Q.Hüseynov qeyd edib ki, ilkin qiymətləndirmələr zamanı bəzi məsələlər, o cümlədən yeni texnologiyaların tətbiqi, avtomatik idarəetmə sistemi, mərkəzdən idarəetmə, sayğacların avtomatik oxunması, standartların tətbiqi, mərkəzi su laboratoriyasının yaradılması və s. işlər nəzərə alınmayıb.
Çox güman ki, layihələndirmə tam başa çatandan sonra məbləğ daha da artacaq. Azərbaycan təcrübəsində istənilən layihənin ilkin məbləğinə ən azı 30-40 faiz əlavələr edilir, bəzən hətta ilkin dəyərləndirmə ilə son məbləğ arasındakı fərq faizlə deyil, dəfələrlə ölçülür. “Azəsru”nun öz təcrübəsində də belə nümunə var. ASC-nin Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinə Dövlət Neft Fondundan 750 milyon manat xərclənib. Layihənin ilkin dəyəri isə 300 milyon manat həcmində qiymətləndirilib. Lakin üç il ərzində qiymət naməlum səbəblərdən 2,5 dəfə artıb və 750 milyon manata çatıb.
Dövlət büdcəsindən Bakının su ehtiyatları saxlanan hövzələrinin və nəql mexanizmlərinin, kanalizasiya və su borularının yenilənməsi üçün “Azərsu” ASC-yə son 6 ildə dövlət büdcəsindən 558 milyon manat vəsait ayrılıb. Maliyyə Nazirliyinin məlumatına görə, son illər beynəlxalq maliyyə institutlarının xətti ilə də içməli su təchizatının yaxşılaşdırılmasına daha 335 milyon dollar vəsait yatırılıb. Beləliklə, sözügedən mənbələr üzrə paytaxtın su ilə təchizatına 2 milyard dollardan çox vəsait yatırılıb. Ancaq heç bir pozitiv dəyişiklik yoxdur. Əvəzində isə bu vəsaitlərin korrupsiya yemi olması ilə bağlı məlumatlar təsdiqini tapmaqdadır.
Məsələn, Abşeronda “Azərsu” ASC-nin Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun təməlqoyma mərasiminə qatılan prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin icrası zamanı qüsurlara yol verildiyini, bu səbəbdən vəziyyəti normallaşdırmaq və tikinti zamanı edilən səhvləri düzəltmək üçün kəmərin açılışından sonra bir qədər gözləmək lazım gəldiyini bildirib. Təbii ki, bu qüsurların kökündə korrupsiya amili dayanır - layihəyə dəyərindən 2 dəfə artıq pul xərclənibsə, maliyyə çatışmazlığından söhbət belə gedə bilməz.
Onu da qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəməri 2010-cu il dekabrın 28-də istifadəyə verilib. 2011-ci il fevralın 14-də, yəni cəmi 45 gün sonra prezident İlham Əliyev “Azərsu” ASC-nin sədri Nizaməddin Rzayevi (Milli Məclisin sədri Oqtay Əsədovun kadrı kimi tanınırdı) vəzifəsindən çıxarıb. Təbii ki, sabiq sədrin işdən çıxarılmasının səbəbi elə fantastik korrupsiya əməlləri olub. Fevralın 16-da dövlət başçısı Qorxmaz Hüseynovu “Azərsu” ASC-yə sədr təyin edib. Buna qədər Qorxmaz Hüseynov Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsini tutub və onun prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun kadrı olması ilə bağlı dəqiqləşdirilmiş məlumatlar var. Görünür, baş mühafizəçi də artıq fantastik biznes imkanları ilə kifayətlənməyib, neft pullarını mənimsəməklə bağlı oliqarxların yarışına da qatılıb. Elə ona görə də, neft piroqundan 1,5 milyard manatlıq (sonda bu məbləğ 3 milyard manata qədər arta bilər) pay umur. Belə getsə “Azərsu” korrupsiya əməliyyatlarının həcminə görə yaxın illərdə hətta Nəqliyyat Nazirliyini də ötəcək.






