Beynəlxalq Bank qarşısında aksiya
Oktyabrın 1-də Beynəlxalq Bankın qarşısında aksiya keçirilib. Tikintisi yarımçıq saxlanılan “7 Hills” yaşayış kompleksini tikən eyniadlı şirkətdən narazı olan müştərilər Azərbaycan Beynəlxalq Bankının (ABB) baş ofisinin qarşısında toplaşıb. Virtualaz.org saytının xəbərinə görə, 20-yə yaxın müştəri ötən ay söz verildiyi halda hələ də onlara geri qaytarılmayan pullarını tələb ediblər.
Bundan öncə də - sentyabrın 16-da bankın qarşısında toplaşan müştərilərə pulların sentyabr ayı ərzində geri qaytarılacağına söz verilsə də, vəd elə vəd olaraq qalıb. Bu da payçıların narahatlığına səbəb olub.
Narazı müştərilər bildirib ki, ötən dəfə onların 7 nəfərlik nümayəndəsi ilə ABB rəhbərliyi arasında baş tutan görüşdən sonra hər birinə zəng gələcəyi bildirilib: “Həmin görüşdən sonra hər birimizə zəng gəldi və biz banka gəlib ərizə yazdıq. Bu ərizədən sonra bizə arayış verildi ki, Beynəlxalq Banka heç bir ödəniş öhdəliyimiz yoxdur. Yəni aylıq ödənişlərimiz dayandırıldı. Amma sentyabra qədər ödədiyimiz pullar hələ də geri qaytarılmayıb. Bu dəfə rəhbərliklə əvvəlcədən heç bir görüş razılaşdırmamışıq. Öz aramızda qərarlaşıb bura gəlmişik”.
Narazıları bankın baş direktoru Elmir Həbibullayev qəbul edib. Baş direktor müştərilərə bildirib ki, onların indiki vəziyyətdə narahat olmağa əsası yoxdur, çünki problemin əsas hissəsi artıq həll olunub: “Biz ”7 Hills"dən ipoteka krediti ilə ev alıb Beynəlxalq Banka aylıq ödəniş edən müştərilərin hər biri ilə danışıb onları baş ofisə dəvət etmişik. Onların 90 faizi ərizə yazıb və biz bu ərizə əsasında kredit ödənişini dondurmuşuq. Növbəti mərhələ isə pulların ödənilməsidir ki, bu da ən geci gələn həftənin 1-ci günündən reallaşdırılacaq".
Xatırladaq ki, “7 Hills” şirkətinin “Globus Plaza”nın sahibi, keçmiş deputat və oliqarx, Beynəlxalq Banka yüz milyonlarla dollar kredit borcu olan Dünyamin Xəlilova və onun ortağı Xaqani Bəşirova məxsus olduğu barədə məlumatlar var. Şirkət ötən ilin dekabrında Beynəlxalq Bankın ipoteka kreditləri hesabına Bakının mərkəzi hissəsində orijinal arxitekturaya malik yaşayış kompleksinin tikintisi layihəsini elan edib və geniş reklam kampaniyası başladaraq müştərilər cəlb edə bilib. Lakin çox keçmədən Beynəlxalq Bank ətrafında məlum proseslər başlayıb və oliqarxlar dövlət bankının daha bir iri krediti hesabına öz biznes layihələrini başlaya bilməyiblər.
Qeyd edək ki, bu gün 200-ə yaxın kredit milyonçusunun həbsə olması haqda məlumatlar var. Tutulanlardan çox az bir qisminin adı, kimliyi ictimaiyyətə bəllidir. “Beynəlxalq Bank işi” üzrə həbsdə olanlar sırasında bankın Dubay filialının rəhbəri Adil Hüseynov da var. Onun vəkili Kamandar Nəsibov “Yeni Müsavat”a açıqlamasında deyib ki, hazırda iş üzrə hər hansı bir istintaq hərəkəti aparılmır: “Adamları həbs edib istintaq təcridxanasına göndəriblər. Amma heç bir istintaq hərəkəti aparılmır. Adil Hüseynovun istintaqının müddəti gedir, amma heç bir istintaq hərəkəti yoxdur. Aylardır ki, heç bir istintaq aparılmır”.
K.Nəsibov deyib ki, A.Hüseynovu və iş üzrə tutulan digər şəxslərin Bakı İstintaq Təcridxanasının tibb hissəsinə köçürülməməsi haqda qeyri-rəsmi verilən göstəriş də qüvvəsində qalır: “Adil Hüseynov həbs olunandan 2 ay əvvəl əməliyyat olunub. Onu ”sançast"a qoymurlar. Ümumiyyətlə, Beynəlxalq Bankla bağlı həbs olunan şəxsləri tibbi hissəyə köçürmürlər. Deyirlər ki, belə göstəriş var. Göstərişi kim verib, hansı qanuna əsasən verib, bunu deyən yoxdur. Adil Hüseynov Beynəlxalq Bankın rəhbərliyində olan şəxsin göstərişlərini yerinə yetirib. Ona deyilən hesablara pul köçürməsinə görə tutublar".
E.MƏMMƏDƏLİYEV






