İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq tədbirlərin Azərbaycana qazandırdığı dividentlər

733 16.11.2019 08:50 Gündəm A A

Arzu Nağıyev: “Müvəqqəti məişət çətinlikləri, tıxac yarana bilər, amma bu tədbirlər çox vacib məsələlərin həllində mühüm rol oynayır”

Noyabrın 14-15 Bakıda növbəti beynəlxalq tədbirə ev sahibliyi etdi. Belə ki, iki gün ərzində Azərbaycan paytaxtında Dünya dini liderlərinin II Bakı Sammiti keçirildi.

Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən sammitdə dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edirdi.

İki gün davam edəcək sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olundu. Sammitdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak etdilər.

Dövlət başçısı tədbirdə çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən, Qarabağ torpaqlarının tapdaq altında qalmasından bəhs edib. Deyib ki, dinlərarası dialoqdan danışarkən təkcə müsbət məqamların qeyd edilməsi ilə kifayətlənməməli, eyni zamanda münaqişələri din amilinə bağlamaq cəhdlərini də çox ciddi şəkildə pisləməliyik. Prezident bildirib ki, bu nümunələrdən biri uzun illərdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ölkə rəhbəri qeyd edib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib: “Bu qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlarımızdan çıxarılması haqqında açıq-aydın müddəalar var. Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar oxşar qərar və qətnamələr qəbul edib. Münaqişənin həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır”.

Azərbaycan paytaxtında Dünya dini liderlərinin II Bakı Sammiti ile ilgili görsel sonucu

Qeyd edək ki, Azərbaycan paytaxtının beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənəyə çevrilib. Bu tədbirlər həm də ölkəmizin ərazi bütövlüyü ilə bağlı prinsipial mövqenin sərgilənməsi, Azərbaycan həqiqətlərinin yayılması baxımından olduqca faydalıdır. Elə bir neçə gün əvvəl Qoşulmama Hərəkatının Bakıda keçirilən toplantısının yekununda qəbul olunan sənəddə 120 dövlət Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi. Lakin bəzi müşahidəçilər bu kimi tədbirlərə fərqli münasibət sərgiləyir. Məsələn, dini liderlərin sammitinin keçirildiyi günlərdə Bakıda tıxacın yaranması da söz-söhbətə səbəb oldu.

Deputat Fazil Mustafa ile ilgili görsel sonucu

Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, bu cür tədbirlərin əhəmiyyəti böyükdür: “Başqa ölkələrdən gələn din xadimlərinin ölkəmizlə təmasları faydalıdır”. Deputat deyir ki, tıxac problemi yaşansa da, buna başqa platformada əlac etmək lazımdır: “İctimai nəqliyyat sektoru bərbad durumdadır. Metro inşaatı da ləng gedir. İnsanlar şəxsi avtomobildən başqa digər nəqliyyat vasitələrində rahatlıq tapmırlar. Bu da hamının elliklə şəxsi maşından istifadəsinə səbəb olur və hərəkətin intensivliyini təmin etmək mümkün olmur”.

“Prezident öz nitqində Azərbaycanda olan tolerant və multikultural mühit haqqında danışaraq, bu gün ölkəmizin dünyada dinlərarası dialoqun genişlənməsinə verdiyi töhfələrə də toxunub. Bu gün Azərbaycanda dövlət-din münasibətləri çox yüksək və sivil səviyyədə qurulub. Azərbaycan Konstitusiyasında dövlət-din münasibətlərinə və dini etiqad azadlığına həsr olunmuş xüsusi maddələr mövcuddur ki, ölkəmizdə də bu ana qanunun tələblər rəhbər tutularaq, dövlət siyasəti müəyyənləşdirilib”.

Azər Badamov ile ilgili görsel sonucu

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O, qeyd edib ki, bu gün Azərbaycanda din dövlətdən ayrı olmasına baxmayaraq, ölkəmizdə olan bütün dinlərin inkişafına dövlət qayğısı mövcuddur. “Dövlətin dəstəyi ilə məscidlər, kilsələr, sinaqoqlar yenidən qurulub və insanlara dini ayinlərin həyata keçirilməsinə tam azad və sərbəst şərait yaradılıb. Təbii ki, dünyada Azərbaycan kimi müxtəlif dinlərə ölkədə belə azad şərait və imkanlar yaradan ikinci ölkə tapmaq çətindir. Hətta dünyanın inkişaf etmiş ölkələrində islamafobiya, ksenofobiya hallarının mütəmadi olaraq baş verdiyini müşahidə edirik. Amma onlardan fərqli olaraq Azərbaycanda bu günə qədər milli, irqi və dini müstəvilərdə heç vaxt münaqişə və xoşagəlməz hallar, təqib müşahidə olunmayıb. Bu, bizim ölkəmizin başqa ölkələrdən fərqimiz və gözəlliyimizdir. Nə qədər ki, dünyada vahid bir fikir olmayacaq, islamafobiya, ksenofobiya halları davam edəcək, sülh və əmin-amanlıqdan danışmaq çətin olacaq. Azərbaycan dünyada qeyd etdiyim bu mövzularda bir barış mühitinin, dialoqun yaradılması missiyasını öz üzərinə götürüb və ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirlər də bunu deməyimizə imkan verir. Bütün dünya ölkələri çalışmalıdırlar ki, ədalətsizliyə qarşı birgə mübarizəni gücləndirsin, dünyada sülh və əmin-amanlıq təmin olunsun. İnsanlar öz dini, milli, irqi mənsubiyyətlərinə görə əziyyət çəkməsinlər. Bu missiyanı Prezdent İlham Əliyevin və I Vitse-prezdent Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmiz çox yüksək səviyyədə həyata keçirir və dünyada çox yüksək dəyərləndirilir. Son sammit də bunun daha bir nümünəsi oldu...”-deyə, A.Badamov sözlərinə əlavə edib.

Politoloq Arzu Nağıyev isə “Yeni Müsavat”a dedi ki, Azərbaycanda belə bir tədbir artıq ikinci dəfədir keçirilir: “Bu, çox mühüm bir məsələdir. Yəni məlumdur ki, dini rəhbərlər eyni zamanda nüfuz sahibləri olan şəxslərdir. Nümayəndə heyətlərinin tərkibindən də hiss olunur ki, bu şəxslər öz dövlətlərində qərarların qəbul edilməsinə təsir edən nüfuzlu din xadimləridirlər. Onların Azərbaycan həqiqətləri ilə bağlı məlumatları gələcəkdə mühüm sənədlərdə əksini tapa bilər. Eyni zamanda tədbirdə Azərbaycanda olan multikultural dəyərlər, tolerantlıq, bütün dinlərə münasibət də cənab İlham Əliyev tərəfindən çatdırıldı. Dağlıq Qarabağ həqiqətləri, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamalar da mühüm əhəmiyyət kəsb edir. Digər bir məqam da beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın ev sahibliyi etmək imkanının olmasıdır. Bu, həm təhlükəsizlik baxımından, həm də artıq əldə edilən təcrübənin olmasındandır. Yəni müvəqqəti məişət çətinlikləri yarana bilər. Amma bu tədbirlər çox vacib məsələlərin həllində mühüm rol oynayır”.

Cavid TURAN,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR