İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz bölgənin İsveçrəsi olmalıyıq” – Zahid Orucdan sensasion açıqlamalar

3201 05.09.2014 17:30 Ölkə A A

Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də keçirilib. ABŞ hökumətinin təşəbbüsü ilə keçirilən görüş nəticəsiz başa çatsa da, Uelsdə təşkil olunan təmas bir qədər əvvəl Rusiyanın təşkil etdiyi Soçi görüşünə alternativ də sayıla bilər. Ancaq hər şeydən öncə, Uels toplantısı Rusiyaya qarşı bir gediş idi. Azərbaycanın Qərb ölkələri klubunun toplantısında iştirak etməsi ölkəmizin strateji seçimi ilə bağlı məsələni yenidən gündəmə gətirir. Prezidentimizin Ulesdə Qərb liderləri ilə birlikdə müzakirələrə qatılması Azərbaycanın anti-Rusiya blokunda yer alması sayılırmı? Ümumiyyətlə, Azərbaycan hazırkı mürəkkəb beynəlxalq situasiyada hansı düşərgədə yer alacaq? 

Milli Məclisin deputatı Zahid Oruc prezident İlham Əliyevin NATO-nun sammitinə qatılmasını əhəmiyyətli hadisə hesab etsə də, deyir ki, bu, Azərbaycanın birmənalı olaraq Qərb koalisiyasında yer alması demək deyil: “Düşünürəm ki, burda həm illərlə davam edən münasibətləri nəzərə almalıyıq, əlaqələrimiz müəyyən bir fazaya qədər irəliləyib. Eyni zamanda, sammit  aparıcı dövlətlərin klubu olaraq mühüm məsələlərin müzakirə tribunasıdır. İkinci tərəfdən, burada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulmuşdu. Başqa bir məqam da var:  Azərbaycan buna qədərki dövrdə özünün ərazilərindən hər hansı üçüncü dövlətə qarşı cəbhə açmağa imkan verməyib. Dövlətimiz hansısa formatda yer alaraq, məlum siyasi konfrontasiyanın dərinləşməsində rol oynamayıb; əksinə hər zaman tənzimləmə məqamından çıxış edib. 

“Ukraynada Qərbin siyasəti çox tezliklə iflas olacaq; Putin istənilən halda sərhədlərinin yaxınlığında NATO təyyarələrini görmək istəməyəcək; Ukraynanın yaxın zamanlarda NATO-ya qəbulu qeyri-realdır” 


NATO-nun bizim ölkəmiz üzərindən Rusiyaya qarşı zərbə vurmaq planına  ümid varam ki, bizim ölkənin rəhbəri yox deyəcək. Biz şimal qonşumuza qarşı barrikada qurmaq, bu bölgədə for-post roluna girmək niyyətində deyilik. Üstəlik də, bu savaşın nə milli faydası yoxdur, nə də bölgə üçün əmin-amanıq vəd eləmir. NATO özü də Ukrayna məsələsində hərbi varianta əl atmanın sonucunu görməyəcəkdir. Ona görə də bizim üçün Rusiya ilə münasibətləri normal saxlamaq faydalıdır. 

Mən onsuz da Poroşenkonun siyasi taleyinin ağır olacağını proqnozlaşdırıram. Əgər o, beynəlxalq fitvaların eyforiyasında qalmaqda davam edəcəksə, o halda reallıq hissini tamam itirərək hərbi cəbhədə qələbə qazanmağın qeyri-mümkün olduğunu çox yaxın zamanda anlayacaq. Bu mənada Ukraynada Qərbin siyasəti çox tezliklə iflas olacaq. Putin istənilən halda sərhədlərinin yaxınlığında NATO təyyarələrini görmək istəməyəcək. Ukraynanın yaxın zamanlarda NATO-ya qəbulu qeyri-realdır. Hətta Gürcüstanın da üzvlüyü xeyli dərəcədə çətindir, Tiflisə əməkdaşlıq paketi təklif edə bildilər”.  

Z.Orucun fikrincə, Azərbaycan indi nə Qərb koalisiyasında, nə də Rusiyanın yanında yer almayıb. Deputat deyir ki, indi ən optimal yol tərəfsiz qalmaqdır: “Biz, əvvəla, sülh tərəfdarıyıq. Ukrayna ilə Rusiya savaşından fayda götürmək istəmirik və yaxud da Qərb-Rusiya qarşıdurmasında, sanksiya rejimindən özəl maraqlarımızı güdmürük. Eyni zamanda biz Ukrayna məsələsinin siyasi tənzimlənməsinin tərəfdarıyıq. Bizim bu cür görüşlərə qatılmağımız qəti şəkildə Qərb cəbhəsində yer almağımıza və “Normandiyaya silahlı qüvvə çıxarmaq” kimi İkinci Dünya Müharibəsinin məlum hadisəsi ilə eyniləşdirilə bilməz. Düşünürəm ki, Azərbaycan öz ərazilərindən Rusiyaya qarşı istifadə olunmasına imkan verməyəcək. 

“Ölkənin əsas strateji siyasət planlarını prezident İlham Əliyev bilir və həyata keçirir. Çünki əsas konfidensiallıq, bağlı qapılar arxasında irəli sürülən təkliflər, tələblər məhz ona bəllidir. Və onun Azərbaycan maraqlarını çox uğurla qorumasının şahidiyik” 


Mən şəxsən Böyük Britaniya və Türkiyənin İkinci Dünya savaşında tutduğu mövqenin 70 il sonra Azərbaycan üçün xarici siyasət kursu kimi düşünürəm. Lakin ölkənin əsas strateji siyasət planlarını prezident İlham Əliyev bilir və həyata keçirir. Çünki əsas konfidensiallıq, bağlı qapılar arxasında irəli sürülən təkliflər, tələblər məhz ona bəllidir. Və onun Azərbaycan maraqlarını çox uğurla qorumasının şahidiyik. Ancaq qeyd etdiyiniz kimi, seçim tələblərinə də bizim ölkəmizin optimal cavabları var. Ancaq mən başqa bir məqama toxunmaq istəyirəm. Biz bu gün Qərb cəbhəsində yer alıb hansı nailiyyəti əldə edəcəyimiz məntiqini inkişaf etdirənlər bizə bunun nəticəsini göstərə bilməyəcək. Yaxud da Ukrayna savaşında Rusiya tərəfində yer almaq da xeyli dərəcədə təhlükəlidir”. 

Zahid Oruc deyir ki, yaranmış situasiyada Azərbaycanın bloklara qoşulmaması ilə bağlı hərbi doktrinaya dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış etməyə hazırlaşır: “Mən şəxsən bu gün Azərbaycanın hərbi doktrinasının dəyişməsini təklif edirəm. Bu mövqedən də parlament iclaslarında çıxış edəcəm. Regional münasibətlərdə xeyli dəyişikliklər baş verib. Beynəlxalq müstəvidə yeni hadisələr, xüsusən də “İslam dövləti” (İŞİD) adlı radikal qruplaşma meydana çıxıb. Bizim hərbi doktrinada Azərbaycanın ən azı bir neçə il bloklara qoşulmayan bir dövlət olduğu ilə bağlı müddəanın əlavə olunmasını təklif edəcəm. Biz bu bölgənin İsveçrəsi olmalıyıq. 

“Neytrallıq bizə çox lazımdır. Mediada da neytral ifadələri görmək arzusundayam. “Separatçılar, terrorçular” və sair ifadələrə ehtiyac görmürəm. 1990-cı ildən bu yana Qarabağda vuruşan erməniləri Ukrayna mediası terrorçu adlandırıbmı?”


Müəyyən mənada neytrallıq bizə çox lazımdır. Mediada da neytral ifadələri görmək arzusundayam. “Separatçılar, terrorçular” və sair ifadələrə ehtiyac görmürəm. 1990-cı ildən bu yana Qarabağda vuruşan erməniləri Ukrayna mediası terrorçu adlandırıbmı? Hətta beynəlxalq təşkilatlarda belə Ukrayna ərazi bütövlüyümüzü tanımaqdan o yana əlahiddə addımlar atmayıb. Hesab edirəm ki, Poreşenko bu məsələdə ağır məğlubiyyətə uğrayacaq. Mən uzun müddət müxtəlif məsələlərə görə Rusiyanı tənqid edənlərdən biriyəm. 

Amma Rusiya ilə bağlı Azərbaycan siyasətçilərinə mane olan yeganə faktor tarixdir. 200 il əvvəl Gülüstan müqaviləsi bağlandı, 1990-cı ildə bunu etdilər və sair... Strasburq bu gün Fransadadır, almanlar da bununla barışdılar. Bizə hazırkı dövrdə Rusiya ilə ağıllı və ehtiyatlı siyasət lazımdır. Qərblə isə əlaqələrimiz davam edir. Müxtəlif məsələlərdə əməkdaşlıq edirik. Silahlı qüvvələrdə NATO standartlarına uyğunlaşma prosesi davam edir. Mən sizi inandırıram ki, nə Gürcüstan, nə də Ukrayna yaxın zamanlarda NATO-nun üzvü olası deyil. 14 il bu qurumun üzvü olan bir adam kimi deyirəm. Biz NATO ilə əlaqələrimizdə xeyli xəyal qırıqlığına uğradıq. Çünki bizi zərbələrin altında tək qoydular”.

Kənan Rövşənoğlu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR