İnsanlara hürriyət, millətlərə istiqlal!

Bişkekdə tutulan Əsgərovun “avara”lığı

3554 24.03.2024 13:45 Yazarlar A A

 

Yəqin ki, xəbəriniz var: Bişkekdə beş “igid” həmvətənimizi tutublar. Onlar qardaş Qırğızıstanın kriminogen durumunu qaydaya salmağa gedibmişlər.

Bu barədə ilk xəbər erməni saytlarında çıxmışdı. Maraqlıdırlar axı, azərbaycanlıların adı pis işlərdə çəkilsin, bunlar da tirajlasınlar, hamı görsün ki, azərbaycanlılar pis millətdir, kriminala meyllidirlər. Ona görə də dedik, yəqin ermənilər feyk informasiya ilə bizimkiləri şərləyirlər.

Amma sonra qırğız saytlarına baxdıq, gördük, pahoo, kriminal ünsürlərimizi tutub üzüdivara oturdublar. Hamısı da, maxuda, cantaraq, bazburutlu kişilərdir.

Xəbərdə bizimkilərə qarşı irəli sürən ittihamnamə də vardı. Açığı, belə ittihama dünya praktikasında az-az rast gəlinir. Bir özünüz baxın: “Alınan əməliyyat məlumatlarına görə, Əsgərov kriminal aləmdə “avara” adlanan şəxs statusuna malikdir, o, kriminal mühiti gücləndirmək və oğru ideologiyasını yaymaq, habelə statusunu artırmaq məqsədilə öz şəxsi heyəti ilə Qırğızıstana gəlib”.

Kriminal aləmin ierarxiyasında “avara” pilləsi üçüncü ola, ya olmaya. Bundan əvvəl “vor”, daha sonra “avtoritet” var. Yəni Əsgərov oğru dünyasının generalı, polkovniki deyil, mayorudur və öz kapitanları ilə birlikdə Qırğızıstanın düzəni pozulmuş kriminal aləmində mühiti sağlamlaşdırmaq, gənc canilərin mənəvi-ideoloji tərbiyəsinə töhfə vermək, “oğru”ların zəifləmiş nüfuzunu bərpa etmək üçün, bir növ, ezamiyyətə gəlib.

Gerçəkdən də, son 6 ayda Qırğızıstanın kriminal təsərrüfatında hərc-mərclik baş alıb gedir, vahid rəhbərlik yoxdur, briqada və manqa başçıları işlərinin öhdəsindən gələ bilmirlər, məhsuldarlıq azalıb, boşdayanmalar artıb və s. Bu da postsoet məkanının digər mütəşəkkil cinayətkar qruplaşmalarında narahatlığa səbəb olur.

7e72067251f943ce956f551a9093654f.jpg (307 KB)

Xüsusilə də ötən ilin oktyabr ayının 5-də Bişkekdə xüsusi əməliyyat zamanı məşhur milyarder-“oğrubaşı” Kamçıbek Asanbekin (Kolbayev) öldürülməsindən sonra respublikanın yeraltı dünyasında deqradasiya hökm sürür.

Görünür, Əsgərov və onun dəstəsi qırğız qardaşları böhrandan xilas etmək üçün onlara öz yardım əllərini uzatmaq istəyiblər.

Bir iş var ki, qırğız kriminalları bu duruma salan ölkənin prezidenti Sadır Japarov və Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşıyevdir. General Taşıyev vəzifəsinin icrasına başlayanda ölkənin konstitusiyasına və dədəsi Kıdırşayın goruna and içib ki, bu ölkədə bandit dəstələri olmayacaq. Onun ilk ciddi işi adaşı Kamçı Kolbayevi zərərsizləşdirmək olub. Yəni bir ölkədə iki avtoritet Kamçı olmaz.

O vaxtdan bəridir Qırğızıstanın kriminal ünsürləri qisas aktı hazırlayırlar, “o iki qardaş”ı (Japarovla Taşıyevi) vurmaq istəyirlər, bu məqsədlə keçmiş SSRİ respublikalarındakı həmkarlarından kömək umurlar. Bir ara qazax və özbək avtoritetlər onlara köməyə getmişdilər, amma tezliklə aradan çıxmalı oldular. Belə anlaşılır ki, qırğızlara kömək etmək növbəsi bizimkilərdə imiş.

Ancaq düzünə qalsa, bizim kriminalların ölkə prezidentinə və onun sağ əli olan MTN şefinə qarşı sui-qəsd etməyə hazırlaşdıqlarına dair iddia bir elə də inandırıcı deyil. Bu, yekə işdir. Bunu yalnız böyük dövlətlərin xüsusi xidmət orqanları bacarar. Əldəki təsbeh ilə zirehli avtomobildə, 100 nəfərlik mühafizə ilə hərəkət edən prezidentə və nazirə nə etmək olar? Bu heç. Bu ittihamı qatlayaq qoyaq bir tərəfə.

Güman ki, bizimkilərin qırğız həmkarlarına köməyi elmi-metodiki planda olub, treninq səciyyəsi daşıyıb. Yəni bizimkilər onları başa salmağa çalışıblar ki, güc birlikdədir, konsolidasiyadadır. Ola bilər, Əsgərov onlara azad və qanuni seçki keçirərək yeni kriminal liderlərini seçmək barədə tövsiyə verib. Başqa versiyalar ağlabatan deyil.

İndi maraqlıdır ki, həmvətənlərimiz harada yaşayırmışlar, hansı ölkənin vətəndaşlarıdır və Bişkekə haradan gediblər. Buradan gediblərsə, bizim hökumət onları qaytarıb alacaq və Suriyaya döyüşə gedənlər kimi mühakimə edəcək. Yox, onlar başqa ölkələrin vətəndaşlarıdırsa, ta nə edə bilərik?

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR