İnsanlara hürriyət, millətlərə istiqlal!

BƏZİ VERGİ DƏRƏCƏLƏRİ AZALDILMALI, VERGİ QOYMA MEXANİZMİ DƏYİŞDİRİLMƏLİDİR

1894 23.04.2010 01:11 İqtisadiyyat A A

Ekspertə görə, bu, elektron ticarətin inkişafına yardım göstərməklə yanaşı, elektron ticarətin daha da leqallaşmasına səbəb ola bilər. Təkliflər paketində ƏDV-nin bir deyil, “dəyişən dərəcələrinin” tətbiq edilməsi əksini tapıb: “Əksər Avropa ölkələrində ƏDV standart deyil, bir neçə dərəcədə olur. Elə sferalar var ki, orada ƏDV-nin faizi standart faizdən az olur. Azərbaycanda isə ƏDV-yə cəlb edilən bütün əməliyyatların hamısı eyni vergi dərəcəsi ilə -18 faizlə cəlb edilib. Halbuki, ƏDV-nin faizinin sektorlar üzrə fərqləndirilməsi qeyri-neft sektorunun inkişafını stimullaşdırar və vergidən yayınmanın qarşısını alar”.
Təkliflər paketində bir sıra Avropa ölkələrində olduğu kimi rüblük bəyannamələrin illik hesabatla əvəz edilməsi də əksini tapıb. Müəlliflərin fikrincə, bu, vergi müfəttişləri ilə sahibkarların birbaşa ünsiyyətinin azalmasına səbəb ola bilər. Həmçinin Vergi Məcəlləsi üzrə risk təhlilinin aparılması təklif olunur. Ekspertlərin fikrincə, müstəqil və tanınmış xarici şirkət tərəfindən həyata keçirilməsi tövsiyə edilən bu təhlil məcəllənin korrupsiya üçün hansı imkanlar yaratdığını müəyyənləşdirə bilər. Vergilər Nazirliyi yanında Müşahidə Şurası yaradılmalı və həmin şuraya hökumət qurumlarının nümayəndələri ilə yanaşı biznes və vətəndaş cəmiyyətinin nümayəndələri cəlb edilməlidir. Vergi Məcəlləsinə görə, 2000 AZN-dən artıq vergidən yayınma cinayət xarakterli fəaliyyət hesab edilir. Təkliflər paketində isə qeyd olunur ki, məbləğin artırılmasına ehtiyac var: “Belə ki, bu, bir sıra hallarda sui-istifadələr və biznesə müdaxilələrə imkan yarada bilər. Bir sıra vergi dərəcələri azaldılmalıdır. Vergi dərəcələrinin sahibkarlığın inkişafında rolu əvəzsizdir. Böhran dövründə yüksək vergi dərəcələri sahibkarların sərəncamında qalan vəsaitlərin həcmini azaldır və onların likvidliyini aşağı salır. Artıq nəinki bəzi keçid ölkələrində, hətta bir sıra inkişaf etmiş ölkələrdə də vergi dərəcələrinin azaldılması həyata keçirilib”.
Bu baxımdan təklif olunur ki, vergi dərəcələrinə 1 il müddətində aşağıdakı azalmalar tətbiq olunsun:

  • Əlavə Dəyər Vergisi 18 faizdən 16 faizə endirilsin;
  • Sosial sığorta ayırmasının həcmi, işəgötürənlərdən tutulan hissəsi 22 faizdən 18 faizə endirilsin;

Fiziki şəxslərin gəlir vergisində vergidən azad edilən hissəsi 75 manatdan 100 manatadək artırılsın və eləcə də güzəştin tətbiq edilmədiyi məbləğ 200 manatdan 300 manatadək artırılsın;
Sadələşdirilmiş vergi fiziki şəxslər üçün nəzərdə tutulan illik maksimum məbləğ 90 min manatdan 120 min manatadək, hüquqi şəxslər üçün 150 min manatdan 200 min manatadək artırılsın;
İnvestisiya vergi sisteminin tətbiqi gücləndirilsin. Belə ki, Azərbaycanda investisiya vergilərinin tətbiqi son illər ciddi şəkildə müzakirə edilsə də, bu sistemi real olaraq hələlik tətbiq etmək mümkün olmayıb;
Yerli təkrar istehsalçıları dəstəkləmək üçün təkrar məhsulların istehsalı və təkrar ixracı üçün xaricdən alınan xammala hesablanan ƏDV-nin ödənilməsinə 1 il müddətinə güzəşt tətbiq edilsin.
Tədbirdə çıxış edən millət vəkili Vahid Əhmədov irəli sürülən təkliflərin yüksək qiymətləndirərək bunun dövlət büdcəsinə necə təsir göstərəcəyini öyrənməyin də vacib olduğunu dilə gətirib. Bildirib ki, ƏDV dövlət büdcəsinin əsasını təşkil edir. Onun 1 faizinin belə azaldılması təxminən 40-50 milyon manata başa gələ bilər. Bu səbəbdən millət vəkili ƏDV-nin ildə 1 faiz azaltmağın mümkün olduğunu diqqətə çatdırıb.
İqtisadçı ekspert Qubad İbadoğlu isə bildirib ki, vergi sistemində problemlər yalnız vergi dərəcələrinin yüksək olması ilə bağlı deyil. Vergi orqanlarının qanunsuz müdaxilə hallarına yol verdiklərini deyən Qubad bəy vergi ödəyicilərinin hüquqlarının artırılmasını zəruri hesab edib. Ekspert şəffaflıq məsələsinə də diqqət yetirilməsinin vacib olduğunu dilə gətirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR