İnsanlara hürriyət, millətlərə istiqlal!

BİR QRUP TALIŞ AZƏRBAYCANDAN AVROPA ŞURASINA ŞİKAYƏT ETDİ

2556 24.05.2010 07:25 Gündəm A A
Orada deyilir ki, talışlar Azərbaycanın cənub-şərqində yaşayan avtonom xalqdır. 2000-ci ildə Azərbaycan Avropa Şurasına üzv olarkən milli azlıqların hüquqlarının müdafiəsinə dair çərçivə Konvensiyasına qoşulub, öhdəlik götürüb ki, tezliklə milli azlıqlar haqda qanun qəbul etsin. “Lakin 10 il keçsə də bu öhdəliklər yerinə yetirilməyib”, deyə müraciətdə bildirilir.
Müraciəti imzalayanlar bildirir ki, AŞ PA-nın Azərbaycanın üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməməsinə göz yumması onları təəccübləndirib: “Ölkədə talışlara münasibətdə milli azlıqların müdafiəsinə dair çərçivə Konvensiyasının heç bir bəndinə əməl olunmur. Məsələn, hələ də talış dilində televiziya və radionun yaradılmasına imkan verilmir. Dövlət talış dilində nəşr edilən yeganə qəzetə maliyyə ayırmır, üstəlik onun redaktoru Novruzəli Məmmədovu həbsxanaya salıb, daha sonra o həbsdə vəfat edib”.
Müraciətdə xahiş olunur ki, AŞ PA Azərbaycanda talış dilində radio və televiziyanın yaradılması üçün səy göstərsin, müraciəti imzalayanlar hesab edir ki, bu, talış xalqının təbii haqlarıdır və ona əməl olunmalıdır. Müraciəti Talış Mədəniyyət Mərkəzinin Lənkəran şöbəsinin icraçı şurası adından Bəxtiyar Ağazadə, Çərkəz Beqiyev, Barat Qasımov, Cavanşir Qasımov və digərləri imzalayıblar.
Milli Məclisin deputatı Pənah Hüseyn isə hesab edir ki, beynəlxalq təşkilatlara bu tipli müraciətlər düzgün addım deyil. Azərbaycanda Azərbaycan türkünə verilən hüquqlar digər bütün azsaylı sayılan millətlərə də verilib: “Azərbaycan qanunlarında etniklərin hüquqlarını məhdudlaşdıran məqamlar yoxdur. Kimlərsə hansısa problemlərin olduğunu düşünürsə, məsələni qanun çərçivəsində Azərbaycanın rəsmi strukturlarına müraciətlər etməklə həll eləsələr, daha yaxşı olar. Avropa Şurasına müraciət etməyi məqsədəuyğun saymıram. Çünki axı hər hansı ayrı-seçkilik yoxdur. Azərbaycanda bir sıra hallarda Azərbaycan türklərinin hüquqları daha çox pozulur, nəinki digərlərinin. Dövlət idarəçiliyində Azərbaycan türklərinin rolu və sayı barədə zaman-zaman məsələ qaldırılıb”.
P.Hüseyn xatırlatdı ki, 1992-ci ildə Əbülfəz Elçibəy hakimiyyətə gəldikdən sonra bir sıra beynəlxalq təşkilatlar tərəfindən model kimi qəbul edilən bir fərman imzalayıb. Bu fərmanda milli azlıqlara hətta Avropa Şurasının sənədlərindən də müsbət mənada irəli gedən hüquqlar nəzərdə tutulub: “Məhz bundan sonra elə talışların özlərinin Mədəniyyət Mərkəzi yaradıldı, onlara öz dillərində oxumaq, mətbuata malik olmaq hüququ verilib. Bunların bir çoxu icra olunub”.
Deputatın qənaətincə, o cür müraciətlərin Avropa Şurasına göndərilməsi, gündəmə gətirilməsi nə Azərbaycan, nə də elə talış xalqı üçün heç də xoş niyyət daşımır: “Azərbaycan hamımızın birgə vətənimizdir. Burada talışlar da, Azərbaycan türkləri də və digər millətlər də mehriban yaşamaqdadır. Demokratiya və insan haqları məsələlərində bütün ölkədə problem var. Yəni bu problem hamımız üçündür. Azərbaycanın demokratik qüvvələri də ən müxtəlif xalqların nümayəndələrindən ibarətdir. Demokratiyanın qurulması uğrunda hamımız ələ-ələ verib mübarizə aparırıq. O müraciət Azərbaycan vətəndaşı olan həmin xalqın rəyini ifadə eləmir. Yalnız bizə dost olmayan və xaricdə yerləşən mərkəzlərin maraqlarına xidmət edir. Kimsə şüurlu şəkildə xarici qüvvələrə xidmət edirsə, dövlətimizin bütövlüyü əleyhinə, milli nifaq salmaq yönündə çalışırsa, qarşısında dövlət, qanun və talış milləti də daxil, bütün Azərbaycan vətəndaşlarını görəcək”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR