“Human Rights Watch” təşkilatının Azərbaycanda insan haqları ilə bağlı növbəti hesabatı, gözlənildiyi kimi, fərqli reaksiyalar doğurub. “2014 Dünya Hesabatı” adlı tədqiqatın Azərbaycanla bağlı hissəsində deyilir ki, ötən il toplaşma, söz azadlığı, iqtisadi durumla bağlı vəziyyət daha da pisləşib.
Hesabatda vurğulanır ki, oktyabrda keçirilən prezident seçkisi ərəfəsində vəziyyət xüsusilə dramatikləşib: “Azərbaycan hakimiyyəti onlarla siyasi fəalı qondarma ittihamlarla həbs edib, tənqidçi jurnalistləri həbsxanaya salıb, bir neçə dinc nümayişi dağıdıb. Fundamental azadlıqları məhdudlaşdıran qanunvericiliyi qəbul edib: bütün bu basqılar prezident seçkisinə fon olub. Həmin seçkidə İlham Əliyev üçüncü müddətə 84.5 faiz səslə prezident seçilib”. Təşkilatın Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Gogia deyib ki, ötən ildə Azərbaycan hökuməti tənqidçilərə qarşı tayı-bərabəri olmayan tədbirlər həyata keçirib. Hesabatda deyilir ki, 2013-cü ildə Azərbaycan hakimiyyəti azı 23 siyasi fəala, jurnalistə, bloqçuya, hüquq müdafiəçisinə qarşı saxta narkotik, qanunsuz silah gəzdirmə, xuliqanlıq, qızışdırıcılıq, hətta satqınlıq ittihamları irəli sürüb. HRW bildirir ki hökumət onları azad etməli, insanları siyasi motivlərlə ittiham etməyi dayandırmalıdır.
Hesabatda Azərbaycanda istintaq altında olan və ya məhkəməyə çıxarılan fəalların adları sadalanır. Məsələn, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin, REAL-ın həmsədri İlqar Məmmədovun, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun və başqalarının adları var. Hesabatda onların hər birinin ittihamına ayrı-ayrılıqda toxunulub.
“Azadlıq Radiosu” xəbər verir ki, HRW icazəsiz aksiyalarda iştirakla bağlı qanunvericiliyin sərtləşdirilməsini, internetdə böhtan və təhqirə görə cəza verilməsi ilə bağlı müvafiq qanuna əlavəni fundamental azadlıqların məhdudlaşdırılması kimi qiymətləndirir. Hesabatda deyilir ki, hökumətin beynəlxalq tərəfdaşları Azərbaycanı insan haqlarının vəziyyətinə görə tənqid etsə də, durumun yaxşılaşmasına nail ola bilməyib. Hesabatda o da göstərilir ki, ötən ilin fevralında yazıçı Əkrəm Əylisli Azərbaycan-Ermənistan müasir tarixi ilə bağlı yazdığı əsərə görə hakimiyyətin sərt tənqidi ilə üzləşib. Prezident Əliyev yazıçıya verilən prezident təqaüdünü və “Xalq yazıçısı” adını geri alıb, Əkrəm Əylislinin xanımı və oğlu iş yerlərini itiriblər.

Yazıçı Əkrəm Əylisli “Human Rights Watch” təşkilatının hesabatında onun barəsində yer alan məqamlara münasibət bildirib. AzNews.az-a açıqlamasında Əkrəm Əylisli deyib ki, bütün təşkilatların öz funksiyası var: “Hər kəs öz funksiyasını həyata keçirməyə çalışır. Mən onlara pis deyə bilmərəm, amma bu məsələni yenidən təhlil etməyə ehtiyac görmürəm. Sadəcə, “Daş yuxular” əsərinə görə düzgün anlaşılmadım. Hər halda, ədəbiyyatı ədəbi nümunə kimi müzakirə etmək lazım idi. Ədəbiyyatda çox hadisələr baş verib. Bu bir faktdır ki, ədəbiyyatçının sözü hakim qurumun fikri ilə üst-üstə düşmür. Əsərdə insan taleyi yazılıb. O dövrdə məni pis başa düşənlər də, haradasa tələsik qərar verənlər də oldu. Bu, yazıçı taleyinin bir səhifəsidir. Ədəbiyyatdır, başa düşülməyən çox əsərlər olub".
Ə. Əylisli “Human Rights Watch” təşkilatına müəyyən iradlarını bildirib və tövsiyə verib: “Məni müdafiə ediblərsə, çox sağ olsunlar, amma mənim müdafiəm Azərbaycanı aşağılamaq şəklində olmamalıdır. İnanmaq istəyirəm ki, onlar məni müdafiə etməklə Azərbaycana bir ziyan vurmurlar. Hər bir təşkilat öz funksiyasını yerinə yetirir. Bu da növbəti bəyanatdır”.
Əkrəm Əylisli “Yeni Müsavat”a dedi ki, onun “Human Rights Watch” təşkilatı ilə bağlı dedikləri düzgün anlaşılmayıb: “Jurnalistlər istədikləri kimi yazıblar. Mənim heç onlara iradım da yoxdur, sadəcə, uzun söhbətin qısa məzmununu yazıblar və sərlövhəyə çıxarılıb ki, guya mən bu təşkilatın əleyhinə çıxmışam. Adından da görünür ki, bu, humanizmi qoruyan təşkilatdır, mən özüm də humanist adamam və bu təşkilatın hesabatı da humanizmdən gələn mövqedir. Mən ”Human Rights Watch"a necə irad tuta bilərəm ki? Sadəcə, jurnalistlər başlığı elə qoyublar ki, material çox oxunsun. Ancaq belə çıxmasın ki, mən saytı qınayıram. Sadəcə, demişəm ki, mənimlə bağlı mövqeyin ifadə olunduğu materialda Azərbaycanın aşağılanması mənim ürəyimcə deyil. Yəni mövqeyim müəyyən qədər təhrif olunmuş şəkildə gedib".

AVP sədri, deputat Fəzail Ağamalı deyir ki, “Human Rights Watch”ın hesabatını oxumadan da onun qərəzli olduğunu söyləmək mümkündür: “Təkcə Əkrəm Əylisli kifayətdir ki, bu hesabatın hansı qüvvələr tərəfindən hazırlandığı bəlli olsun. Mən gözləmirəm ki, bu təşkilat hansısa bir zaman kəsiyində Azərbaycanla bağlı müsbət bir fikir söyləyəcək. Görünən budur ki, onun arxasında erməni maliyyəsi durur və ermənilərin məqsədlərinə xidmət edir. Əkrəm Əylisli bütün Azərbaycan xalqını təhqir edib və bu təhqirə görə cəmiyyət öz münasibətini ifadə edib. Hansı mənəvi haqla həmin təşkilat Azərbaycan cəmiyyətini ittiham edir? Bu da iqtidar, ayrı-ayrı konkret siyasi partiya deyil ki. Faktiki olaraq cəmiyyətin mütləq əksəriyyəti Əkrəm Əylislini Azərbaycan xalqını təhqir etdiyinə görə haqlı olaraq ittiham etdi”. Təşkilatın hesabatında T.Yaqublu və İ.Məmmədovun həbsi ilə bağlı mövqeyinə gəldikdə, F.Ağamalı buna da etiraz etdi: “Azərbaycan cəngəllik ölkəsi deyil ki, kim nə istəyirsə, onu həyata keçirsin. Azərbaycanda qanunlar mövcuddur və hər kəs kimliyindən, cəmiyyətdə hansı mövqedə durmasından asılı olmayaraq cavab verməlidir. Onlar İsmayıllı hadisələrinə görə istintaqa cəlb olunublar və istintaqın da nəticələrini məhkəmə müəyyənləşdirəcək. Ya onlara haqq qazandıracaq, ya da tutmuş olduğu əməllərə görə iş kəsiləcək. Bunu isə qabaqlamaq əslində Azərbaycanın məhkəmə sisteminə təzyiq kimi qiymətləndirilməlidir”.

Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu isə təşkilatın hesabatındakı tənqidləri situasiyaya adekvat saydı: “Hesabatda Azərbaycandakı situasiya ilə bağlı əksini tapan məqamlar həqiqəti əks etdirir. Hakimiyyət ümumiyyətlə, beynəlxalq təşkilatların hesabatlarında əksini tapan iradları qərəzli adlandırır. Ancaq hakimiyyətin necə adlandırmasından, necə qəbul etməsindən asılı olmayaraq bu hesabatda əksini tapanlar obyektiv gerçəklikdir”.
Cavid TURAN