə tədricən Mosulda ərəb və kürd əhalinin sayı artmağa, türkmənlərin isə sayı azalmağa başlayır. Mosulun ərəbləşdirilməsinin bir səbəbi də 1921-ci il Mosul üsyanı olub. Türkiyənin bölgədə etnik təsir gücünün zəiflədilməsi.

Sonrakı illərdə İraq ağır hərbi çevrilişlər və müharibələr dövrü yaşadı və bu durum türkmən əhaliyə də ağır zərbə oldu. Suriyada olduğu kimi İraqda da türkmənlər Türkiyə ilə təbii bağlar səbəbindən siyasi və mədəni haqlarını tam olaraq ala bilmədilər. Türkmənlərin təşkilatlana bilməməsi, Türkiyənin qorxusu səbəbindən Bağdad türkmənləri sıxışdırıb. Bu səbəbdən də İraqın şimalında böyük sayda türkmən etnik qrupu kürdlər qədər təşkilatlana və siyasi-sosial haqlarını ala bilmədilər. 1971-ci ildə İraqın yeni konstitusiyasında kürdlərə muxtariyyət verilsə də, türkmənlər siyasi haqlarını ala bilmədilər. 

türkmen silah ile ilgili görsel sonucu

Yalnız 1990-cı illərdə Türkiyə dövləti İraq türkmənlərinə təşkilatlanması, hətta silahlı dəstələrini yaratması üçün ciddi dəstək verdi. Ancaq Amerika işğalı ilə türkmənlərin mövqeyi yenidən zəiflədi, Ərbil mərkəzli kürd administrasiyası İraqın şimalında faktiki olaraq hakimiyyəti ələ aldı. İŞİD-in Mosulu işğalı ilə türkmənlər Amerika işğalında olduğundan daha ağır qətliama məruz qaldılar, çox hissəsi şimal bölgələrini tərk edərək ya ölkənin mərkəzinə və cənuba, ya da xaricə qaçdı. Hazırda Amerika işğalından sonrakı dövrdə gedən türkmən torpaqlarının kürd və ərəb tayfaları arasında bölüşdürülməsi nəticəsində türkmənlər Şimali İraqın neftlə zəngin bölgələrində torpaqlarını faktiki olaraq itiriblər. 

Son illərdə Yaxın Şərqdə davam edən məzhəb ayrılığı səbəbilə İraq türkmənlərinin bir qismini Türkiyə (sünni türkmənlər, İraq Türkmən Cəbhəsi), digər qismini isə İran (şiə türkmənlər) və Bağdad dəstəkləyir. Ancaq bu dəstəklər yalnız humanitar və ya qismən də təhülkəsizlik dəstəyidir. Türkmənlərin İraqda siyasi hüquqlar əldə etməsi, ən azı mədəni muxtariyyətə sahib olması mövzusu hələ ki, gündəmdə deyil.


Kənan Rövşənoğlu
Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR