İnsanlara hürriyət, millətlərə istiqlal!

Beşqat dünya çempionu hakim qarşısına çıxarılıb: o, qayınatasını döyməkdə ittiham edilir

1187 01.02.2019 17:42 Kriminal A A

“Neftçi” İdman Klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” İdman Klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi Ehram Məcidov hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1979-ci il təvəllüdlü Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatlarında E.Məcidovun daha əvvəl məhkumluq həyatı yaşamadığı qeyd edilir. Zərərçəkmiş şəxs 1953-cü il təvəllüdlü Bəhruz Dilbazidir. Anket məlumatları dəqiqləşdiriləndən sonra zərərçəkmiş tərəf məhkəməyə mülki iddia təqdim edib.

Ehram Məcidovun vəkili isə məhkəməyə vəsatət təqdim edib. Vəkil bildirib ki, Ehram Məcidovla qayınatası arasında baş verən insidentə birbaşa şahidlik etmiş şəxslər məhkəmənin baxış iclasında dindirilməlidir. Müdafiəçi qeyd edib ki, insident Binəqədi Rayon İcra Şöbəsində baş verib. Lakin insident baş verən zaman orada olan icra şöbəsinin əməkdaşı və mühafizə xidmətinin əməkdaşları əsas şahid olduqları halda dindirilməyiblər.

Ehram Məcidov isə ona qarşı irəli sürülən ittihamla razı olmadığını, işin ibtidai istintaqa qaytarılmasını istəyib. Məhkəmə müşavirədən sonra vəsatətlə və işin məhkəmə baxışına verilməsi ilə bağlı qərarı elan edib. Vəsatətlər təmin edilməyib və məhkəmənin baxış iclası fevralın 12-nə təyin edilib.

Bildirək ki, Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Əgər məhkəmə istintaqı dövründə E.Məcidovun əməli sübuta yetirilərsə, onu 7 ildən 11 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR