Belində yırtıq əmələ gələn vicdan məhbusunun həyatı təhlükədə
Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA vətəndaş hərəkatının üzvü Qiyas İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı gənc fəala 9 il cəza istəsə də, hakimin 10 il hökm oxuması sosial şəbəkələr və mətbuatda ciddi müzakirələrə səbəb olub.
Q.İbrahimovun vəkili Elçin Sadıqov “Yeni Müsavat”a açıqlamasında hökmə öz kəskin etirazını bildirərək, qərardan apelyasiya şikayəti verəcəklərini bildirdi: “Prokurorun 9 il iş istəyib, hakimin 10 il cəza verməsi qanunla qadağan olunmur. Amma Cinayət Prosessual Məcəlləsinə görə, cinayət təqibini həyata keçirən, o cümlədən cəza təklifini vermək səlahiyyəti olan orqan prokurorluqdur. Məhkəmə yalnız öz funksiyasını yerinə yetirməlidir və əlavə ağırlaşdırıcı hallar tətbiq edə bilməz. Məhkəmə ittihamlara baxır, ittihamları da prokuror təqdim edir və bunu da müdafiə edir. Bundan kənara çıxmaq olmaz. Bu, ədalət mühakiməsinin prinsiplərinə ziddir. Narkotik ittihamına məruz qalanlar, hətta narkotikdən istifadə etdiklərinə etiraz edən şəxslər belə ilk məhkumluqlarında 10 il cəzaya məhkum edilmirlər. Bütün hallarda bu cəzanın tətbiq edilməsi Qiyasa qarşı qərəzin təzahüri idi. Hökmü alan kimi qərar qanunsuz olduğuna görə dərhal apelyasiya şikayəti verəcəyik”.
Xatırladaq ki, bu ilin mayında həbs edilən Q. İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.
REAL hərəkatının sədri İlqar Məmmədovun üzümüzə gələn ayın 18-də Ali Məhkəmədə kasasiya şikayətinə baxılacaq. Bu barədə məlumat verən vicdan məhbusunun həyat yoldaşı Vəfa Məmmədova son durumla bağlı bunları dedi: “İlqarla bazar günü telefonla danışdıq. Çox yaxşıdır, hər şey qaydasındadır. Hazırda heç bir narahatçılığımız yoxdur. Gələn həftə görüşə gedəcəyik. Noyabrın 18-də Ali Məhkəmədə keçiriləcək prosesini gözləyir”.
13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən NİDA-çı gənc Əbdül Əbilovun səhhətində ciddi problemlər yaranıb. Bu səbəbdən gənc fəal müalicə müəssisəsinə köçürülüb. Bu barədə qəzetimizə onun anası Nurcahan Əbilova məlumat verdi: “Yarım ay olar oğlum müalicə müəssisəsindədir. İnşallah, oradan evə gələr. Nə vaxt müalicəsinin bitəcəyi ilə bağlı hələ ki heç nə demirlər. Əbdülün belində yırtıq əmələ gəlib. Ona görə müalicə müəssisəsinə köçürdülər. Problemi ən çox onunla bağlıdır. İndiyə qədər dəfələrlə cəhd etdik ki, müalicə müəssisəsinə köçürülsün. Amma alınmırdı. Şükürlər olsun ki, bu dəfə alındı. Müəssisəyə köçürüləndən tez-tez zəng edir. 3 gündən bir yemək aparırıq”.
Cavanşir ABBASLI






