İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərzaninin Azərbaycana səfərində nələr razılaşdırıldı - İraq Kürdüstan Regionu ilə əməkdaşlığın perspektivləri

1008 20.07.2023 11:18 Siyasət A A

Elxan Şahinoğlu: “Prezident İlham Əliyevin Azərbaycanın İraqın Kürdüstan regionunda baş konsulluğunu açacağını bəyan etməsi əlaqələri daha da gücləndirməyə xidmət edir”

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani iyulun 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəldi. Bu, İraq Kürdüstan Regionu rəhbərinin ölkəmizə ilk səfəri idi. İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə təkbətək görüşü olub.

Söhbət zamanı Prezident İlham Əliyevlə Neçirvan Bərzani arasında bu ilin fevralında Münxendə keçirilən görüş xatırlanıb. Həmin görüşdə əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olunub, Neçirvan Bərzaninin səfərinin əməkdaşlığımızın dinamikasının artması işinə töhfə verəcəyi bildirilib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib. Söhbət zamanı İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Nəzərə çatdıraq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il fevralın 18-də Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransında baş tutan görüşdə Bərzanini Bakıya dəvət etmişdi.

İraq Kürdüstanı Regionu bu bölgədə kifayət qədər potensiala malikdir. İraq Kürdüstanında hazırda kifayət qədər münbit investisiya şərtləri var.

Onu da vurğulayaq ki, İraq Kürdüstanının inkişafında Qərb maksimum maraqlıdır və regiona ciddi dəstək verir.

Azərbaycanın İraq Kürdüstanı ilə sıx əməkdaşlığı bizə siyasi və iqtisadi baxımdan nə qazandıra bilər? Bakıda konkret hansı hədəflər müəyyənləşib? Bəs bundan hansısa güclər, ölkələr narahat ola bilərmi?

Elxan Şahinoğlu: "İrəvan indi də Fransaya yalvarır"

Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın İraq Kürdüstanı ilə əlaqələri genişləndirməkdə əhəmiyyətli maraqları var: “Birincisi, İraqın Kürdüstan bölgəsində zəngin neft və qaz yataqları var. Azərbaycan bu yataqların işlənilməsinə investisiyalar qoya bilər. Azərbaycan Dövlət Neft Şirkətinin İraq Kürdüstanı ilə ortaq layihələr reallaşdırması mümkündür. Digər tərəfdən, Azərbaycanla İraq Kürdüstanı qazının Türkiyə üzərindən birlikdə Avropa bazarlarına nəqli həyata keçirilə bilər. "İraq Kürdüstanı öz qazını Azərbaycandan Avropaya uzanan boru xətləri ilə nəql edə bilər. Bu, TANAP və TAP boru xətlərinin ötürücülük imkanlarını artıracaq. Bununla Azərbaycanın, İraq Kürdüstanının və Türkiyənin bölgədə rolu artacaq.

İkincisi, İraq Kürdüstanı Azərbaycanın bölgənin başqa sahələrinə də investisiya qoymasını istəyir. Türkiyə şirkətləri də İraq Kürdüstanının iqtisadiyyatının müxtəlif sahələrinə investisiyalar yatırırlar. Azərbaycan şirkətləri İraq Kürdüstanının tikinti sahəsinə və yolların çəkilməsinə investisiyalar yatıra bilər".

Politoloq qeyd etdi ki, üçüncüsü, Azərbaycanla İraq Kürdüstanı arasında əlaqələrin inkişafı Türkiyənin də maraqlarına xidmət edir: “Türkiyə İraq Kürdüstanı ərazisində radikal qrupların fəaliyyətlərinin qarşısını almağa çalışır. Türkiyəyə qarşı terror planlaşdıranlar bəzən İraq Kürdüstanı ərazisindən də istifadə edirlər. Bunun qarşısının alınması yollarından biri İraq Kürdüstanı rəhbərliyi ilə siyasi və iqtisadi əlaqələrin genişlənməsidir ki, bu yolla birlikdə bölgədə terrorçu fəaliyyətlərin qarşısı alınsın.

Dördüncüsü, İraq Kürdüstanında azərbaycanlılara yaxın olan türkmənlər yaşayır. Türkiyə və Azərbaycan İraq Kürdüstanı ərazisində yaşayan türkmənlərin siyasi və iqtisadi imkanlarının artmasında maraqlıdır".

Elxan Şahinoğlu vurğuladı ki, Prezident İlham Əliyevin Azərbaycanın İraqın Kürdüstan regionunda baş konsulluğunu açacağını bəyan etməsi əlaqələri daha da gücləndirməyə xidmət edir: “Bu, bölgədə yaşayan türkmənlər üçün də faydalı olacaq. Beşincisi, Ermənistan da İraq Kürdüstanı ilə əlaqələri gücləndirməyə çalışır. Ermənistan İraq Kürdüstanında baş konsulluğu iki əl əvvəl açıb. Konsulluğun açılmasında Ermənistan xarici işlər nazirinin müavini iştirak etmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan İraq Kürdüstan bölgəsinin başçısı Neçirvan Bərzani ilə bu il Münhendə görüşərək ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu söyləmişdi. Bunları nəzərə alaraq, Azərbaycanın İraq Kürdüstanında konsulluğunun qısa müddətdə fəaliyyətə başlamasına ehtiyac var”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR