Bakının Binəqədi rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Pərviz Mayılovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Mayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 22-də paytaxtın Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Abıyevə hər iki bud və qol nahiyələrinə tapançadan atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Pərviz Mayılov saxlanılıb.
Hadisə "Dəyirman" kimi tanınan ərazidə qeydə alınıb. Abıyev Əli Elxan oğlu Pərviz adlı şəxslə mübahisə zamanı tapança ilə güllələnib. Hadisəni törədən Pərviz Ə.Abıyevə məxsus "Niva" markalı avtomobillə ərazidən qaçıb. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.
Xəsarət alan Əli Abıyev cərrahi əməliyyat olunub. Onun müayinəsi zaman 3 güllə yarası aşkar edilsə də, güllələr Ə.Abıyevin bədənində olmayıb.
Azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan Ə.Abıyev kriminal hesablaşmaya görə güllələnib.
Ona "Makarov" tipli tapançadan atəş açılıb.
Qeyd edək, Ə.Abıyev azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan şəxsdir.
İstintaq orqanı tərəfindən Pərviz Mayılovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürməyə cəhd), 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.
İlkin Muradov
Musavat.com






