Keçmiş məhkumlardan birinin ölümü, digərinin həbsi ilə nəticələnəm cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vahid Qəhrəmanov ifadə verib.
Şahid deyib ki, "Xəzər univermağı"nın yanında mebel sexi işlədib və hadisə şahidi olduğunu deyib:
"Sexin qabağında dayanmışdım. İki nəfər əlində bıçaq mən tərəfə gəldi. Sonradan adını öyrəndiyim Vüqarın sinəsi qan idi, rəhmətə gedən şəxsin, Elşənon köynəyi isə cırılmışdı. Elşənin ayağına nəsə ilişdi və yerə yıxıldı. Vüqar ona yaxınlaşıb "ölmə" dedi. Sonra Elşən ayağa qalxdı və bir-birlərinə bıçaq atdılar. Elşənə bir neçə dəfə bıçaq dəyəndə yerə yıxıldı, amma yenə qalxırdı. O, sonuncu dəfə yerə yıxıldı və qalxmadı, öldü".
Şahidin sözlərinə görə təqsirləndirilən V.Hüseynov hadisə yerindən qaçmayıb.
"Biz rəhmətliyə yaxınlaşanda onun sinəsində 2 bıçaq yarası var idi. İstintaq dövründə isə mənə onun meyitini göstərdilər. Rəhmətliyin qarnında 3 bıçaq yarası gördüm"- deyə şahid qeyd edib.
Sonra məhkəmədə zərərçəkmişin hüquqi varisi Suman Məmmədovanın ərizəsi elan olunub. O, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını söyləyib.
Hadisə ötən ilin oktyabr ayında Bakının Xətai rayonu ərazisində baş verib.
Paytaxt sakini, 31 yaşlı Həsənov Vüqar Əbdülhəmid oğlu Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi 20 ünvanında Elşən Məmmədovla mübahisə edib.
Hər iki şəxs daha sonra hadisə yerinə bıçaqla gəlib, əlbəyaxa davaya çevrilən mübahisə zamanı qarşılıqlı şəkildə bir-birilərinə bıçaqla xəsarətlər yetiriblər. Onların söyüş üstündə dava etdiyi deyilir.
Ağır xəsarət alan V.Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı şəxs isə hadisə yerində dünyasını dəyişib.
Onlar eyni məhəllədə yaşayıblar və dost olublar. Onların hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər məhkum ediliblər.
İ.Muradov
Musavat.com






