İnsanlara hürriyət, millətlərə istiqlal!

Biz belə situasiyalara çox düşmüşük - azı 12 dəfə: 12 dəfə də çıxmışıq

1464 15.02.2020 09:10 Yazarlar A A

Biz belə situasiyalara çox düşmüşük - azı 12 dəfə.

İlk dəfə 1993-cü ildə təmsil olunduğumuz, təəssübünü çəkdiyimiz iqtidar komandası revanşist və mənsəbpərəst qüvvələrin birləşərək qiyam qaldırması nəticəsində devrildi, böyük məyusluq yaşandı.

O məğlubiyyətin ağrı-acısı, nəticələri və söz-söhbəti bu gün də davam edir. Aradan 27 il keçib, məğlubiyyət acısı hələ də keçməyib.

1995-ci ildə mənsubu olduğumuz siyasi qüvvəni ümumiyyətlə seçkiyə buraxmadılar. 1993-cü ilin təlatümündən, repressiv təqib-təzyiqlərdən çəkinməyərək Azərbaycan müxalifətinin onurğa sütununu qoruyub saxlamağa müvəffəq olmuş siyasi qüvvə kənarda qaldı.

Əvəzində keşməkeşli, qorxulu günlərdə ora-bura qaçmış, su dibinə, kölgəyə çəkilmiş, sazişlərə meyllənmiş siyasi qüvvə qaça-qaça mandat almağa getdi, parlamentə keçdi, o vaxtın Milli Məclisinin qırmızı örtüklü kreslolarında oturub “parlament müxalifəti” oldular. Bu adamlar sonradan başımıza “əqidəli dissident” kəsiləcəkdilər.

1998-ci ildə nə oyunlar getdisə, hələ də düz-əməlli baş aça bilməmişik. Guya ki, böyük bir müxalifət bloku yaradılmışdı, SİDSUH adlanırdı. Müxalifətin ən güclü vaxtında bu blok nədən seçkiləri boykot yolu tutdu, indi də tam anlaşılmır.

Əvəzində AMİP lideri Etibar Məmmədov seçkiyə getdi, 1993-cü ildə bərbad etdiyi reputasiyasını xeyli dərəcədə bərpa etdi, xalqdan heç vaxt görmədiyi qədər səs qazandı. İçində biz də olmaqla SİDSUH uduzmuş durumda qaldı.

2000-ci ildə keçirilən parlament seçkilərində mənsub olduğumuz siyasi qüvvə böyük uğur qazandı, amma reallaşdırmaq, səsləri mandata çevirmək mümkün olmadı. Niyə mümkün olmadığı bir kitablıq şərh tələb edir.

Eyni şey 2003-də keçirilən prezident seçkisində də baş verdi. Həmin il baş verən hadisələrin, gedən siyasi proseslərin təfərrüatları beş kitaba belə sığmaz. Əsas odur ki, yenə uduzmuş durumda qaldıq, sonda məğlubiyyət acısı yaşadıq. Həm də bununla bitmədi, dəstəklədiyimiz liderlər həbsxanaya düşdülər.

2005-ci ilin parlament seçkiləri fərqli ola bilərdi. Ancaq yenə də məkrli oyunlar oynanıldı. Gerçək müxalifətin gücündən yararlanmaq istəyən gizli saray müxalifəti öz oyununu oynadı, ifşa olundu, liderləri həbsə alındılar, saf müxalifətçilər isə seçkidən məğlub çıxdılar.

2008-ci ilin prezident seçkiləri o qədər sönük və intriqasız keçdi ki, bu saat bir epizodunu belə doğru-dürüst xatırlamaq olmur. Nəticə isə eyniydi: məğlubiyyət.

2010-cu ilin parlament seçkisi də fərqli olmadı. Seçkiyə qatıldıq, uduzdurulduq.

2013-cü ilin prezident seçkilərində “ya İbrahimbəyov, ya İbrahimbəyov” seçimi qarşısında qaldıq, şantaj edildik, axırda “ya Cəmil Həsənli, ya Cəmil Həsənli” hökmü qarşısında qaldıq. O da gedib öz kəndində belə uduzdu. Ya da uduzduruldu - artıq fərqi yoxdur.

2015-ci ildə keçirilən parlament seçkiləri fərqli olmadı, seçkiyə qatılmasaq da, uduzmuş durumda qaldıq.

2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində uduzmadıq, çünki qatılmamışdıq, amma eyni səbəbdən qazandığımız bir şey də olmadı.

2020-ci ilin 9 fevralında baş tutan parlament seçkiləri də belə oldu: qatıldıq, qalib olduq, müqavimətlə üzləşdik, nəticələr ləğv olundu. Hesab heç-heçə ilə bitdi, amma bu, bir tərəf üçün qələbəyə bərabər heç-heçədir, o biri tərəf üçün - əksinə.

Beləcə, ilk cümlədə dediyimiz kimi, bu hissi yaşadığımız ən azı 12-ci dəfədir. Bələdiyyə seçkilərində, referendumlarda üzləşdiyimiz pis nəticələri də nəzərə alsaq, bu müstəvidə xeyli təcrübəliyik. Artıq bizim üçün heç nə sürpriz və gözlənilməz deyil.

Siyasi yarışlarda uduzmaq, uduzdurulmaq bütün müxalifət qüvvələri üçün çoxdan adiləşib.

Amma göründüyü kimi, təkcə müxaliflər uduzmur, bəzən iqtidar adamları, yaxud iqtidar düşərgəsinə yaxınlaşmış namizədlər də uduzmuş durumda qalır.

Belə situasiyalarda əsas məsələ udub-uduzmaq deyil, ayaqda qalmaq, mövcudluğu qorumaq, siyasi yarışlara qatıla bilmək imkanına sahib olmaqdır. Mandatlar gəldi-gedərdir. Əsas bəziləri kimi birdəfəlik sıradan çıxmamaqdır.

İnşallah, sıradan çıxmarıq, yeni yarışlara qatılarıq. Şair demişkən, mübarizə bu gün də var, yarın da...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR