İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq maliyyə qurumlarından manata etimad - istiqrazlar nə vəd edir?

953 19.07.2019 08:40 İqtisadiyyat A A

Rəşad Həsənov: “Əldə olunan vəsaitlər biznes kreditləşməsinə yönəldilməsə...”

Azərbaycanda ilk dəfə beynəlxalq maliyyə institutu tərəfindən milli valyutada istiqraz emissiya ediləcək. “Yeni Müsavat” Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki, qurum tərəfindən iyulun 16-da Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 10 milyon manatlıq istiqraz emissiyası dövlət qeydiyyatına alınıb. Bu rəqəmin ilin sonunadək 50 milyon manata çatdırılması nəzərdə tutulur.

730 gün müddətində dövriyyədə olacaq və hər birinin nominal dəyəri 1 000 manat olan 10 min ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazların illik gəlirliliyi 9,25 faiz təşkil edəcək. Faiz ödənişləri 3 aydan bir həyata keçiriləcək. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC-də (BFB) yerləşdiriləcək.

MBNP-də hesab edirlər ki, beynəlxalq maliyyə institutları tərəfindən yerli bazarda buraxılacaq istiqrazlar ölkədə sahibkarlığın inkişafına dəstək olacaq, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanı təmin edəcək: “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarlarının inkişafı”na dair 2-ci strateji hədəfində emitentlər və maliyyə vasitəçiləri üçün əlverişli mühit yaradılması, listinqə çıxışı məhdudlaşdıran amillərin aradan qaldırılması, stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi və yeni listinq prosedurlarının hazırlanması müəyyən edilib. Qeyd edilən tədbirlərin icrası məqsədilə beynəlxalq maliyyə institutlarının istiqraz emissiyasına qanunvericilikdə mane olan amillərin aradan qaldırılması üzrə MBNP “Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişikliklər layihəsi hazırlayıb və həmin dəyişikliklər 1 fevral 2019-cu il tarixində qüvvəyə minib. Eyni zamanda beynəlxalq təşkilatların emissiyasının təşviq edilməsi məqsədilə BFB-nin listinq qaydalarına dəyişikliklər edilərək, beynəlxalq maliyyə institutlarının spesifikasiyasına uyğun daha sadə listinq tələbləri müəyyən edilib. Həyata keçirilmiş tədbirlər beynəlxalq təşkilatların yerli qiymətli kağızlar bazarına olan marağını artırıb və əlavə stimullar formalaşdırıb".

Qeyd edək ki, QDTİB Qara dəniz ətrafı ölkələrinin regional inkişafı və əməkdaşlığına dəstək məqsədilə 1999-cu ildə yaradılıb. Azərbaycan da daxil olmaqla 11 ölkənin üzv olduğu təşkilatın əsas fəaliyyət istiqaməti Qara dəniz regionu ölkələrində iqtisadi tərəqqinin və regional əməkdaşlığın inkişafı məqsədilə üzv ölkələrdə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi, ticarətin və digər layihələrin dəstəklənməsi, müxtəlif təminatların verilməsi, həmçinin dövlət və özəl təşkilatların kapitalında iştiraka fokuslanıb.

Ä°lgili resim

Bankın istiqrazların qısa müddətə yerləşdirilməsi, sözügedən təşkilat tərəfindən 2019-cu və 2020-ci illərdə daha böyük məbləğlərdə Azərbaycan qiymətli kağızları bazarında istiqraz emissiyası və cəlb olunmuş vəsaitlərin ölkədə sahibkarlığın inkişafına yönəldilməsi nəzərdə tutulub.

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a bildirdiyinə görə, bundan əvvəl də müxtəlif beynəlxalq maliyyə qurumları tərəfindən belə təşəbbüslər göstərilib: “Amma faktiki olaraq bu istiqamətdə real addımın atılması Azərbaycan üçün ilk haldır. Proqram iki illik bir dövrü əhatə edir. İlk emissiya kiçik bir məbləği - 10 milyon manatı əhatə edir. Bu baxımdan onun maliyyə sektoru və iqtisadiyyatda hansısa ciddi təsirlərini gözləmək mümkün deyil. Əsas müsbət təsirlərdən biri qiymətli kağızlar bazarının inkişafı ilə bağlı olacaq. Bu addım qiymətli kağızlar bazarında aktivliyə gətirib çıxara bilər”.

İqtisadçı-ekspert Rəşad Həsənov ile ilgili görsel sonucu

Manatla istiqrazların emissiya edilməsi manatın məzənnəsinə dair gözləntilərlə bağlıdır: “Bu gözləntilər daha çox manatın məzənnəsində dəyişikliklərin olacağı ehtimalından xəbər verir. Düzdür, hökumət və Mərkəzi Bank manatın məzənnəsini üzən rejimə keçirdiklərini elan etsə də, hələ ki, bu keçid baş verməyib. Məzənnə faktiki olaraq Mərkəzi Bank tərəfindən tənzimlənir. Çünki iqtisadiyyatı sabit məzənnə ilə idarə etmək daha rahatdır”.

İqtisadçının fikrincə, istiqrazlardan əldə olunan vəsaitlər yığım üçün yararlı sayıla bilməz, çünki kifayət qədər bahalı vəsaitlərdir: “Belə ki, istiqrazlar 9,25 faizlə yerləşdirilib, halbuki bu gün ölkədə manatla əmanət faizləri 6-7 faizdən yuxarı deyil. Əmanətlərdən daha yüksək faizin tətbiq olunması əldə ediləcək vəsaitlərin yüksək gəlirli sahələrə yönəldilməsini tələb edir. Rəsmi açıqlamaya görə, cəlb olunan vəsaitlər sahibkarlığın inkişafına yönəldiləcək. Bu, o deməkdir ki, həmin vəsaitlər azı 12-13 faizlə biznes kreditləşməsinə yönəldilməlidir ki, bank gəlir əldə edə bilsin. Bu, baş verməsə, əldə olunan vəsaitlər yığıma yönəldiləcəksə, demək, istiqraz emissiya edən qurumun yaxın vaxtlarda manatın məzənnəsində kəskin ucuzlaşma gözləntiləri mövcuddur. Yəni bank istiqrazlardan əldə etdiyi manatı xarici valyutaya çevirib saxlayacaq, məzənnə dəyişikliyi zamanı daha çox manat əldə etməklə həm faizləri ödəyəcək, həm də gəlir əldə edəcək. Bildiyiniz kimi, Moody’s və digər reytinq agentlikləri yaxın 2 ildə manatın ucuzlaşacağını proqnozlaşdırır. Düüşünürəm ki, manatla istiqraz emissiya edənlər bu kimi proqnozları nəzərə almamış deyillər”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR