“Bələdiyyəyə azadlıq verilməyincə sənəddə nə yazırsan yaz, faydası yoxdur”
Azərbaycanlı istifadəçilərin “Facebook” şəbəkəsində ən çox müzakirə etdiyi mövzulardan biri də bu ayın 30-da Türkiyə keçiriləcək bələdiyyə seçkisidir. Hətta bu seçki kampaniyası çərçivəsində hazırlanmış reklam çarxları da azərbaycanlı istifadəçilərin müzakirə predmetidir. Amma, deyəsən, heç kimin yadına düşmür ki, bu il Azərbaycanda da bələdiyyə seçkisi keçiriləcək. İlin üç ayı arxada qalıb, öz bələdiyyə seçkimizdən əsər-əlamət hiss olunmur, seçki mübarizəsinin heç mehi də əsmir.
“Əhalinin bələdiyyə seçkisinə marağını gözləmirəm də” – Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin üzvü Fazil Mustafa belə deyir. Fazil Mustafanın “Media forum” saytına bu müsahibəsi bələdiyyə seçkisinə diqqəti artırmaq imkanları barədədir.
- Bələdiyyə seçkisi ərəfəsində yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri və maliyyə məsələləri ilə bağlı qanunvericilikdə hansısa dəyişikliyə ehtiyac varmı?
- Bu məsələ ilə bağlı qanunvericilikdə xüsusi dəyişikliyə ehtiyac duyulmur. Çünki səlahiyyətin real məzmun kəsb eləməsi üçün siyasi iradə lazımdır. Əslində qanunda nəyi dəyişirsən dəyiş, hansı səlahiyyəti artırırsan artır, siyasi iradə bələdiyyələrin idarəetmədə iştirakını həzm eləmir, istəmir. Belə bir vəziyyətdə bir nəticə ortaya qoymaq çətindir. Bələdiyyəyə yeni səlahiyyət versən də, onun kağız üzərində qalmayacağına təminat yoxdur. Bu baxımdan mən siyasi iradənin ancaq özünüidarə ilə bağlı kursu dəyişməsini vacib sayıram. Bu olsa, hazırkı səlahiyyətlər çərçivəsində də bələdiyyənin fəaliyyətini canlandırmaq mümkündür.
- Əhalinin bələdiyyə seçkisinə marağını gözləyirsizmi?
- Ciddi maraq olmayacaq. Çünki bələdiyyənin rolunu qaldırmaq üçün heç bir təbliğat aparılmır. Əslində əhali bələdiyyənin rolunun artmasını gözləyir. Bu olsa, bələdiyyə seçkisinə müsbət münasibət də yarana bilər. Hələ ki, bələdiyyənin cəmiyyət həyatında, idarəetmədə daha aktiv yer almasının maraqlara uyğun olduğu görünmür. Məsələn, böyük şəhər bələdiyyəsinin yaradılması, icra hakimiyyəti idarəetməsindən bələdiyyə idarəetməsinə keçilməsi modelinin tətbiqi və bu kimi məsələlər nəzərdə tutula bilərdi. Bələdiyyə sədrinin də birbaşa seçilməsi əsas məsələlərdən biridir. Bu həm də məsuliyyət deməkdir.
- Bu sadaladıqlarınız üçün qanunvericiliyə dəyişiklik edilməlidir axı...
- Bəli, qanunvericilikdə müəyyən dəyişikliyin olması zəruridir, amma, dediyim kimi, bu o vaxt fayda verə bilər ki, siyasi iradə özünüidarənin gerçək bir sahəyə çevrilməsini dəstəkləsin. Biz müvafiq qanunvericiliyə onlarca dəyişiklik etmişik. Bilirsiz bu nəyə oxşayır, məişət zorakılığı haqqında qanun qəbul eləmişik, amma məişət zorakılığının qarşısını almamışıq ki... Kimsə hansısa zorakılıqla bağlı öz hüququnu qorumaq üçün ciddi addımlar ata bilmir ki... Elə şeylər var ki, onlar cəmiyyətin həyatında real məzmun kəsb etməlidir. Bələdiyyələr belə bir real məzmuna sahib deyil. Ona görə onların statusu ilə bağlı qanunvericilkdə dəyişiklik edilməsi də real vəziyyətə təsir göstərməyəcək.
Yeri gəlmişkən, bələdiyyə 14 orqana hesabat verir. Bir qurum ki 14 orqana hesabat verir, fəaliyyəti onlardan asılıdır, necə normal qərar qəbul edə bilər? Ekologiya qurumlarından tutmuş vergi qurumlarına qədər az qala hər bir təşkilatın bələdiyyəyə müdaxilə etmək hüququ var. Xaricdə bələdiyyə hansı funksiyaları həyata keçirirsə, Azərbaycanda da bələdiyyələrə o funksiyaları vermək gərəkdir. Bələdiyyələrin büdcəsi formalaşmalıdır. Bələdiyyələr yerli layihələrin həyata keçirilməsində müstəsna rol oynamalıdır. Bələdiyyəyə azadlıq verilməyincə sənəddə nə yazırsan yaz, faydası yoxdur. Konstitusiyada yazılıb ki, bələdiyyələr yerli özünüidarəetmə orqanıdır. Nə olsun? Yerli özünüidarəetmənin bələdiyyəyə bir dəxli varmı? Xalq tanıyırmı bələdiyyə üzvlərini? Azərbaycan Yerli Özünüidarətetmə Xartiyasına qoşulsa da, ölkəmizdə həmin xartiyanın şərtlərinə əməl edilməyib. Yerli Özünüidarətetmə Xartiyasında bələdiyyənin geniş səlahiyyəti tanınır.
- Xartiyanın müddəalarına əməl olunmadığına görə Azərbaycana təzyiqlər olurmu?
- Əlbəttə, olur, amma hələ ki, Azərbaycanda bu istiqamətdə bir yenilik sezilmir.






