İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz yaxın illərdə ABŞ-Rusiya arasında tamaşanın şahidi olacayıq” – ekspert

2084 01.07.2020 20:13 Siyasət A A

Rusiyada keçirilən ümumxalq referendumuna və Putinin sonrakı planlarına Azərbaycandan ilginc baxışlar; Rusiya lideri 2036-cı ilədək hakimiyyətdə qalmağı hədəfləyir

İyulun 1-də Rusiyada konstitusiya dəyişiklikləri ilə əlaqədar ümumxalq referendumu keçirildi. Qeyd edək ki, ölkə əhalisi hələ iyunun 25-dən səsvermədə iştirak etmək imkanı əldə etmişdi.

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, iyunun 25-dən 30-a kimi Moskva və Nijeqorod vilayətinin sakinləri üçün həm də elektron məsafəli səsvermə imkanı yaradılmışdı. Lakin vətəndaşlardan heç bir ərizə yazmaq tələb olunmur, onların seçki məntəqələrinə gəlməsi və səs vermək arzusunda olduğunu bildirməsi kifayətdir. MSK sədri Ella Panfilova bütün ölkə üzrə 96,5 mindən çox seçki məntəqəsinin açılacağını söyləmişdi. Bildirmişdi ki, Moskvada 3600-dən çox məntəqə fəaliyyət göstərəcək. Koronavirus pandemiyasına görə, bu ilin aprelin 22-də keçirilməsi planlaşdırılan ümumxalq səsverməsinin vaxtı iyulun ilk günü ilə dəyişdirilmişdi.

Səsverməyə çıxarılan əsas məsələ Rusiya prezidenti Vladimir  Putinə növbəti dəfə seçilmək imkanının verilməsi ilə bağlıdır. Hələlik səsvermənin nəticələri məlum olmasa da, hər kəs bu suala cavab axtarır: Putin ömürlük prezidentliyi mümkün olacaqmı? Bir müddət əvvəl Çeçenistan prezidenti Kadırov da bu təklifdə bulunmuşdu. Maraqlıdır, dünyanın başının koronavirusa qarışdığı vaxt, Putin bu layihəni reallaşdıra biləcəkmi?

Hikmət Hacızadə: 'Rusiyaya göstərmək istəyir ki...'

Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a dedi ki, Putinin ömürlər prezident olacağına inanmir: “Amma hər halda bir iki müddət o vəzifədə qala biləcək”. Belə olan halda politoloq Putin Rusiyası ilə Qərb arasında konfrantasiyanın qaçılmaz olacağı qənaətindədir: “Əlbəttə, Putin bu kursu davam etdirsə, yeni sanksiyalar və boykotlarla qarşılaşacaq. Bu isə axırda Rusiyanı çökdürə bilər”.

Elxan Şahinoğlu: “Türkiyə və Rusiya gərginlik yaradacaq ...

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Rusiyada referendum böyük ehtimalla prezident Vladimir Putinin xeyrinə nəticələnəcək və o, 2036-cı ilə qədər, yəni əlavə 16 il də Kremldə oturacaq: “Rusiyanın keçmiş prezidenti Boris Yeltsin Putini əvvəlcə 1999-cu ildə baş nazir, sonra isə öz yerinə təyin etdi. Bundan sonra Putin 2000-ci il president seçkisində qələbə çaldı. Putin bu müddətdə prezidenti kürsüsünü sadəcə 4 illiyinə dostu Dmitriy Medvedyevə təhvil verdi. Buna baxmayaraq, Putin 4 illik baş nazirliyi dövründə də faktiki ölkənin sahibi idi. Misal üçün Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı müharibəsində Putinin birbaşa rolu var idi. Medvedyev zəif fiqur idi. Yəni Putin faktiki 20 ildir hakimiyyətdədir, bunun üstünə növbəti 16 il də əlavə etsək, bu 36 il olacaq”.

E.Şahinoğlu qeyd etdi ki, Rusiyanın və SSRİ-nin tarixində heç bir şəxs bu müddətdə hakimiyyətdə olmayıb: “Putin yenə rekorda doğru irəriləmək istəyir”.

Politoloq bildirdi ki, Çeçenistanın rəhbəri Ramzan Kadırovun “Putin ömürlük prezident olsun” fikri yeni deyil: “O, bir neçə dəfə bu təklifini səsləndirib. Belə baxanda 36 il prezidentlik elə ömürlük hakimiyyət deməkdir. Kadırovun açıqlamasından Rusiya üçün başqa bir təhlükə var. Kadırov açıqlamasında belə bir cümlə işlədib: “Rusiyada Putini əvəz edəcək şəxs yoxdur”.

Məsələyə Kadırovun məntiqi ilə yanaşsaq, bir gün Putin hansısa səbəbdən olmasa, Rusiyanı böyük təhlükələr gözləyəcək. Bu yanaşma Çeçenistana da aiddir. Ramzan Kadırov Putinlə dostdur və ona tabedir. Ancaq gələcəkdə Kremldə Putin yox bir başqası otursa Kadırov ona tabe olacaqmı? Rusiyada idarəetmə oturuşmuş sistemə deyil şəxsi sədaqəti bağlıdır. Bu isə Rusiya üçün gələcəkdə böyük təhlükələr vəd edir”.

Rusiya Dnestri Moldovaya verməyə hazırdır, əvəzində... -

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə “Yeni Müsavat”a dedi ki, Rusiyada 1 iyulda baş tutan Konstitusiyaya dəyişikliklər haqqında referndum kifayət qədər ciddi məsələdir: “Bir çoxları Konstitusiyaya dəyişikliklərini  Rusiya prezidentinin 2024 –cü ildən sonra hakimiyyətdə qalmaq ambisiyası ilə əlaqələndirirlər. Lakin, məsələ təkcə bu deyil.  Konstitusiyada bir çox məsələlər öz əksini tapıb. Bundan əvvəlki Yeltsin dövründə qəbul edilmiş Konstitusiya demək olar kı, Fransa və ABŞ konstitusiyalarının rus dilinə tərcüməsi idi və orada müxtəlif  bölmələr o zaman Qərbin köməyi ilə tərtib edilmişdir. Lakin, biz son zamanlar Rusiyanın Qərbin orbitrindən çıxdığının və Avrasiyaçılığa qayıdışının şahidiyik. Sözsüz ki, son dövrlər bütün dünyada baş  verən hadisələr göstərir ki, SSR-nin çöküşündən sonra beynəlxalq əlaqələr sistemində yaranmış birqütblü sistem artıq aktual deyil və dünya çoxvektorlu  beynəlxalq münasibətlər sisteminə doğru irəliləməkdədir. Sözsüz ki, ABŞ və ümumilikdə anqlo-saks sisteminin qurmuş olduğu sistem və Frensis Fukuyamanın 1991 –ci ildə qeyd etdiyi “Tarixin sonu və liberalizmin qələbəsi” kimi qeyd etdiyi beynəlxalq münasibətlər sistemi öz böhranını keçirməkdədir”. Z.Məmmədovun fikrincə, dünyanın bir mərkəzdən idarə edilməsinə ən böyük zərbələrdən birini də Rusiyanın indiki prezidenti vurdu: “Biz artıq dünyada Çin, Rusiya, Almaniya, Fransa, Braziliya, Türkiyə, Hindistan kimi dövlətlərin diktə edilən tərəfdaş deyil, bərabərhüquqlu tərəfdaş olmaq istiqamətində attıqları addımların şahidiyik”.

O ki qaldı, Kadırovun Putinlə bağlı bəyanatına, politoloqun sözlərinə görə, Ramzan Kadırov özü də bilir ki, onun siyasi karyerası birbaşa olaraq Rusiyada hakimiyyətdə kimin olmasından asılı olan məsələdir: “Əslində Putinin yaşını nəzərə alsaq, görərik ki, əgər 2024 –cü ildən sonra növbəti dəfə o, hakimiyyətdə qalarsa, bu,  faktiki olaraq elə kifayət qədər zamanı əhatə edəcək. Etiraf etməliyik ki, müasir Rusiyanın siyasi çəkisinin artması, onun xarici siyasət davranışlarındakı uğurlar birbaşa olaraq Putinin adı ilə bağlıdır.  Biz 1990 –cu illərdə Rusiyanın daxili və xarici siyasətinin hansı vəziyyətdə olmasını unutmamalıyıq. Demoqrafik vəziyyəti bərbad,  sosial – iqtisadi böhran dövrünü yaşayan Rusiya məhz 2000 –ci illərdən etibarən özünə gəlməyə və keçmiş gücünü bərpa etməyə başladı”.

Z.Məmmədov digər məqama da diqqət çəkdi: “Yeri gəlmişkən, Rusiyada bu gün baş tutan referendumla bağlı digər maraqlı məqam dünyada yeni nizamın qurulması və dünyanın var –dövlətinin, eyni zamanda coğrafiyasının yenidən bölüşdürülməsi ilə bağlıdır. Görünən odur kı, bu gün planetar gücə sahib olan ailələr və qruplar bu Konstitusiya dəyişikliklərini dəstəkləyir. Nə qədər paradoksal səslənsə də.  Səsvermə ilə bağlı Avropa İttifaqı, Avropa Şurası, Venesiya Komissiyasının da demək olar kı, səssiz davranışı mənim bu sözlərimi dəstəkləyir. Yaxın 2 ildən sonra Rusiyanın ətrafında yeni sistemin qurulması başa çatacaq və çox güman kı, Rusiyaya bəzi qonşu dövlətlərin de –fakto Moskvanın qəfəsi altına keçməsi yekunkalaşacaq.  Anqlo-sakslar tərəfindən Çinin sıradan çıxarılmasından sonra biz yaxın illərdə ABŞ -Rusiya arasında tamaşanın şahidi olacayıq”.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR