İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir neçə saata cinayətkarı zərərsizləşdirən Azərbaycan Polisi- Bizi sevməyənləri məyus edən əməliyyat  

3145 04.03.2023 23:04 Yazarlar A A

Bu gün Bakıda Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verdi. Hücum edənlər “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayevi odlu silahla yaralayıb,  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimovu isə öldürdülər. Avtomat və tapançadan hücum edən cinayətkarlar gündüz vaxtı, insanların marketə axın etdikləri zaman bu cinayət əməlini törətməklə oradakı hər kəsin həyatı üçün təhlükə yaratdılar.

Elə buna görə də hadisə sosial şəbəkələrdə, ictimaiyyətdə geniş müzakirələrə səbəb oldu. Vaxtında verilən rəsmi açıqlamalar isə insanlarda qorxu və xofun qarşısını almış oldu. Bu kimi hadisələr bəlkə də xarici ölkələrdə hər həftə, hər ay baş verir. Ancaq Azərbaycanda illərdir ki, insanlar sabitliyə öyrənib. Müharibə şəraiti olsa da, illərdir ki, daxildə güc strukturlarımız, dövlətimiz tərəfindən sabitlik hər zaman qorunur.

Bu hadisə də sübut etdi ki, Azərbaycan polisi, hüquq mühafizə orqanları cinayətkarlara qarşı hər zaman ən operativ şəkildə fəaliyyət göstərir, onların zərərsizləşdirilməsi, fəaliyyətlərinin məhdudlaşdırılması istiqamətində var gücləri ilə çalışır, vətəndaşı qorumaq üçün əllərindən gələni edirlər.

Hadisə günorta saat 13 radələrində baş verdi və artıq 22 radələrində hadisəni törədənlərin polis tərəfindən zərərsizləşdirilməsi xəbəri yayıldı.

Cəmi 9 saat ərzində operativ qaydada həm əməliyyat aparıldı, həm də rəsmi açıqlamalarla fake informasiyaların yayılmasının qarşısı alındı.

Hadisə ilə bağlı az öncə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev aşağıdakıları bildirib:

“Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z.Tağıyev küçəsindəki binaların birində gizlənməsi müəyyən edilib.

O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. Görülən tədbirlərlə o, zərərsizləşdirilib”.

Azərbaycanda sabitliyin təmin olunmasında yüksək ayıq-sayıqlıq göstərən polisə ancaq təşəkkür düşür.

Hadisədən heç 24 saat keçmədən cinayətkar zərərsizləşdirildi, layiqli cəzasını aldı.

Cinayət hadisəsi baş verdikdən sonra xaricdən maliyyələşən, hər zaman Azərbaycanın, dövlətimizin əleyhinə məlumatlar yayan qruplar hərəkətə keçib, insanları yanlış yöndə yönləndirməyə çalışırdılar. Cəmiyyətdə xof yaradıb, müxtəlif “dəyərləndirmə”lər aparırdılar.

Ona görə də günahkarların vaxtında cəzalandırılması böyük planların da qabağını almış oldu.

Cinayətkarın vaxtında tapılması, operativ açıqlamaların verilməsi həm də bizi sevməyən həmin qüvvələrin arzusunu ürəyində qoydu.

Hadisə göstərdi ki, Azərbaycanda heç kim sabitliyi poza bilməz. Buna cəhd edənin  də ömrü uzun olmaz.

 

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR