Bəlkə başqa planetə köçək?
Demokratlar ABŞ siyasətində çox ilklərə imza atıblar. F.D.Ruzvelt ən çox hakimiyyətdə olan prezident idi. B.Obama ABŞ-ın ilk qaradərili prezidenti və üstəlik də Nobel mükafatı laureatı oldu...
İndi növbə H.Klintonundur. Bir vaxt dövlət katibi olmuş bu qadın artıq indidən prezident olmaq niyyətini bəyan edib. Təbii ki, bu, Klintonun birinci cəhdi deyil. Amma əvvəlki cəhddən fərqli olaraq o, indi öz arzusuna daha yaxındır. Ən azı ona görə ki, B.Obama da ona dəstək vermək niyyətindədir...
Prinsip etibarilə dövlət katibi elə postdur ki, bu vəzifədə çalışanın siyasi dəsti-xətti haqqında təsəvvür yaratmağa imkan verir...
Ona görə də H.Klinton prezident olsa, “Bu dəsti-xətt bizə tanışdır!” deyə biləcəyik. Düzdür, hələ qabaqda xeyli iş var. Böyük dövlətlərdə bülletenlər adi seçki qutularına atılana qədər böyük proseslər baş verir...
Amma bizim üçün ən önəmlisi nədir? Hamı gözləyir ki, görən, filankəs prezident postunda ermənilərlə bağlı nə edəcək, tutaq ki, “soyqırım” sözünü işlədəcəkmi?
Seçki zamanı böyük vədlər olur. Amma bu apreldən sovuşsaq, bir qədər rahat nəfəs almaq olar. Budur, Roma papası demək istədiyini dedi. Ən maraqlısı isə bilirsiniz nədir?
Vatikan bizimkilərin ən çox baş çəkdiyi yerlərdən idi. Qəribəsi də elə odur ki, bizimkilərin ayağı hara dəyirsə oralar dostumuz olmaqdan dönüb olurlar düşmənimiz...
Hər il bu dırnaqarası, qondarma “soyqırım” məsələsində bir yenilik gətirir. Bir də görürsən ki, bəs filankəs bu sözü işlətdi və yaxud da həmin qondarma olayı tanıdı...
Sonra nə olacaq? Türkiyəli qardaşlarımız deyir ki, böyük hesabla heç nə olmayacaq. Amma budur, Vatikandan elçilərini geri çağırıblar. Səhv etmiriksə, indi qondarma “soyqırım”ı 20-yə yaxın dövlət tanıyıb. İndi nə edək, durub 20 ölkənin hamısından səfirlərimizi geri çağıraqmı? Və yaxud da, fərq etmir, Türkiyə durub 20 ölkədən öz səfirlərini geri çağırsınmı?..
Elə bu səbəbdən də bu olayın tamam təhlükəsiz oyun olduğunu düşünmək də düz deyil. Yox, bu, oyun deyil. Dövlətlər tanıyandan sonra başlayacaq beynəlxalq qınaq mexanizmləri-ermənilərin bu sahədə təcrübələri olduqca çox və məkrlidir...
Bəs nə etməli? Yaşamalı, çalışmalı... Xüsusən də inkişaf etməli... Başqa bir yol yox. Bizim türk ata-babalarımız heç bir “soyqırım” - filan etməyiblər. Bir anlığa təsəvvür edək ki, ediblər, bunu etməyə məcbur olublar. İndi nə etməli? Türk adından imtina etməlimi?...
Təbii ki, yox. Deməli, yaşamaq və mübarizə aparmaq qalır. İndi açığı ayın 24-ü tarixini gözləyirik. Görək, Obama nə deyəcək?..
Təəssüf ki, Vatikan elə bir ciddi instansiyadır ki, xristian dünyasının hamısı olmasa da, böyük əksəriyyəti onu eşidir. Burada təbii ki, bir din həmrəyliyi də var. Amma ABŞ siyasətində heç vaxt Vatikana bağlılıq nümayiş etdirməyib...
Ona görə də Obamanın münasibətindən çox şey asılıdır. Təbii ki, Obamadan sonra növbəti prezidentin növbəsi gələcək... Adamı yoran, bezdirən də elə budur. İndi nə etməli? Yalnız bununla yaşamalımı?..
Bu mənada xanım Klinton bir qədər tanış isimdir. Onun siyasətində ərindən də bəzi detallar olacaq, demokratlardan da və Obamadan da nəsə götürəcək...
Sözsüz ki, hələ tezdir bu haqda danışmaq. Başqa namizədlər də olacaq, müxalifətdə olanlar-respublikaçılar da öz namizədlərini elan edəcəklər. İndicə söhbət açdığımız xanım Klinton da namizədliyini demokratların qurultayında təsdiq etməlidi...
Qərəz, hələ xeyli vaxt var. O vaxta qədər Obamanı da dinləmək şansımız olacaq. Bir daha deyirik ki, onun aprel ayındakı çıxışını səbrsizliklə gözləyirik və ümid edirik ki, o, “soyqırım” sözünü işlətməyəcək...
O bu sözü işlətsə, bilirsiniz, Azərbaycanda necə bir mərəkə baş qaldıracaq? Durub dərhal deyəcəklər ki, gördünüz?.. Amma ərz etdiyimiz kimi, 20 ölkə bu qondarma və dırnaqarası “soyqırım”ı tanıyıb. Onların arasında bizim böyük dostlarımız - Fransa və Rusiya da var... Amma heç kim bunun fərqində deyil, çünki əsas odur ki, bu ölkələr bizim hakimiyyəti də tanıyır, onu tənqid etmir, necə deyərlər, hörmət və izzətini saxlayırlar...
Bəli, bizim üçün əsas budur. ABŞ-ı da tez-tez ermənilərə görə yox, ona görə qınayırlar ki, ABŞ da dinc dayanmır, elə hey durub bunları qınayır. İndi biz nə edək? Bəlkə planetdən köçüb gedək?..






