İnsanlara hürriyət, millətlərə istiqlal!

Birbaşa dialoqa Kremlin və Fransanın dolayı əngəli...

1550 13.07.2023 17:59 Analitika A A

Sülhə böyük ümidlər bəslədiyimiz 2023-cü ilin artıq 7 ayı geridə qalır. Hələlik sülh danışıqları heç bir nəticə verməyib. Hansısa konkret bir sənəd də imzalanmayıb. Qısa müddətdə bunun olacağı da inandırıcı deyil.
Eləcə, danışıqlar davam edir – artıq 2 ildən çoxdur. 2023-ün sonunadək - qarşıdakı 5 ayda Cənubi Qafqazda nə olacaq, yaxud nələr ola bilər? Əlbəttə, çox çətin sualdır. Çünki bu, təkcə Azərbaycandan asılı deyil. Bizdən asılı olsaydı, bir an öncə sülh müqaviləsi də çoxdan imzalanmışdı, delimitasiya da baş tutmuşdu, kommunikasiyalar da açılmışdı.

Ancaq Ermənistan və onun açıq, gizli havadarları sülhün baş tutmaması üçün nə lazımdırsa edirlər. Hər dəfə danışıqlar prosesində bir pozitiv rəy, mövqe olanda, dərhal ermənilər həm də Fransanın, Rusiyanın, İranın və s. təhriki ilə təxribatlar törədir və beləliklə məsələ uzanır, baş tutmur.
Necə ki, Ermənistan Qarabağı işğalda saxladığı 28 il ərzində ərazilərimizi tərk etməklə bağlı danışıqları pozub, indi də eyni şəkildə sülh, delimitasiyadan boyun qaçırır. Habelə Xankəndidəki separatçı rejim tabe olmaq istəmir, qanunsuz silahlı dəstələr sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindən rədd edilmir.
Yenə də vaxt udmaq, danışıqları pozmaq siyasəti davam edir. Ancaq biz erməni xislətinə bələdik deyə, danışıqların daha 30 il də uzanmaması üçün maksimum çalışırıq, çalışmalıyıq və çalışacağıq.

Şübhəsiz, məsələ təkcə Ermənistan da deyil. Ermənistanı Azərbaycan cəmi 24 saata sülhə də, delimitasiyaya da məcbur edə bilər, eyni zamanda cəmi bir neçə saata Qarabağdakı separatçı rejimi, silahlı quldurları da məhv edə bilərik. Bu hüququ özümüzdə saxlayırıq, həmçinin bilirik ki, Ermənistanı indiki desturiktiv, pozucu formada saxlayan güclər var. Qısacası və açıqcası bundan ibarətdir ki, bölgədə Rusiya və Qərbin nüfuz savaşında Ermənistan bir alət kimi istifadə olunur...

Danışıqlar prosesində, maraqlar toqquşmasında ətrafında müzakirə aça biləcəyimiz xeyli sayda detallar, nüanslar var. Bütün bunların məcmusu isə ondan ibarətdir ki, Rusiya Qərbin, Avropanın iştirakı ilə sülh yaranmasına birmənalı şəkildə imkan vermək istəmir.
Hazırkı gedişatda Qərb sülhdə daha obyektiv və səmimi görünür. Buna misal olaraq ABŞ dövlət katibi Entoni Blinkenin son açıqlamalarını göstərmək olar. Onun fikri bundan ibarətdir ki, birbaşa dialoq və diplomatiya Cənubi Qafqazda davamlı sülhə aparan yeganə yoldur.
ABŞ dövlət katibi bunu "Twitter"də yazıb.
Nəzərə çatdıraq ki, Blinken iyulun 12-də Prezident İlham Əliyevə telefon açıb.

antoni_blinken_ilham_aliyev.jpg (92 KB)
Telefon danışığı əsnasında Antoni Blinken ölkəsinin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib, danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini bildirib. O, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.
Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb. Dövlətimizin başçısı Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib.
Prezident İlham Əliyev Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.
Blinken həmçinin, Nikol Paşinyanla da danışıb.
"Azərbaycanla sülhün təmin edilməsi istiqamətində davam edən səylərə güclü dəstəyimi bir daha bəyan etmək üçün Ermənistan Baş naziri Nikol Paşinyanla telefonla danışdım. Birbaşa dialoq və diplomatiya Cənubi Qafqazda davamlı sülhə aparan yeganə yoldur və mən bunu asanlaşdırmağa kömək etməyə sadiqəm", - Blinken qeyd edib...
Etiraf edək ki, Blinkenin birbaşa dialoq və diplomatiya təkidi, təklifi optimal variantdır. Tarix və təcrübə sübut edir ki, sülhə bu şəkildə nail olmaq daha asandır. Amerika öz ərazisində təşkil olunan danışıqlarda Azərbaycan və Ermənistan rəsmilərinin ikitərəfli görüşlərinə imkan da yaradıb.
Düzdür, vasitəçiliyi öz üzərinə götürüb, ancaq tərəflərə birbaşa dialoq imkanı da yaratmaqla, sülhə gerçək töhfə vermək istəyini də nümayiş etdirib.
Şübhəsiz, ABŞ-ın da bölgədə öz maraqları və siyasəti var. Maraqla və siyasətdə isə səmimiyyət axtarmaq sadəlövhlük olardı. Bütün bunlara rəğmən ABŞ-ın marağı və siyasəti sülhün maksimum tez başa tutmasına yönəlmiş kimi görünür.
Bəs birbaşa dialoq və diplomatiya niyə vüsət almır? Bu, niyə alınmır?
Sözsüz ki, Azərbaycan buna hazırdır və hər an birbaşa dialoq masasında oturar. İxtiyarımız öz əlimizdədir. Ermənistanı isə Rusiya və Fransa qoymur. Deyirlər olmaz. Kreml rəsmiləri hətta açıq bəyan ediblər ki, Rusiya onun iştirakı olmayan prosesə qarşı çıxacaq. Fransa prezidenti Emmanuel Makron isə Paşinyanla qeyri-rəsmi də olsa birbaşa dialoq qurulması imkanı yaranacaq məkanlarda Nikolu qoltuğundan buraxmır. Faktiki olaraq Ermənistan həm Rusiyanın, həm Fransanın boyunduruğundadır. Ona görə Blinkenin də arzuladığı birbaşa dialoq və diplomatiya baş tutmur.
Əgər dünya gücləri, Qərb, Blinken Cənubi Qafqazda tezliklə sülh olmasını, kommunikasiyaların, Zəngəzur dəhlizinin açılmasını istəyirlərsə, öncə Ermənistan bu boyunduruqdan qurtarmalıdırlar, birbaşa dialoqa hazır etməlidirlər. Bundan sonra Azərbaycan təkbaşına Ermənistanı başa salacaq...
Əgər bunu edə bilməyəcəklərsə, Ermənistan da sülh istəmirsə, bizə dünəndən lazım deyil. Alternativ variantımız hər an və çoxdan hazırdır: Antiterror və ...

Elşad MƏMMƏDLİ

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR