İnsanlara hürriyət, millətlərə istiqlal!

“Beynəlxalq Bankın özəlləşdirməyə çıxarılması düzgün addımdır”

2207 17.07.2015 10:23 İqtisadiyyat A A
“Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi onun əmanətçilərinin vəziyyətini ciddi şəkildə dəyişəcək”. Ekspert Əkrəm Həsənov Beynəlxalq Bankın özəlləşdirilməsi qərarına münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, dövlət əmanətçilər qarşısında məsul deyil: “Hazırda Əmanətlərin Sığortalanması Fondu fiziki şəxsin hər bankda 30000 manat həddində olan və faiz dərəcəsi 12-ni ötməyən əmanətini sığortalayır. Əmanətlərin Sığortalanması Fondunun hüquqi statusu qeyri-müəyyən, fəaliyyəti isə qeyri-şəffafdır. Hər bir halda Əmanətlərin Sığortalanması Fondunun dövlətə aidiyyəti yoxdur. Əmanətlərə görə Əmanətlərin Sığortalanması Fondu sırf özü cavabdehdir. Bəzilərinin düşündüyündən fərqli olaraq, dövlət əmanətlərə görə məsuliyyət daşımır. Yəni Əmanətlərin Sığortalanması Fondu özü də müflis olsa, dövlət əmanətçilər qarşısında məsul deyil, başqa sözlə, əmanətlər batacaq. Bu, bir neçə bankın müflisliyi, yaxud özünün səmərəsiz idarəçiliyi nəticəsində ola bilər”. 

Ekspertin sözlərinə görə, dövlət yalnız iki bankın əmanətçiləri qarşısında tam məsuliyyət daşıyır: “Əmanətin məbləğindən və faiz dərəcəsindən asılı olmayaraq. Bu, Beynəlxalq Bank və Azər-Türk Bank-dır. Çünki onların səhmlərinin 50 faizdən çoxu dövlətə məxsusdur. Mülki Məcəllənin 950.1-ci maddəsinə əsasən isə dövlət səhmlərinin 50 faizdən çoxu ona mənsub olan banklardakı əmanətlərə görə məsuliyyət daşıyır. Deməli, Beynəlxalq Bankda dövlətə məxsus səhmlərin payı 50 faizdən çox olmayan həddə düşən andan dövlət artıq onun əmanətçiləri qarşısında məsuliyyət daşımayacaq. Başqa sözlə, Beynəlxalq Bankın əmanətçiləri digər bankların əmanətçiləri ilə eyni vəziyyətə düşəcək. Yəni hüquqi statusu qeyri-müəyyən, sərəncamında olan pul vəsaitini necə idarə etməsi bəlli olmayan, əmanətləri yalnız müəyyən şərtlərlə sığortalayan Əmanətlərin Sığortalanması Fondundan asılı olacaqlar”.

Ekspert Samir Əliyev isə qeyd edir ki, Beynəlxalq Bankın özəlləşdirməyə çıxarılması düzgün addımdır: “Ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bank nəhayət ki özəlləşdirilir. Beynəlxalq Bank ölkənin bir nömrəli bankıdır və onun bazar payı, təxminən 40 faizə yaxındır. Dövlət bankı olmaqla, sistem əhəmiyyətli bank hesab olunur. Ölkə üzrə kredit qoyuluşlarının üçdə biri, depozit qoyuluşlarının isə dörddə biri Beynəlxalq Bankın payına düşür. Dövlətin bütün əsas vəsaitləri Beynəlxalq Bank və qismən də Kapital Bank vasitəsi ilə reallaşdırılır. Digər banklar kənarda qalır və bu da rəqabət mühitini pozur. Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin də əsas benefisiarı bu bankdır. Prezidentin son fərmanına əsasən, Beynəlxalq Banka məxsus problemli aktivlər mərhələli şəkildə likvid vəsait müqabilində dövlətə məxsus “Aqrarkredit” QSC-nin idarəetməsinə veriləcək. “Aqrarkredit” QSC isə öz növbəsində borclanmaya gedəcək, mərhələlərlə istiqraz emissiya edərək onları qiymətli kağızlar bazarında yerləşdirəcək. Bu istiqrazlara dövlət zəmanəti veriləcək, ancaq onun həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limiti nəzərə alınmaqla tənzimlənəcək. Buraxılmış istiqrazlar uzunmüddətli və aşağı faizli, yəqin ki uçot dərəcəsi səviyyəsində olacaq- illik 3 faiz. Mərkəzi Bank həmin istiqrazların satın alınmasını həyata keçirəcək. “Aqrarkredit” QSC istiqrazdan cəlb etdiyi vəsaiti dövrü olaraq Beynəlxalq Banka ödəyəcək. Restrukturizasiya və sağlamlaşdırılma tədbirləri başa çatdıqda Beynəlxalq Bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planını altı ay müddətində hazırlanıb Prezidentə təqdim ediləcək”.

Ekspertin sözlərinə görə, Beynəlxalq Bankın çox böyük problemləri var: “Əsas problemlər vaxtı keçmiş və problemli kreditlər ilə bağlı idi. Qeyd edək ki, təkcə Beynəlxalq Bankın problemli kreditlərinin həcmi bütün ölkə üzrə olan digər problemli kreditlərin həcmindən daha çoxdur. Bankdan milyonlarla dəyərində kredit götürmüş ancaq geri qaytarmamış müştərilərindən həbs yolu ilə borcların bir hissəsi geri alınsa da aktivləri tam xilas etmək mümkün olmayıb. Geri qayıdan vəsaitlərin həcmi barədə məlumatlar açıqlanmır, ona görə zərərli aktivlərin həcmi barədə dəqiq məlumat yoxdur. Ancaq ehtimal etmək olar ki, “Aqrarkredit” QSC-nin boynuna ən azı bir milyard manata yaxın zərərli aktiv yüklənəcək. Beynəlxalq Bankın özəlləşdirməyə çıxarılması düzgün addımdır. İndiki vəziyyətdə özəlləşdirməyə çıxarılması onun dəyər-dəyməzə satılmasına, beynəlxalq reytinqinin aşağı düşməsinə gətirib çıxara bilər. Sağlamlaşmadan sonra isə bankı normal qiymətə satmaq mümkündür. Həm də bankın indiki vəziyyətdə satılması sektor üçün problemlər yarada bilərdi. Təbii ki, əsas məsələ bankın kim tərəfindən alınması olacaq. Əks halda onun özəlləşdirilməsi ciddi əhəmiyyət daşımayacaq”.

RÖYA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR