“BİR AYLIQ NEFT GƏLİRİNDƏN PENSİYA VƏ ƏMƏKHAQLARINI İKİ DƏFƏ ARTIRMAQ OLAR”
Neftin bahalaşmasından qazanan hakimiyyətdir, vətəndaşlar deyil. İqtisadçı-ekspert, Nərimanov ikinci seçki dairəsindən AXCP-Müsavat blokunun vahid namizədi Qubad İbadoğlu srağagün axşam İTV-də namizədlər üçün ayrılmış efir vaxtında ölkənin neft gəlirləri və bu gəlirlərin bölgüsü ilə bağlı olduqca maraqlı hesablama açıqladı. Qubad bəylə söhbətimizdə həmin hesablama ətrafında daha geniş fikirlərini aldıq. Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda gündə 1 milyon barelə yaxın neft hasil olunur: “Bilirsiniz ki, bu neftin böyük hissəsi dünya bazarına çıxarılır. Dünya bazarında isə ”qara qızıl"ın bir bareli 82,5 dollardır. Rəsmi məlumatlar təsdiq edir ki, ABƏŞ-in neftinin bir bareli 2 dollara hasil olunur, onun Bakı-Ceyhana qədər nəql xərci isə 6 dollardır. Bu halda neftin həm hasilat, həm nəqliyyat xərcləri 8 dollar təşkil edir. 1 milyon barel nefti 82 dollardan satanda bu, 82 milyon dollar edir, bunun 8 milyonu xərcə gedir. Bu, o deməkdir ki, Azərbaycan hər gün neft satışından 74 milyon dollar qazanc əldə edir. Bağlanmış müqavilələrə görə, bu qazancın 80 faizi Azərbaycan hökumətinə, 20 faizi isə şirkətlərə çatır. 74 milyon dolların 80 faizi təxminən 60 milyon dollar deməkdir. Bu, Azərbaycan üçün kifayət qədər böyük puldur. 60 milyon 1 ayda 1,8 milyard, 1 ildə isə təxminən 20 milyard dollara yaxın vəsait deməkdir. Mən İTV-dəki çıxışımda da qeyd etdim ki, biz 4 günlük neft pulu ilə hazırda ünvanlı sosial yardım üçün ayrılan vəsaiti iki dəfə artıra bilərik. Yəni ya indiki məbləği saxlamaqla yardım alanların sayını iki dəfə çoxaltmaq olar, ya da sayı saxlamaqla məbləği iki dəfə artırmaq. Bir neçə günlük neft pulu ilə səhiyyə sektorunda çalışanların əməkhaqqını iki dəfə artıra bilərik. Azərbaycanın səhiyyə büdcəsi 500 milyon manatdır, onun da 60 faizi əməkhaqqı xərcləridir. Deməli, neftdən gələn 6 günlük gəlir kifayətdir ki, onların məvacibi iki dəfə artırılsın. Bizim hesablamalarımız göstərir ki, neftdən gələn 15-20 günlük qazanc imkan verir ki, sovet dövründə banklarda batmış əmanətləri qaytaraq. Bildiyiniz kimi, bunun üçün 800 milyon manat vəsait gərəkdir. Bir aylıq qazancımız imkan verir ki, pensiyaçılar üçün bütün ödənişləri iki dəfə artıraq. Bu imkanların mövcud olduğu şəraitdə Azərbaycan təqaüdçüsünə 85 manat pensiya, Azərbaycan müəlliminə 200, həkiminə 150 manat əməkhaqqı verilməsi çox ədalətsiz görünür. Xüsusilə də qiymətlərin bahalaşdığı bir şəraitdə. Bizim müqayisələrimiz göstərir ki, baxmayaraq ki, Azərbaycanda adambaşına gəlirlər cəmi 6 min dollar təşkil edir, Azərbaycanda mövcud qiymətlər adambaşına gəlirləri hətta 36 min dollar təşkil edən ölkələrdən bahadır. Bu, onu göstərir ki, Azərbaycanda çox ciddi təbəqələşmə var, neft pulları ədalətli bölünmür, xüsusilə də mədəniyyət, təhsil, səhiyyə işçiləri az vəsait götürür".
Q.İbadoğlunun digər bir hesablaması büdcə vəsaitlərinin bölgüsü ilə bağlı oldu. Onun sözlərinə görə, büdcənin hər 100 manatından 40 manatı tikintiyə gedir. Halbuki tikinti sahəsində yeyinti, mənimsəmə halları çox böyükdür: “Hər 100 manat büdcə vəsaitindən müəllimə 8, həkimə 3, mədəniyyət işçisinə 1 manat çatır. Hesab edirəm ki, parlamentin ictimai vəsaitlərin idarəolunması üzərində nəzarət funksiyası təmin olunmalıdır və biz bunu edə bilərik. Ölkəmiz doğrudan da zəngin ölkədir, gəlirlərimiz gündən-günə artır. Biz bu rəqəmləri təqdim edirik ki, vətəndaşlar görsünlər bu gəlirlərdən kim nə qədər pay götürür”.
Neftin bahalaşmasına gəlincə, Q.İbadoğlunun sözlərinə görə, hazırda bu vəsaitlərin bölgüsündən pay götürənlər daha çox udurlar. Çünki bahalaşma daha çox vəsaitin bölüşdürülməsinə imkan yaradır: “Bölüşdürülmə ədalətli olmayanda, şəffaflıq təmin edilməyəndə, təbii ki, neft pullarının mənimsəməyə gedən hissəsinin də payı artır”.