İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir küçənin sakinləri suyun içində və susuz qalıb: “Elə bil XVI əsrdə yaşayırıq” (VİDEO, FOTOLAR)

1618 22.03.2016 19:45 Ölkə A A
Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 15 ünvanında  su borularında  baş verən qəza səbəbindən əhali bir neçə gündür ki, su üzünə həsrət qalıb. Həmin ünvandakı yaşayış binalarının sakinləri üçün “Azərsu” ASC tərəfindən müvəqqəti olaraq iritutumlu su maşınları su gətirilir. Lakin yuxarı mərtəbələrdə yaşayan  vətəndaşlar gündəlik istifadə etdikləri suyu əllə daşımaqda çətinlik çəkirlər. Onlar neçə gündür ki, vedrə və balonlarla 8-9-cu mərtəbələrdəki mənzillərinə su daşıyırlar. 

Etibar Bəkirli küçəsinin sakinləri  Musavat.com-un müxbirinə deyiblər ki, 5 gündür su üzünə həsrətdirlər: “Binanın su boruları bərbad vəziyyətdədir. Tez-tez su problemi ilə qarşılaşırıq. Binaya daxil olan əsas su borusu partlayıb.  Lakin 3 gündür ki, su idarəsinin işçiləri bu problemi aradan qaldıra bilmirlər. Su borusun hansı istiqamətdən keçdiyi bəlli deyil. Bildiyimizə görə, su xəttinin üzərində transformator tikilib.  Bir neçə gündür ki, aidiyyatı olmayan su borularını kəsirlər. Nəticədə binanın zirzəmisi bataqlığa çevrilib. Su maşını isə bu binada yaşayan 150-dən çox ailəyə kifayət etmir. Gördüyünüz kimi, camaat az qalır su üstündə savaşsın". 

Küçənin sakinləri su ilə yanaşı, qaz və elektrik enerjisinin verilməsində yaranan problemlərdən də əziyyət çəkirlər. Binanın aşağı mərtəbələrində yaşayan ailələrin mənzilləri isə rütubət içərisindədir. Zirzəmiyə yığılan su mənzillərin divarlarında nəmişlik yaradıb.

Qeyd edək ki, binada yaşayanların çoxu məcburi köçkün ailələridir. Füzuli rayonundan məcburi köçkün olan Akif İsmayılov binanın zirzəmisinin də su içərisində olduğunu deyir: “4-5 gündür ki, bu vəziyyətdəyik. Binanın zirzəmisində olan su boruları partlayıb. Bundan əlavə, binada işıqlar tez-tez kəsilir.Ümumiyyətlə,  binada qaz yoxdur. Bir sözlə, bina yaşanılası  vəziyyətdə deyil. Dəfələrlə bu barədə aidiyyatı orqanlara müraciət etsək də, heç bir nəticə verməyib”.

Ərazidə iş aparan “Azərsu” ASC-nin nümayəndələri yaxın günlərdə problemin həll olunacağını bildirdilər: “Hazırda partlayan su borusunu axtarırıq. Binanın arxa tərəfində işlər gedir. Xəndəklər qazaraq borunu tapıb probelmi köklü şəkildə həll edəcəyik. Bina sakinlərini müvvəqəti olaraq su maşınları ilə təmin edirik”.

Məğrur Mərd
Video və Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR