İnsanlara hürriyət, millətlərə istiqlal!

Benzinin qiymətinin artması daha hansı sahələrdə bahalaşma vəd edir?

2053 13.01.2015 16:10 İqtisadiyyat A A
İlham Şaban: “Benzinin 2 qəpik bahalaşması nəqliyyatda gediş haqqının artmasına səbəb ola bilər. Nəqliyyat sektorundakı artımın isə xidmət sahələrində bahalaşmaya yol açması mümkündür”

Abbas Əliyev: “Dəyişən sadəcə, yol vergisinin ödənilməsi mexanizmidir”

Dünya bazarında neftin ucuzlaşması ilə əlaqədar bir çox ölkələrdə benzinin də qiymətinin ucuzlaşdığı bir vaxtda Azərbaycanda benzin bahalaşdı. Yanvarın 12-də axşam saatlarında müxtəlif nazirliklərin rəhbərliyi səviyyəsində keçirilən iclasda neft məhsullarının tariflərinə baxıldı və müvafiq tarif tənzimlənməsi aparıldı. 

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkədə həm istehsal olunan, həm də idxal olunan avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə, yol vergisinin tətbiqi təmin olundu.
 
Yol vergisi əlavə olunduqdan sonra Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edildi.

Tarif Şurasının bu qərarı cəmiyyətdə ciddi narazılığa səbəb oldu. İstər mediada, istərsə də sosial şəbəkələrdə gedən müzakirələrin də əsas mövzusu benzinin qiymətinin 2 qəpik artması oldu. Hazırda cəmiyyəti bundan sonra sərnişindaşımada və digər sahələrdə xidmət haqlarının artıb-artmayacağı sualı narahat edir.

Musavat.com-a açıqlamasında hökumətin bu qərarını təhlil edən iqtisadçı ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, hazırda ölkədə benzinin bahalaşması ilə bağlı iqtisadi zəmin yoxdur: “Burada əsas məsələ Azərbaycanın iqtisadi vəziyyəti ilə bağlıdır. Ona görə də, hökumət 2014-cü ilin dekabrında Vergi Məcəlləsinə dəyişikliklər edildi və yol vergisini artırıldı. Bu 2 qəpiyin Dövlət Neft Şirkətinə aidiyyatı yoxdur. Çünki bu, vergi olaraq, dövlət büdcəsinə gedəcək. Bu iki qəpiklə hökumət büdcədə nəyəsə nail olmağı hədəf götürməyib. Bir ildə maksimum 3 milyon litr benzinin istehlak edildiyini nəzərə alsaq, bunu 2 qəpiyə vuranda, elə də böyük rəqəm alınmır. Hökumət bu 2 qəpiyin hesabına daha uzaqgörən addımlara hədəflənib və bu prosesin multieffektiv təsirini gözləyir. Bu təsir özünü bir neçə ay sonra göstərəcək. Bu da hökumətin sonrakı qərarları ilə birbaşa bağlı olacaq.
 
Benzinin qiymətinin bahalaşması müxtəlif sahələrdə qiymət artımları üçün ilkin addım rolunu oynayır. Benzinin 2 qəpik bahalaşması nəqliyyatda gediş haqqının artmasına səbəb ola bilər. Nəqliyyat sektorundakı artım isə xidmət sahələrində qiymət artımlarına gətirib, çıxara bilər. Çünki nəqliyyat xərcləri bütün sahələrdə mühüm yer tutur. Deməli, hər sahədə 5-10 faiz qiymət artımı gözləmək olar. Bu da ümumi ticarət dövriyyəsinin artmasına zəmin yaradacaq. Həmin gəlirlərin vergiyə cəlb olunan hissəsi isə, dövlət büdcəsinə daha çox vəsaitin yönəlməsinə əsas verəcək”. 

Ekspertin fikrincə, hökumətin həyata keçirdiyi bu vergi siyasətinin əsas səbəbi, 2015-ci ilin dövlət büdcəsi formalaşarkən neftin bir barrelinin qiyməti 90 dollar götürülməsi ilə bağlıdır: “Bu il büdcə 1,7 milyard kəsirlə başlayıb. Bu çox böyük kəsirdir və Azərbaycanda dövlət büdcəsində heç vaxt bu qədər böyük kəsir olmamışdı. Artıq neftin bir barreli 45 dollardır, yəni büdcədə nəzərdə tutulduğundan iki dəfə ucuzdur. O zaman belə düşünürdülər ki, neftin ucuzlaşması müvəqqəti xarakter daşıyır və yenidən əvvəlki həddə qədər bahalaşa bilər. Ancaq neftin qiymətinin nə qədər düşəcəyini proqnoz etmək artıq mümkün deyil. Bu gün bir barreli 45 dollara satılan neft, 30-35 dollardan da aşağı düşə bilər. Belə olan şəraitdə büdcənin kəsiri iki dəfədən çox artaraq, 3-4 milyarda çata bilər. Düzdür, 2014-cü ildə büdcəyə 1,3 milyard manat qənaət edilmişdi. Bu, qismən o kəsiri qapatsa da, real kəsiri əvəz etmək mümkün deyil.   

Burada ilkin variant Neft Fondundan büdcəyə transferlərin edilməsidir. Ancaq Neft Fondundan bu il büdcəyə 10,3 milyard manat transfer olacaq və bundan daha artıq transfer etmək Neft Fondunun kəsirlərini artıra bilər. Neft Fondunun bu ilki gəlirləri 7 milyard dollar nəzərdə tutulur. Ancaq bu qurumun da öz xərcləri var, büdcəyə transferdən əlavə, Cənub Qaz Dəhlizi layihəsinə 3 milyard ayırmalar olacaq. Belə olan halda, Neft Fondundan daha 3 milyard transfer etmək fondun illik kəsirlərini artıra bilər və hökumət buna getməz. Bu səbəbdən də, hökumət ölkənin daxili resurslarından, yəni vətəndaşların xərcləmələrindən istifadə etmək qərarına gəlib”. 

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə, musavat.com-a açıqlamasında bildirdi ki, burada hər hansı gəlir artımından söhbət getmir, dəyişən sadəcə, yol vergisinin ödənilməsi mexanizmidir: “Əvvəllər avtonəqliyyat vasitələri texniki baxışdan keçərkən yol vergisi ödəyirdilər. Yeni qaydalara görə, benzin alarkən yol vergisini də ödəmiş olacaqlar. Benzinin hər litrinə artırılan 2 qəpik yol vergisinə hesablanacaq. Burada sadəcə, yol vergisinin ödənilməsi mexanizmi dəyişilib. Əgər əvvəllər bu birdəfəlik ödəniş şəklində həyata keçirilirdisə, artıq sürücülər yol vergisini hissə-hissə və uzun müddətə ödəyəcəklər. Əvvəllər avtomobildən nə qədər istifadə edilməsindən asılı olmayaraq, yol vergisi müəyyən olunmuş məbləğdə ödənilirdi. İndi isə avtomobildən daha az istifadə edən şəxs daha az vergi ödəyəcək”.

Abbas Əliyev onu da qeyd etdi ki, yol vergisinin benzinin qiymətinə əlavə olunması sərnişindaşımada xidmət haqlarının artırılmasına əsas vermir: “Nəqliyyat Nazirliyindən və Bakı Metropolitenindən gediş haqlarının artırılması ilə bağlı heç bir müraciət daxil olmayıb və Tarif Şurasında bu məsələ müzakirə olunmur”.  

Nərgiz Liftiyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR