İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir gündə 6 sayt niyə bağlandı?

3665 02.03.2015 23:28 Media A A


Martın 1-dən etibarən “Teleqraf Holding” və “ APA Holding”in tərkibinə daxil olan 6 sayt ləğv edilib. Qafqazinfo.az-ın xəbərinə görə, artıq bir neçə gündür həmin şirkətlərə daxil olan “Kult.az”, “Tabloid.az”, “İsvestiya.az” və “Kulis.az”, “Ailem.az” , “Avtolent.az” saytlarına giriş dayandırılıb. Sözügedən media holdinglərin daxilində fəaliyyət göstərən bu sahəvi saytların bir çoxu yeni fəaliyyətə başlamışdı. 

Xatırladaq ki, sözügedən saytlara giriş mümkün deyil. Martın 2-də isə bu durumla bağlı ilk rəsmi açıqlama “APA Holdinq”dən gəldi. Açıqlamada göstərildi ki, "APA Holding"in fəaliyyətində struktur dəyişikliyi edilib. Şirkətin Direktorlar Şurasının qərarı ilə holdinqə daxil olan kulis.az, ailem.az və avtolent.az saytlarının fəaliyyəti dayandırılıb. Qərarın verilməsinə səbəb layihələrin biznes baxımından rentabelli hesab olunmamasıdır.

Bundan sonra saytların arxivi saxlanmaqla "lent.az"da eyni adlı rubrikalar fəaliyyətini davam etdirəcək.

Günün sonrakı saatında isə “Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal duruma aydınlıq gətirdi. Xatırladaq ki, media qrupa daxil olan 3 sayt – İzvestiya.az, Tabloid.az və Kult.az fevralın 27-dən fəaliyyətini dayandırıb.   “Gündəlik Teleqraf”ın baş direktoru Aynur Camalqızı Axar.az-a bildirdi ki, sözügedən media orqanlarının fəaliyyətinə son verilməsi maliyyə problemi ilə bağlı deyil:   “Biz işçilərimizi ixtisar etmirik, onlar yenə də bizim digər saytlarda fəaliyyətlərini davam etdirəcəklər. Bu addımımızı hansısa “iqtisadi böhran”la əlaqələndirənlər yanılır. Qərarımızın çox sadə səbəbi var. Bildiyiniz kimi, Kult.az, İzvestiya.az və Tabloid.az sahəvi saytlar idi və əvvəllər Publika.az xəbər portalında həmin mövzularda əməkdaşlarımız uğurlu layihələrlə çıxış edirdilər. Biz həmin bölmələri ayrıca saytlara çevirəndə biznes maraqlarımızı əsas götürmüşdük və reklamlar alacağımıza ümid edirdik. Amma gözləntilərimiz nəticə vermədi və həmin saytların fəaliyyətinə xitam verməli olduq”.   
A.Camalqızı əlavə edib ki, “Gündəlik Teleqraf”a daxil olan digər saytlar Türkiyə onlayn media modelinə keçməyi məqsədəuygun sayır:   “Digər saytlarımız – Axar.az, Publika.az və Teleqraf.com bundan sonra xəbər portalı kimi fəaliyyət göstərəcək. Bu, reklam şirkətləri ilə daha sıx əməkdaşlıq qurmağımıza hesablanmış addımdır”. 
Maraqlıdır bağlanan saytların Azərbaycan mediası, media məkanı adına əhəmiyyəti nə qədərdir? 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirdi ki, kulis.az  ədəbiyyat sektoru üçün olduqca maraqlı sayt, çox maraqlı yazarların toplaşdığı informasiya vasitəsi idi: “O cümlədən də yeni əsərlərin ortaya çıxması üçün ciddi stimul qaynağı idi. Bağlanması xəbərinə üzüldüm. Ailem.az və avtolent.az-ın oxucusu olmadığım üçün onlar haqda heç nə deyə bilmərəm”.

Xəbərin yayılmasının ardınca sosial şəbəkədə ən çox müzakirə olunan məsələ isə Azərbaycanda ədəbiyyat adına mövcud olan saytların öz fəaliyyətini bu formada dayandırmasıdır. Oxucular yeni əsərləri, tərcümələri, ədəbiyyat adamları ilə maraqlı müsahibələri məhz bu saytlardan tapdıqları üçün onların fəaliyyətinin dayandırılmasını ciddi itki hesab edirlər. Xüsusən də kulis.az və kult.az bu sahədə oxucuların tələbatını ödəyirdi. İndi onların ümumi bir saytın tərkibində bölüm kimi fəaliyyət göstərəcəyi ədəbiyyat həvəskarlarını o qədər də sevindirmir. Belə ki, bəzən xəbər bolluğunun içində o cür xəbərlər, müsahibələr “itir” və sırf ədəbiyyat oxucusu özünə lazım olanı gec tapmaq zorunda qalır. Eləcə də bəlli istiqaməti olan saytlar üçün də bu keçərlidir. 

Sevinc TELMANQIZI 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR