İnsanlara hürriyət, millətlərə istiqlal!

Birlikdə Vətən dilimizi qoruyaq - Saleh Mehmet bəyə gecikmiş məktub

1410 20.09.2017 15:04 Ölkə A A

Musavat.com-un redaksiyasına bir yazı yollayıb. Yazı bir neçə ay əvvəl Azərbaycanın mətbu mühitində gedən bir müzakirəyə münasibətdir. Sabiq maliyyə naziri Saleh Məmmədov (Saleh Mehmet imzası ilə) dövlət dilinin statusu ilə bağlı bir müzakirə başlatmışdı; təklif edirdi ki, rus və ingilis dillərinə də dövlət dili statusu verək; o zaman buna kəskin münasibətlər oldu, bizim qəzet və saytlarımız da bu kəskin polemikalara meydan verdi...

Doğrusu, məhz zaman baxımından Almaz xanımın yazısı çox gecikib və onun yenidən diqqətə səbəb olması bir qədər çətindir. Lakin mövzu mühümdür – dilimizlə bağlıdır. Üstəlik, yazıda başqa mühüm və konseptual məsələlərə də toxunulub. Ona görə də dəyərli ziyalımız Almaz xanımın fikirlərinin oxuculara çatdırmaq qərarına gəldik:

****

Ədəbiyyat qəzetinin Ramazan bayramından sonrakı nömrəsini vərəq-ləyərkən diqqətimi S.Rüstəmxanlının «Saleh Mehmetin dövlət dili təklifinə münasibətim» adlı yazısı çəkdi. Yazını birnəfəsə oxudum və çox hiddətləndim. Hiddətləndim ki, bizim bu günümüzdə hələ də tarixin ibrət dərsini almayanlar, özü də ziyalı bir insan varmı, ola bilərmi? Doğrusu bu yazını yazmağa məni vadar edən bir məsələ oldu. Həm bu fikrin müəllifinə öz etirazımı bildirmək istədim, həm də fikirləşdim ki, qoy bilsinlər ki, dil məsələsində S.Rüstəmxanlı tək deyil. Mil¬yonlarla insanlar, qeyrətli ziyalılarımız var ki, S.Rüstəmxanlının fikirlərini nəinki bölüşür, hətta bu məsələ ilə bağlı mücadiləyə belə hazırdırlar.
Beləliklə, hörməli Saleh Mehmet bəyə bəzi məqamları açıqlamaq istəyirəm.

Bircə onu xatırlatmaq kifayətdir ki, Güney Azərbaycanda bir əsrdə baş verən dörd inqilabın başlanmasına səbəb dil məsələsi olub. Bir millətin dili yoxdursa, onun heç nəyi yoxdur. Çünki, xalqın varlığını, hətta onun dövlətini yaşadan onun dilidir. Cənubda olan soydaşlarımız dəfələrlə mili varlıqlarını yaşatmaq, var olduqlarını göstərmək üçün zaman-zaman inqilab etmişlər, bütün inqilabların da əsas ana xətti dil məsələsi olub. Əgər bu belə olmasaydı İran hakimiyyəti bir ovuc erməniyə məktəb açmağa, öz dil və mədəniyyətini inkişaf etdirməyə icazə verdiyi halda 35-40 milyonluq Azərbaycan türkünə bu imkanı nədən vermir? Bu onların söylədikləri kimi türkləri öz dindaşları hesab etdiklərindən deyil, onların bir millət olaraq özlərini dil vasitəsilə dərk edəcəklərindən qorxurlar.

Çünki dil bir millətin var olma şərtidir, analarımızın beşik başında bu dildə bizə oxuduğu laylalardır, hər bir millətin qürur mənbəyidir. Dünyada böyük dövlətlərin, imperatorluqların başçıları zəiflədiyi anda onların dilləri də özlərilə bərabər tarixin arxivlərinə gömülür. Yerli xalqın dili isə əbədi yaşayır.

Vətənin istiqlalını sevən, xalqına bağlı olan sizin kimi bir ziyalının dövlət dili məsələsində doğma ana dilimizə yad dilləri qoşmaq təklifini verəcəyinizi ağlına sığışdıra bilmirəm. Kimə aydın olmasa da hərəkat yolunu keçənlərə aydındır ki, istər çar Rusiyası, istərsə də Sovet imperiyası dövründə millətimizin dil məsələsində çəkdikləri aşağılayıcı müsibətlər hələ də unudulmayıb.

Hörmətli Saleh bəy! Sizin dillə bağlı düşüncələrinizdən çox gərgin və əsəbi olsam da bütün bunlara baxmayaraq, sizə bir ziyalı kimi hörmətim böyükdür. Öncə deyim ki, özümü dərk etdiyim gündən vətənimin azadlığı, istiq¬laliyyəti uğ¬runda mübarizəyə qoşulmuş, bu yolda əlimdən gələni də, gəlməyəni də millətimin, dövlətçiliyin əsasını təşkil edən dilim uğrunda mübarizə apar¬mışam, çox vaxt da bunun əziyyətini çəkmişəm. Onu da sizə deyim ki, artıq I kurs tələbəsi olarkən dilimizin sıxışdırıldığını, hücrələrə gömüldüyünü görmək bir gənc olaraq qəl¬bimdə şırımlar açmışdı. Çünki biz türk milləti olaraq son¬radan, başqa xalqların hesabına özümüzə mədəniyyət yaratmamışıq, bizim tariximizin və mədəniyyə¬ti¬mizin kökləri tarixin daha dərin qatlarına gedib çıxır.

Bizim başqalarının nə dillərinə, nə də tarixinə er¬mənilər kimi əl uzatma¬ğımıza ehtiyac yoxdur. Əgər siz bu gün Azərbaycan türkcəmizlə bərabər rus və ingilis dillərinin də dövlət dili kimi qəbul olun¬masını istəyirsinizsə, bir dönüb tariximizə müraciət edin. Qərəzsiz yazılan bütün tarixi mənbələrdə hətta başqa millətlərdən olanlar belə türklərin qəh¬rəmanlığından, onların fatehlik şöhrəti və əzəmətindən danışdıqları, onları kainatın əsl hökmranı olduqlarını qeyd etdikləri halda biz türklər özümüz öz qədr-qiymətimizi bilmədik.

Hər kəsə humanistlik göstərdik. Heç kimin dil və inancına toxunmadıq. Elə bu huma-nistliyin nəticəsi idi ki, uzaq Çinə qədər torpaqlarımız uzandı, Kir və Kistapsı diz çökməyə məcbur etdik, şimal elini, ucsuz-bucaqsız Rusiyanı, Moskvanı fəth etdik, Avropada, Asiyada və Afrikada böyük zəfərlər qazandıq, qədim və ulu babalarımız olan troyalılar – yəni qədim türklər Roma impe¬riyasını darmadağın etdi. Bir sözlə, dünyanın üç bir yanına hökmranlıq etdik. Əvəzində isə düşmənlər tariximizə, mədəniyyətimizə göz dikdi, dünən çörək verib səfa-lətdən qurtardıqlarımız bizə ağ oldular, cəhalət girdabından çıxardıq¬larımız bizə mədəniyyət və əxlaq dərsi keçməyə başladılar, dövlət və ordu qurmağı öyrətdiklərimiz zaman oldu ki, üzərimizə yeridilər.

Azərbaycan böyük babala-rımızın bizim üçün qoyub getdikləri bir türk məkanıdır. Bu gün 6 yerə bölünüb – parçalanmış vətən – Azərbaycan övladlarını haraylayıb köməyə çağırır. Hörmətli Saleh bəy! Siz necə düşünürsünüz, bu köməyə yetən, vətən üçün ölməyə hər an hazır olanlar kimlər ola bilər? Əlbəttə ki, ruhən millətinə, vətəninə təpədən-dırnağa kimi bağlı olanlar. Doğma dilində oxuyub yetişənlər, milli kökünə bağlı olanlar. Bir qədər yuxarıda tarixə qısa bir seyr etdim. Məgər bizim əcdadlarımız bu fatehliyi, qəhrəmanlığı edəndə rus və ingilis dilindəmi təhsil almışdılar, inanın belə olsaydı onlarda bu qəhrəmanlıq və təəssübkeşlik olmazdı.

Tarixdən məlumdur ki, türk dövləti olan Qaraxanlılar 900-cü ilin ortalarından başlayaraq sürətlə inkişaf etməyə başladı və nəticədə güclü bir imperatorluq yaratdı. Həmin imperatorluq yalnız siyasi və döyüşkənlik məqamından başqa elm və mədəniyyət sahəsində də böyük uğurlara imza atdı. Bu inkişafın nəticəsi idi ki, XI yüzillikdə Balasaqunlu Yusif Xas Nəsibin «Kutadqu biliq» və Mahmud Kaşqarlının «Divani-lüğət-it türk» kimi əsərləri meydana gəldi. Əlbəttə, türk dilçilik elminin babası sayılan bu iki nəhəng şəxsiyyət və onların əsərləri haqqında çox söz deyilib və hələ də deyiləcək. Arif Rəhimoğlunun «Türklərin bilinən ilk dünya xəritəsində Azərbaycan və qonşuları» adlı məqaləsində oxuyuruq: Çağımızda « türkologiyanın atası» kimi tanınan M.Kaşqarlı Avropa dilçiliyinin XX yüzillikdə kəşf etdiyi tarixi-müqayisəli metodu hələ XI yüzillikdə türk dillərinə tətbiq edərək dünya dilçilik elmini səkkiz yüz il qabaqlamışdı».

Qeyd edək ki, onun bu əsəri dünya dilçilik elminin ən nadir incilərindən və çağdaş türkologiyanın başlıca dayaqlarından biridir. Türk dillərinin təkcə fonetika, leksika, morfologiya və s. məsələləri ilə məhdudlaşıb qalmayan bu əsər bütövlükdə türk mədəniyyətinə, tarixinə, ədəbiyyatına, folkloruna, coğrafiyasına… aid fundamental bir ensiklopediya sayıla bilər. Göründüyü kimi nə Balasaqunlu Yusif Xas Nəsib, nə də M.Kaşqarlı və digərləri (digər sahələrdə də onlarla alimlərin adlarını çəkmək olar) rus və ingilis dillərini bilmirdilər. Halbuki, bu insanlar Rusiyanın və avropanın ən görkəmli alimlərini 800 il əvvəl qabaqlamışdılar.

Deyə bilərsiniz ki, bəs sonrakı əsrlərdə necə oldu?

Bəli, islam fanatizmi və cəhalət bizi müəyyən dövrlərdə geri qoydu. Bununla razıyam. Bunun üçün bu gün də mübarizə aparmaq, naqislikləri aradan qaldırmaq, müəyyən qanunlar işləyib hazırlamaq onları həyata keçirmək, dünyanın qabaqcıl xalqları və ölkələri sırasında yer almaq, başqaları ilə əlaqələr yaradıb münasibətlər qurmaq, müxtəlif dilləri öyrənmək lazımdır. Yad dilləri gətirib mənim ana dilimlə bərabər ona dövlət dili statusu vermək məsələsinə gəldikdə isə tamamilə buna qarşıyam və bu yolda sonadək mübarizə aparacağıma da söz verirəm. Çünki, yuxarıda da qeyd etdim, biz 6 yerə bölünüb parçalanmış bir millətik. Bu böyük problemimizi həll etmək üçün bizə mili kadrlar lazımdır. Beynəlmiləl ruhda tərbiyə alanlardan bu vətənə dərman olmayacaq. Rus təhsilli insanlar var ki, onlar bu gün pusquda durub an gözləyirlər. Çünki onların aldığı tərbiyə, öyrəndikləri əxlaq, oxuduqları ədəbiyyat başqa bir dünyadır, bizim dünyamız isə tamam başqadır. «Rus dili rusların özlərindən azərbaycanlılara və bütünlüklə türklərə daha çox lazımdır» fikrinizlə isə qətiyyən razılaşmaq mümkün deyil. İş bundadır ki, əslində bu elə rusların özlərinə lazımdır, bizə yox! Çünki bununla özlərinə daha böyük bir məkanda onlara bağlı olan, onlar kimi düşünən, onlar kimi yaşam tərzi keçirən risofillər ordusu yaratmaq istəyirlər.

Sizin dünyada gedən proseslərdən mümkün deyil ki, xəbəriniz olmasın. Baltikyanı respublikalara baxın, Gürcüstana baxın, elə Rusiyanın özünə baxın. Görün hansı proseslər gedir. Hansı respublika dünya miqyasında özünü tanıtmaq, doğrudan da müstəqil bir dövlət kimi yaşamaq istəyirsə, dövlətlərini də, təhsillərini də, elmi-texnoloji inkişafı da mili əsaslarla qururlar. Rusiya Federasiyası keçmiş sovet məkanında yenidən rus məktəblərinin açılmasına, onlara yaxın «təəbələrin» yetişməsinə çox maraqlıdır. Mənim düşüncəmə görə özünə hörmət edən insana hamı hörmət etdiyi kimi dünyada da özünə hörmət edən dövlətə digərləri hörmətlə yanaşır. Bu gün Türkiyə Cümhuriyyətinin qarşısında böyük çətinliklər olsa da dünya bu dövləti qəbul etmək məcburiyyətindədir.

Bu gün texnologiya elə inkişaf edib ki, müxtəlif dillərdə danışan insanlar bir-birini çox gözəl anlayır. Türkiyə təmsilçilərini və tanınmış adamlarını bir dəfə də olsun başqa bir dildə danışdığını görməmişəm. Mən demirəm ki, bu yaxşıdır, ya pis. Məsələ ondadır ki, onlar özlərinə hörmət edirlər. Bütün beynəlxalq təşkilatlarda təmsil olunurlar, bütün sahələr üzrə gözəl alimləri var, hətta dünyanın ən böyük 20 dövlətinin sırasına daxildirlər. Azərbaycan da bu yolu tutmalıdır.

Dil uğrunda mübarizə hələ XIX əsrin ortalarından başlayıb. Mən görürəm ki, bu mübarizə hələ də davam edir. Müstəqillik qazandığımızda çox sevindik ki, 2 əsrə yaxın davam edən mübarizədə müstəqilliyimizlə birlikdə dilimiz də azadlığa çıxdı. Amma bu gün mən onun təhlükədə olduğu qənaətinə gəldim. Mən istənilən məsələdə tarixə müraciət etməyi çox sevirəm. Doğrudan da tarix bir ibrət dərsidir. Böyük ədibimiz Mirzə Cəlili xatırladım. Bu gün o sağ olsaydı, yəqin ki, onun da deməyə çox sözü olardı. Əslində o sözünü deyib. Bu məqamda böyük söz bahadırları var ki, onların yazdıqları bütün zamanlar üçün bir proqramdır, yol göstəricisidir. Bunların sırasında Mirzə Cəlili xüsusi qeyd etmək istərdik. Mirzə Cəlilin «Azərbaycan» adlı «Molla Nəsrəddin» məcmuəsində dərc olunan, əsər¬lərinin çapı vaxtı senzuranın çıxardığı bəzi hissələri nəzərə çatdıraraq hamını düşünməyə dəvət edirəm.

“Ax unudulmuş Vətən, ax yazıq Vətən!

Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb dağılmış evlərini bina etməyə yüz qoydular.

Bəs sən hardasan, ay biçarə Vətən!
….

Demək çünki dilimizin adı türk – Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir. Haradır Azərbaycan?
- Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən…

… Türk dili müəllimlərinin və müəllimələrinin çoxusu türkcə danışmağı yaxşı bacarmır, bu səbəbdən bunlara izn verilmiş ki, rusca danışsınlar …

Ax, gözəl Azərbaycan vətənim! Harada qalmısan,

Gəl, gəl, bir gəl gör bizi zornan rusca danışdıran türk qardaşlar bizdən nə istəyirlər?

….

Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, Vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar.

Niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım?!”

****

Bu fikirləri biz yox, böyük Mirzə Cəlil deyir. Yəqin ki, onun sözlərinə inanarsınız. Çünki zamanın bütün sınaqlarından, tufanından, hücumlarından mətanətlə çıxmış bu sayılıb-seçilən insanlarımızın hər bir sözü bütün zamanlar üçün lazım və gərəklidir.

Uzağa getməyək. 2002-ci ildə B.Vahabzadənin «Sandıqdan səslər» adlı kitabı dərc olundu. Bu kitaba ön sözü də şair özü yazmışdı. Onun sözlərini olduğu kimi oxucuya təqdim edirəm. “Mənim ən böyük mübarizəm sovet dövründə ayaqlar altında tapdanan, qapılar arxasında qalan ana dilimizin uğrunda həm əməli işimdə, həm də yaradıcılığımda ardıcıl mücadilə idi”...

Təsadüfi deyil ki, «Gülüstan» poemasına görə incidilən, məhşər ayağına çəkilən şair sonralar mili ruhlu şeirlərində məcburən məkan və zamanın yerini dəyişərək yazırdı:

Hansı dilə ölü deyək?
Vətən varkən,
Millət varkən
Kiçik, yoxsul komalarda
Dustaq olan bir diləmi?
Yoxsa uzun əsrlərdən keçib gələn,
Xalqı ölən,
Özü qalan bir diləmi?


****

Gəlin, dil uğrunda, millət uğrunda, vətənin müstəqilliyi uğrunda mübarizə aparan bu böyük insanların ruhunu incitməyək, onların dediklərinə sayğı və hörmətlə yanaşaq, onların böyük arzularının həyata keçməsinə çalışaq.

Bir haşiyəyə çıxmaq istəyirəm. Ali məktəblərə qəbul imtahanları ərəfəsində “Xəbərlər”də eşitdim ki, Rusiyanın ali məktəblərində təhsil almaq üçün 200-ə yaxın tələbə ora göndəriləcək. Bu yaxşıdır. Azərbaycan türk dili də şərqşünaslıq elminə daxil olduğunu nəzərə alaraq onlardan niyə bizə tələbə göndərilmir? O gənclər bura gəlsələr, dilimizi, adət-ənənəmizi, mənəvi-əxlaqi keyfiyyətlərimizi, musiqimizi, tariximizi öyrənər, bir millət olaraq bizi yaxından tanıdıqları üçün hətta bizə rəğbətləri artar, bəlkə də bizi sevərlər. Qarşılıqlı münasibətlərdən danışırıqsa mənim düşüncəmə görə bu belə olmalıdır. Onsuz da Azərbaycanda kifayət qədər orta və ali təhsili rus dilində alanlarımız var. Onların da gəlib bizdə oxuması dilimizi öyrənmələrinin nəyi pisdir ki? Söhbət burada qarşılıqlı münasibətlərdən gedirsə, hər şey paritet əsaslarla olmalıdır. Biz özümüzə necə qiymət versək, başqaları da bizə o cür yanaşacaq.

Hörmətli Saleh bəy! Sizin iqtisadçı alim kimi, tanınmış bir ziyalı kimi dəyərinizi bilirəm və buna çox yüksək qiymət verirəm. İnanıram ki, siz də vətənin inkişafı, problemlərinin həlli üçün yollar axtarırsınız. Yaxşı edirsiniz. Lakin bu problemlərin həlli inanın ki, başqa, yad dillərə öz ana dilimizlə bərabər dövlət dili statusu verməklə düzəlməyəcək, daha çox tənəzzülə uğrayacaqdır.

Uzağa getməyin, bu gün öz millətimizdən olan və əcnəbi dildə təhsil alanlar yuxarıda sitat verdiyim Mirzə Cəlili inanın ki, tanımırlar, onun fikir və qayəsini də dərk etmək iqtidarında deyillər. Bəla da bundadır ki, onlar başqa dildə təhsil almaqla millilikdən uzaqlaşır, bizim qədər vətənə, torpağa, millətə bağlı olma¬dıqları bir yana, ana dili təhsillilərə də yuxarıdan aşağı baxırlar. Mənim ailəmdə hələ yaşı 30-a çatmamış, lakin beş xarici dil bilən var. Amma o təhsilini doğma ana dilimizdə alıb və milliliyini itirməyib. Mən dil öyrənməyin əleyhinə deyiləm, əksinə dünya ilə təmas qurmağın müxtəlif dilləri öyrənməyin tərəfdarıyam.

Mən bir filoloq kimi Sabir bəyin sizə ünvanladığı ikinci məktubunda yazdığı «Dillərin dünya dilinə çevrilməsi, geniş yayılması onun zənginliyi və ya söz dağarcığının böyüklüyü ilə bağlı məsələ deyil; o dilin daşıyıcısı olan xalqın dünyadakı mövqeyi ilə bağlıdır. Bu «üstünlük» estafeti tarix boyu əldən-ələ keçib və inanıram ki, bu gün hegemon olan dillər nə vaxtsa dünyada ikinci dərəcəli dillərə çevriləcək…

Buna görə də, «böyüklərə təzim etməkdənsə, özümüz böyüməliyik» fikrilə tamamilə razıyam. Əlavəm isə budur ki, doğrudan da bu gün artıq ikinci dərəcəli dilə çevrilməkdə olan bir dili biz önə çəksək gələcək nəsil də yaşadığı dövrün zamanına uyğun onu başqa bir dillə əvəz edəcək və beləliklə dilimizin başı böyük bəlalar çəkəcək. Slavyan xalqları olaraq eyni zamanda yaxın və qohum dilləri olan ukrayna və belaruslar bu gün öz dillərini önə çəkirlərsə, biz nədən artıq ikinci bir dilə çevrilməkdə olan bir dildən dördəlli yapışmalıyıq, onun ikinciyə çevrilməsinin qarşısını almaqla, öz ana dilimizin ölümünə fərman verməliyik. Etiraf etməliyik ki, əslində dil linqvistik elm sahəsi olsa da maraqlı dairələr ondan bir siyasi divident kimi istifadə edirlər. Hörmətli Saleh bəy! Baxın bu gün Ukraynaya tabe olmaq istəməyənlər Ukraynada olan rusdillilərdir, bu isə bir dövlətin unitarlığına, böyük təhlükə mənbəyinə çev-rilməkdədir. Gəlin millətimizi və gələcəyimizi bu bəlalar¬dan birlikdə hifz edək.

1990-cı ilin yanvarında, yerin-göyün matəmə büründüyü, millətin qan-yaş tökdüyü bir zamanda, qanı-qanımızdan, canı-canımızdan olan rusdillilər açıq-aşkar olmasa da, əhatələrinə baxaraq qorxa-qorxa üstüörtülü sovet əsgərlərinin insanlığa sığmayan hərəkətlərinə haqq qazandırmağa çalışır, təpki görəndə isə susurdular. Saleh bəy! İnanın ki, dediklərim həqiqətdir. O da həqiqətdir ki, 90-cı illərdə bu¬radan yalnız ermənilər deyil, qarışıq ailələr, rusdillilər də köçdülər. Biz bu bəlaları yaşamışıq, görmüşük, acısını da səkmişik. Elə ağıllı hərəkət etməliyik, elə qanunlar qəbul etməliyik ki, millətimiz bir daha bu bəlalara düçar olmasın.

Dünyada gedən kosmik araşdırmalara biz də diqqət yetirməli, vətənimizin inkişafı üçün əlimizdən gələni etməyə məhkumuq. Amma burada da əsas məsələ dil deyil, müasir texnologiyaya sahiblənmək şərtdir.

İki əsrə yaxındır ki, Azərbaycanda iki dünyagörüşün – totalitar kom-munist beynəlmiləlçi və Azərbaycanın müstəqillik, demokratikləşmə, milliləş¬mə və vahid dövlət yolu dünyagörüşünün amansız savaşı və mübarizəsi gedir. Şübhəsiz, bu savaş qansız-qadasız keçmədi, böyük istedad və məslək sahibi olan sənət adamları məhv edildi, yad yerlərə sürüldü və mənəvi cəhətdən şikəst edildi. Nəticədə vətən, xalq, böyük istedad sahibi olan insanlarını itirdi. Bu gün dünya meydanı böyük və çeşidli zənginliklər və ənənələrlə doludur. Burada vətən və millətsevərlərlə yanaşı, hiyləgərlər, müxtəlif üsullarla özünü daha böyük göstərmək naminə dilini və adət-ənənəsini müxtəlif üsullarla başqalarına sırımaqla öz əhatəsində saxlamaq istəyən və hiyləgərlik toru quranları bir-birindən ayırmaq o qədər də asan deyil. Çünki, azad olub öz dilini, adətini, dövlətini qoruyub saxlamaq istəyənlərlə müxtəlif yollarla dilini azad olmuş ölkələrə zorla qəbul etdirmək istəyənlər arasında həmişə mübarizə gedib, bu gün də gedir. Vətən, millət, dil məsələsində gəlin birlikdə olaq. Fikir dartışması lazımdırsa, bu vətənin övladları kimi oturub danışaq, nə ediriksə edək, təki vətənimiz, müstəqilliyimiz yaşasın, dilimiz əbədi olsun.

Bizim bu yazının mövzusuna və ruhuna yaxın olmasa da bir haşiyəyə çıxmaq və hamının diqqətini bir məsələyə cəlb etmək istəyirəm. Bildiyimiz kimi “Qarabağ” futbol komandası Avropa liqasının güclülər qrupuna düşməsilə əlaqədar müxtəlif ölkələrin münasibətini də gördük. Təsəvvür edin ki, bizim bu uğurumuzu gözü götürməyən bir sıra Rusiya telekanallarının bəzi aparıcılarının bu qələbəyə necə qısqanclıqla yanaşdıqlarının da şahidi olduq. Bu bizim komandamızın adının “Qarabağ” adlanması ilə əlaqədar ola bilərmi? Düşünürəm ki, bu doğrudan da belədir. Burada bütün zamanların böyük şairi M.Ə.Sabirin misraları yada düşür:

Əcnəbi göydə balonlarla gəzir
Biz hələ avtomobil minməyiriz
Atılan toplara diksinməyiriz.

Bəli, atılan toplar heç olmasa, bizi ayıltmalı, sirkələməlidir ki, işimizdə, əməlimizdə hər an ayıq olaq.
Əbülfəz Elçibəy 1997-ci ildə Kələkidə olarkən «Avesta» ilə bağlı fikirlərini aşağıdakı sözlərlə tamamlayır. Biz də yazımızı onun sözlərilə bitiririk: «Ulu tanrı, Türkə azğınların yolunu deyil, doğru düşüncə, doğru söz, doğru iş, doğru bilik yolunu göstər».

Filologiya üzrə elmlər doktoru,
professor Almaz Əliqızı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR