İnsanlara hürriyət, millətlərə istiqlal!

BƏLƏDİYYƏLƏRİN BOĞAZINDA KAL ARMUD...

1635 30.03.2010 09:22 İqtisadiyyat A A

Qeyd edək ki, Azərbaycanda yerli özünüidarə qurumlarının təmsilçisi olan bələdiyyə assosiasiyaları 2007-ci ildən fəaliyyət başlayıb. Bələdiyyələrin təxminən 85 faizi (2450-dək qurum) Kənd Bələdiyyələri Milli Assosiasiyasında, 9 faizi (230-dan çox bələdiyyə) Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasında, yerdə qalanı isə (təxminən 80) Şəhər Bələdiyyələri Milli Assosiasiyasında birləşib.
“Bələdiyyələrin statusu haqqında” qanunun 10-cu maddəsində qeyd olunur ki, bələdiyyələr öz fəaliyyətlərini əlaqələndirmək, hüquq və mənafelərini daha səmərəli həyata keçirmək üçün ittifaqlar yarada bilər və həmin ittifaqlar qanunvericiliyə uyğun olaraq qeydiyyata alınmalıdır. 
İTY İB ekspertlərinin hazırladığı sənədə görə, nizamnamələrində bələdiyyə qurumlarının inkişafı üçün assosiasiyaların bir sıra xidmətlər göstərmək hüquqları nəzərdə tutulsa da, praktikada bələdiyyə birlikləri bu hüquqlardan istifadə etmirlər. Sənəddə qeyd edilir ki, ötən dövr ərzində ölkədə əks-mərkəzləşmənin dərinləşməsi, yerli özünüidarə institutunun inkişafı istiqamətində bələdiyyə assosiasiyalarının hər hansı ciddi təşəbbüslərlə çıxış etməsi müşahidə olunmayıb: “Aparılmış tədqiqatların, sorğuların, müsahibələrin nəticələri göstərir ki, assosiasiyalar bu günə qədər işlərini səmərəli qura bilməyiblər, fəaliyyətləri əsasən üzvlük haqlarının yığılmasından və bir sıra yığıncaqların təşkilindən ibarət olub”.
İTY İB-nin Aran bölgəsində Kənd Bələdiyyələri Milli Assosiasiyasının (KBMA) fəaliyyətinin qiymətləndirilməsi məqsədilə 50 bələdiyyə arasında apardığı sorğunun nəticələrinə görə, respondentlərin 74 faizi assosiasiyanın fəaliyyətini səmərəsiz sayır. Həmin sorğuya görə, respondentlərin 90 faizi indiyədək qurumun heç bir xidmətindən bəhrələnmədiyini qeyd edib. Yalnız 10 faizi bu cür xidmətlərdən istifadə etdiyini vurğulayıb.
KBMA-nın fəaliyyətində aşkar edilən çatışmazlıqları eyni zamanda digər iki - Şəhər və Kənd Bələdiyyələri assosiasiyalarına da şamil etmək olar. Bu gün bələdiyyə assosiasiyaları nizamnamə ilə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər. Aparılmış müşahidələr zamanı assosiasiyaların üzv bələdiyyələrə nizamnamədən irəli gələn xidmətləri göstərməsi prosesində bir sıra çatışmazlıqlar aşkara çıxarılıb. Məlum olub ki, assosiasiyaların strateji planı mövcud deyil.  Üstəlik, onların internet resursları yoxdur. Assosiasiyaların dövri nəşrlərinin olmaması da ciddi problemlərdən biri kimi qeyd edilir. Həmçinin bu qurumlar yerli özünüidarə siyasətinin müəyyənləşdirilməsində iştirak etmirlər.
Assosiasiyaların yaradılmasında əsas məqsədlərdən biri yerli özünüidarə siyasətinin müəyyənləşdirilməsində iştirak etməklə milli səviyyədə bələdiyyələrin maraqlarını təmsil etməkdir. Bunun üçün assosiasiyaların ən azı ölkədə yerli özünüidarənin inkişaf strategiyasına konseptual baxışı olmalı, malik olduğu konsepsiyanın ictimaiyyət və dövlət orqanları ilə müzakirəsini təşkil etməlidir.
Assosiasiyanın qanunvericiliyin təkmilləşdirilməsinə yönəlik təşəbbüsləri məhduddur. Onların hökumət tərəfindən yaradılan müxtəlif işçi qruplarda, komitə və komissiyalarda rəsmi təmsilçiliyi yox səviyyəsindədir. Eyni zamanda beynəlxalq təşkilatlarla əməkdaşlıq səviyyəsi məhduddur. Assosiasiyaların bələdiyyələrin kadr potensialının gücləndirilməsi istiqamətində təşəbbüsləri hiss olunmur.
İTY İB-in bələdiyyələr arasında apardığı sorğunun nəticəsi göstərir ki, respondentlərin əksəriyyəti (76 faizi) assosiasiyalar tərəfindən onlara canlı şəkildə (təlim, seminar, kurs və s.) və çap məhsulları (dövrü nəşr, kitablar, broşür və s.) vasitəsilə xidmət göstərilməsində maraqlıdır. Bunun da əsas səbəbi bələdiyyələrin əksəriyyətinin internetə çıxışının olmamasıdır.
Siyasət sənədində beynəlxalq təcrübədə bələdiyyə birliklərinin fəaliyyəti də müqayisə edilib. Məlum olur ki, bu istiqamətdə beynəlxalq təcrübə bizdən xeyli fərqlidir. Məsələn, Rusiyada 81 bələdiyyə şurasını və ölkə bələdiyyələrinin 92 faizini özündə birləşdirən Ümumrusiya Bələdiyyə Qurumları Konqresi üzv bələdiyyələri zəruri informasiyalarla (beynəlxalq təcrübə, hökumətin yerli özünüidarə sahəsində atdığı addımlar, ən yaxşı ictimai təşəbbüslər və s.) təmin edir. Bunun üçün konqres müxtəlif dövrlü - həftəlik, aylıq, rüblük, illik nəşrlər çap edir və rəsmi internet saytında yerləşdirir. Digər tərəfdən, bələdiyyələri qanunvericilik aktları ilə təmin edir, bələdiyyə kadrlarının hazırlanmasında iştirak edir.
Estoniyada bələdiyyə assosiasiyaları dövlət hakimiyyət orqanları ilə birgə məsləhətləşmələr əsasında müntəzəm olaraq yerli özünüidarə sahəsində qanunvericilik bazasının qiymətləndirilməsini həyata keçirir, onların nümayəndələri hökumətin müxtəlif  işçi qruplarında təmsil olunur. Yerli özünüidarəetmə assosiasiyalarının elektron formada yaradılmış qanunvericilik aktlarının hazırlanması sisteminə (e-Qanun) aktiv istifadəçi qismində birbaşa çıxış imkanı var.
Türkiyədə 230 bələdiyyəni özündə birləşdirən Mərmərə Bələdiyyələr Birliyi ölkədə ilk və ən böyük regional birlik hesab olunur. Birlik üzvlər arasında informasiya mübadiləsi və əməkdaşlığı təmin etməklə yanaşı, bələdiyyə nümayəndələrinə və qulluqçularına şəhər planlaşdırılması və bələdiyyə idarəçiliyi sahəsində daim təlim xarakterli xidmətlər göstərir.
Ekspertlər hesab edir ki, Azərbaycanda yerli özünüidarənin inkişafı və səmərəli fəaliyyəti üçün bələdiyyə qurumlarının üzv olduqları milli assosiasiyalar fəaliyyət sferalarını genişləndirməli, nizamnamədə üzərlərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirməlidirlər.
Sənədin hazırlanması çərçivəsində aparılmış təqdiqatın, sorğuların, ekspert müzakirələrinin nəticəsi olaraq assosiasiyalar tərəfindən bələdiyyə qurumlarına göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə 3 çözüm variantı müəyyənləşdirilib. Bu variantlar aşağıdakılardır:

  1. Bələdiyyələrin zəruri əyani vəsaitlərlə təmin edilməsi yolu ilə assosiasiyalar tərəfindən xidmətlərin göstərilməsi. Bu alternativin əsas mahiyyəti ondan ibarətdir ki, bələdiyyə assosiasiyaları (kənd, qəsəbə, şəhər) üzv-bələdiyyələri dövrü olaraq zəruri əyani vəsaitlərlə (dövrü nəşrlər, kitablar, bələdçi və s.) təmin etməklə onların effektiv fəaliyyəti üçün xidmət göstərir.
  2. Bələdiyyə üzvlərinə və qulluqçularına təlim və tədris vasitəsilə assosiasiyalar tərəfindən xidmətlərin göstərilməsi. Bələdiyyə üzvlərinin bilik və bacarıqlarının artırılması, o cümlədən yerli özünüidarə sistemində kadrlarının peşəkarlığının artırılması məqsədilə birbaşa təlimlərin keçirilməsi və ya tədris kurslarının təşkili geniş yayılmış üsullardandır. Bu tip təlimlər xüsusi hazırlanmış proqramlar əsasında mütəxəssislər, ekspertlər, alimlər və təcrübəli şəxslər tərəfindən keçirilir. Alternativin mahiyyəti ondan ibarətdir ki, assosiasiyalar bələdiyyə üzvləri və qulluqçuları üçün təlimlər, seminarlar, tədris kursları təşkil etməklə onların yerli özünüidarə sahəsində bilik və bacarıqlarının artırılmasına yardım edir.
  3. Bələdiyyə qurumlarına assosiasiyalar tərəfindən elektron xidmətlərin göstərilməsi. İnternet texnologiyalarının inkişaf etdiyi bir dövrdə elektron xidmətləri əhatə dairəsi getdikcə genişlənir. Artıq dünyada elektron nəşrlər və virtual təlimlər yavaş-yavaş klassik nəşrləri və təlimləri sıxışdırıb çıxarır. İnternet xidmətlərdən yararlanan istifadəçilərin sayı isə durmadan artır. Alternativin mahiyyəti ondadır ki, bələdiyyə assosiasiyaları yerli özünü idarə qurumlarının effektiv fəaliyyətləri üçün virtual xidmətlər göstərir. Assosiasiyalar rəsmi iternet saytlarına bələdiyyələri maraqlandıran, onların bilik və bacarıqlarının artırılması üçün faydalı ola biləcək materiallar yerləşdirir, virtual təlimlər keçir və s.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR