İnsanlara hürriyət, millətlərə istiqlal!

"Binə" Ticarət Mərkəzində dükanlar bağlandı: Sahibkarlar etiraz edirlər - FOTOLAR

5307 18.01.2016 19:05 Reportaj A A
Bakının ən böyük ticarət mərkəzlərindən biri olan "Binə"də çalışan sahibkarlar çarəsiz durumda qalıblar. 

Onlar böhran vəziyyətində alver edə bilmədikləri üçün nə icarə haqlarını verə bilirlər, nə də mal ala bilirlər. Bütün bunlardan təngə gələn tacirlər, yanvarın 18-də dükanlarını bağlayaraq, etiraz ediblər. 

Musavat.com saytının reportyoruna danışan sahibkarlar etirazlarının yaranmasının bir neçə səbəbi olduğunu bildiriblər: "Dinc etirazımızın səbəbi ilk olaraq icarə haqqıdır. Son 1 ildə iki dəfə devalvasiya olub. Onsuz da alıcı qıtlığı çəkən bazar daha da pis günə qalıb. Mallarımız dükanda tozlanır. Alver "ölüb". Amma icarə haqları aşağı enmir. İnsaf deyilən şey bunlarda yoxdur. 

Dükan sahibləri vəziyyəti başa düşürlər, pul almırlar. Amma bunlar... Məsələn, mən icarədaram. Dükan sahibi başqasıdır və buranı mənə icarəyə verib. Başa düşür ki, hazırda alver yoxdur. Mənə güzəşt edir və icarə haqqı almır. Amma bazarın hər dükandan aldığı 1050-1200 manat pulu biz ödəməli oluruq. Bazar rəhbərliyi bizə güzəşt etmir". 

Sahibkarların digər narazılığı da Gömrük Komitəsindəndir: "Elə hal yaranıb ki, az qalsın, "Rüşvəti geri qaytarın" deyəcəyik. Çünki gömrükdə 36 faiz rüsum tələb edilir. Bu da gətirdiyimiz malın qiymətini daha da bahalaşdırır. Mallar əsasən ya kuba, ya da çəkiyə görə qiymətləndirilir. Əvvəl Çindən gələn malın 1 kubuna görə əvvəl 300 dollar verirdik. İndi 900 dollar olub. Yəni ki, 3 manata olan Çin məhsulunun bizə gəlişi 9 manata başa gəlir. Biz də onu minimum 10 manata satmalıyıq. 3 manata olan malın elə bir keyfiyyəti yoxdur ki, onu 10 manata satmaq mümkün olsun. Bu da bir tərəfdən ziyan vurur. Onsuz da alıcı yoxdur, belə olanda vəziyyət daha da pisləşib. 

İrandan gəlib, burdan mal alanlar var idi. Onlardan da vergi tutulur. Əvvəl hər malın kilosuna görə 2 manat idi. İndi bu qiymət 9 manat olub. Çox gülməlidir. İstehsalçı deyilik. Başqa ölkədən gəlib, bizdən mal alanlara daha çox şərait yaratmaqdansa, bunlar buna mane olurlar. Elə bil ki, həyətdə inək saxlayıb, süd satırsan. Səndən pul verib, süd alan adam qapından çıxanda ondan 2 manat daha alırsan. Çünki sənin qapından çıxır. bu da onun kimi bir şeydir". 

Sahibkarların şikayətlərini nəzərə alaraq, ticarət mərkəzinin rəhbərliyi ilə görüşməyə cəhd etdik. Bizi "Binə” Ticarət Mərkəzinin müdirəsi Kəbirə Məmmədovanın müavini Dilşad Əmirovanın yanına apardılar. Amma deyəsən, hərbi hissəyə, gizli bir əraziyə daxil olurduq. Çünki kameramızı, telefonumuzu alıb, içəri buraxdılar. Bizi oturduğu yerdə qarşılayan Dilşad Əmirovanın ilk sözü "Müsahibə verməyəcəm” oldu.

- Onsuz da müsahibə üçün vacib olan bütün resursları əlimizdən aldınız. Gəlişimizin səbəbi bu gün sahibkarların dükan bağlama aksiyalarıdır. Onların etirazlarına iki səbəb var...

- Bəli, onların etirazı karqoya görədir. Qiymətlər bahalaşıb.
 
- Onların etirazlarının digər səbəbi də icarə haqlarıdır. Böhran dövründə heç bir güzəştin edilməməsi narazılığa səbəb olub…
 
- Xoş getdiniz. Sizə yaxşı yol. Jurnalistləri yola salın (otaqdakı digər şəxslərə müraciət edir - red). 

Beləcə D.Əmirova bizim suallarımıza cavab vermədən, mədəni formada otaqdan qovdu. Əgər deyilənlər yalandırsa, bunu etməyə nə gərək var idi? Deməli, ticarət mərkəzinin rəhbərliyi dolayısı yolla yüzlərlə sahibkarı etirazlara məcbur edir. 

"Binə" Ticarət Mərkəzinin müdirəsi Kəbirə Məmədova məsələ ilə bağlı baku.ws-ə bildirib ki, deyilənlərin hamısı şayiədir. 

Onun sözlərinə görə, bu bir qrup təxribatçının yaydığı böhtandır: "Biz 2008-ci ildən bura köçmüşük. O vaxtdan bəri icarə haqları nəinki qaldırılıb, hətta bu məbləğ bir az azaldılıb. Biz satıcılara daim güzəştlər edirik. Yaxın günlərdə yenə də güzəştlər edəcəyik. Yer pulunun qaldırılması məsələsi isə ağ yalandır". 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən musavat.com-a verilən məlumata görə, ölkəyə idxal olunan bütün mal və nəqliyyat vasitələri yalnız qanunvericiliklə nəzərdə tutulub, "Gömrük Tarifi Haqqında Qanun"a uyğun olaraq, vergi və rüsumlara cəlb edilir: "İdxal əməliyyatları zamanı lazım olan müvafiq sənədlər vaxtında və düzgün olaraq, gömrük orqanına təqdim edildikdə ən qısa zaman kəsiyində gömrük rəsmiləşdirilməsi həyata keçirilir".

Məhəmməd Türkmən,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR