Bircə addımlıq məsafə
Bəzən bircə il gecikmənin ayağına beş ilə sığan cəfalar yazılır. Getdikcə qatılaşan avtoritar idarəçiliyin girovu olduğumuz bu 20 ildə itirdiklərimiz nə qədərdir? Tikilən sarayları, heykəlləşən parkları bir inkişaf görüntüsü kimi bizim ayağımıza yazmaq istəyirlər. Biz isə istənilən bəhanə ilə hər an həbs edilmək, rejimin qəzəbinə gəlmək təhlükəsi altında yaşayırıq.
Çağdaş mətbuatımızın ən çox istinad etdiyi qəhrəmanı Sirus Təbrizlinin bəlkə də heç ağlına da gəlməzdi ki, yaradılanda adına Yeni Azərbaycan adını yaraşıq saydığı bir partiya geriyə doğru iri bir addım atacaq. Adı yeni amma rəftarı köhnə olan bir siyasi qurum bizi tarixin ən heyrətamiz təzadı ilə üz-üzə qoyacaqdı: biz repressiyaların, qadağaların daha amansız şəkil aldığı köhnə Azərbaycanda yaşayacağıq... Şəxsiyyətə pərəstişin rəngləri bir az da tündləşib, elə seçkilər də 25-30 il əvvəlkinin daha ifrata varan təkrarıdır. Onda da seçdiyimizin kimliyinin fərqində deyildik, indi də eyni əhvala köklənirik. Səsimizin saya salınmadığı ilə barışıb, hansısa möcüzə baş verəcəyinə ümid edirik.
Heç nəyin dəyişməyəcəyinə ümid edənlər Azərbaycanı dünyadan tədric olunmuş bir məkan sayırlar. “Daha belə yaşamaq olmaz!” düşüncəsinə bürünənlər isə o bir addımı atmaq üçün mübahisələrə baş vururlar...
Bu dəyişən dünyada Azərbaycanın bir nəfərin istəyinə uyğun olan ölkə kimi qalacağına inanan da yanılır, bu ətalət dairəsindən qətiyyətlə ayağını kənara qoymağa cəsarət etməyən müxalifət də... Ən azından bir uğuru göz altına almaq gərəkdir: bəyəm az qala 45 il sürən bir sülalə hakimiyyətindən qurtulmaq ayrıca götürəndə böyük addım deyilmi? Ondan sonra baş verənlər isə bu gün siyasi səhnədə olanların çiyinlərinə yük olacaq.
Artıq müxalifətin vahid namizədi ilə bağlı ən bayağı ittihamlar dilə gətirilir, Rüstəm İbrahimbəyovun Moskvada, Los-Anjelesdə, Bakıda evinin olması da siyasi arqumentə çevrilir. İndi kimsə sübut edə bilərmi ki, hakimiyyətdə olan ailənin elə həmin Moskvada, ABŞ-da, Fransada, İngiltərədə, Türkiyədə şəxsi mülkləri yoxdur. Ən azından müğənni Alla Puqaçovanın Floridadakı evinin İlham Əliyevin qonşuluğunda olduğunu deməyi istinad üçün yetərli deyilmi? Dubaydakı mülklər necə? Hətta Ukraynada da belə mülkün olması ilə bağlı mətbuatda təkzib edilməyən yazılar işıq üzü gördü... Onların prezidentə yox, övladlarına məxsus olduğu maliyyə mənbələrini danmaq üçün yetərlidirmi? Axı bütün dünyada vəzifəli şəxsin nəyə malik olduğu onun ailəsindən ayrı hesablanmır.
Dövriyyəyə buraxılan bir yanlış da ondan ibarətdir ki, vətəndaşlıqdan imtina ilə bağlı ərizəyə altı ay sonra baxılır. RF-nın qanununda isə çox aydın şəkildə qeyd edilib ki, bu altı ay ərzində cavablandırılır, aşağı hədd isə göstərilmir. Yəni ərizənin bir həftə, bir ay ərzində cavablandırılmasına heç bir məhdudiyyət qoyulmur...
AB-nin qanunlarına uyğun olaraq digər ölkələrdə yaşayanlara, bəzi istisnalarla, ikili vətəndaşlıq verilə bilər. ABŞ-da isə məsələ bir qədər fərqlidir: bu günə qədər də keçmiş SSRİ-də yaşayanlara ikili vətəndaşlıq verilməməsi ilə bağlı qanun qüvvədədir. 20 il bu məsələ diplomatik danışıqların predmeti olmaqdan qabağa getməyib. Sadəcə olaraq, bu ölkədə əmlaka sahib olmağa, almağa qadağa yoxdur. Bundan Azərbaycanın əksər imkanlı məmurları yararlanıblar.
10 il ölkədə yaşamaq arqumenti də havadan asılı qalır. Rüstəm İbrahimbəyov 25 ildən çoxdur ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədridir. Bu yaradıcılıq təşkilatının bir tədbiri də onsuz keçməyib. Azərbaycanda yaşamayan adam belə bir quruma rəhbərlik edə bilərdimi? Kimsə hesablayıbmı ki, Rüstəm İbrahimbəyov ilin neçə gününü Moskvada, nə qədərini Bakıda keçirib?
Bayağı bəhanələr dövriyyəyə buraxılıb. Azərbaycanda isə istənilən olaya qanun donu geyindirmək o qədər adiləşib ki...






