İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir zamanlar Edillidə... – Ermənilər 88-ci ilin yanvarından bu kənddə post yeri nişanlayırmışlar FOTO VİDEO

4645 16.02.2021 10:05 Reportaj A A

Bu kəndin adı Edillidir, şəkilçisindən də görünür ki, türk toponomidir. Bir az araşdıranda məlum olur ki, qardaş Qars mahalında da Edilli adlı kənd var, uzaq Qırğızıstanda isə bu adlı tayfa yaşayır.

Edilli, Ağbulaq və Axullu bir-birinə yaxın üç kənddir. Kəndlər uca dağların və hündür təpələrin arasında, tam əhatəsində yerləşir. Dörd yana baxırsan, gədəbəylilər demişkən, anrı üzü görünməyən yüksəkliklərdir, buralara keçmək üçün bir təpə aşmaq lazım gəlir.

Bu üç kənddə hələ lap qədimlərdən azərbaycanlılar çoxluqda yaşayıb, ermənilər azlıqda olub.

Vaxtilə bu kəndlərdə yaşamış, uşaqlıq və gəncliklərini bu dərələrdə keçirmiş, hazırda isə jurnalistlərlə birlikdə öz dədə-baba yurdlarına səfər edən gözləri nisgilli adamlar bizə bu kəndlərin keçmişindən danışdılar.

Sovet vaxtı buralarda iç-içə yaşayan ermənilərlə azərbaycanlılar arasında dostluq, mehribanlıq hökm sürüb. Hətta Ermənistandan bu tərəflərə dincəlməyə gələn erməni gənclərlə azərbaycanlı gənclərin davası düşəndə yerli ermənilər bizimkilərə qahmar çıxırmış, kəndin klubunda erməni dilində filmlər nümayiş etdiriləndə ermənilər narazılıq edirmişlər ki, bura nemes dilində olan kino gətirməyin. Bununla belə, ara-sıra ortalığı qarışdıranlar da olurmuş. Xüsusilə axır illərdə məktəbdə erməni və azərbaycanlı yeniyetmələr arasında dava düşürmüş. Belə davaların birində ermənilər bir azərbaycanlı şagirdi öldürüblər. Araya qan düşüb.

Nisbətən normal, dözüləsi yaşayış şəraiti 1988-ci ilə qədər davam edib. Ağbulaq sakini Abbas Hüseynov deyir ki, İrəvandan gəlib-gedən ermənilər necə etdilərsə, Edillidə, Axulluda yaşayan ermənilərin başı tamamilə çöndü, bizə düşmən kəsildilər: “Ondan sonra vəziyyət yalnız pisləşməyə doğru getdi”.

Vaxtilə Axulluda yaşamış, bu üç kəndin sakinlərinə kino göstərmiş Namiq Məmmədov da təpələri göstərərək, orada qardaşı ilə özünün, eləcə də həmkəndlilərinin silahlanmış ermənilərlə vuruşduğunu deyir. Belə döyüşlərin birində onun qardaşı şəhid olub. Sonra ermənilər ard-arda təxribat törədiblər, insanların evlərini yandırıblar. Yaxşı silahlanmış və təşkilatlanmış ermənilərin qarşısında naçar qalan camaat geriyə çəkilməli, Füzuliyə, müdafiə olunan kəndlərimizdəki qohumlarının, tanışlarının evlərinə pənah aparmalı olub. Namiq kişi ailəsini də götürüb, əvvəlcə Füzuli şəhərinə, sonra Horadizə, daha sonra Yuxarı Seyidəhmədliyə sığınıb. Oralar da işğal olunandan sonra Namiq kişinin ailəsi Beyləqana köçüb.

Kəndlər ermənilərin nəzarətinə keçəndən sonra onlar bu və ətraf kəndlərdə azərbaycanlılara məxsus tikililərdən sökülə bilən hər şeyi (şifer, kirəmit, mişar daşı, qapı-pəncərə, döşəmə, tavan) söküb-yağmalayıb, sökə bilmədiklərini isə vurub dağıdıb, daş qalağına döndəriblər.

Təsəvvür edin, Edillinin baş yolu başdan-başa azərbaycanlılara məxsus evlərdən sökülmüş mişar daşıyla döşənib. Kənddə ən azı 1,5 km uzunluğunda, 6 metr enində daş döşənmiş yollar var. Bu daşların söküntü daşları olduğu gendən çağırır, çünki böyük hissəsi el arasında “Bakı kubiki” adlanan daşlardır. Yollarda 100 mindən artıq mişar daşı istifadə olunub. Yolların bu cür tikilməsi isə böyük əmək tələb edən işdir. Bunu böyük ehtimalla erməni ustalar və ya əsgərlər ediblər.

Bununla belə, Edillinin təhər-töhründən görünür ki, ermənilər burada o qədər də firavan yaşamayıblar. Yalnız bir neçə ev təmtərağı ilə seçilir, yerdə qalanlardan kasıblıq yağır.

1991-92-ci illərdə azərbaycanlıların yaşadıqları evlər sahibsiz qaldıqları üçün miskin göründükləri kimi, indi də ermənilərin tərk etdikləri evlər miskin görünür. Fəqət, bizim əsgərlər bu evləri dağıdıb-yandırmayıblar, kənddə sadəcə müharibə səliqəsizliyi hökm sürür. Ermənilər də bu kəndlərdən tələm-tələsik köçüblər. Hər şeylərini, hətta foto-albomlarını belə apara bilməyiblər. Bu taleni bizimkilər 28 il əvvəl yaşamışdı.

Vaxt gələcək, bu kəndlər də, o birilər də səliqə-sahmanlı, firavan olacaq. Ancaq düşmən olmuş millətlər arasındakı köhnə dostluğu, mehribanlığı, əski büsatı bərpa etmək mümkün olacaqmı? Məsələ budur...

Bu kəndlərdən ayrılmazdan öncə Ağbulağın “Sarı bulağı”nın duru suyundan içdik və bu yerlərə bir daha, buralar yenidən insan məskəninə çevriləndən gəlməyi arzuladıq.

Musavat.com-un reportyor qrupu

 

 

 

 

 

  

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR