İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi başladı

Müxalifət partiyaları isə hələ də yekun qərara gələ bilməyiblər

Oktyabrın 18-də Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin 23 dekabra keçirilməsi barədə qərar qəbul edib. Təqvim planına uyğun olaraq, oktyabrın 19-dan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayıb. Qeyd edək ki, ölkə üzrə 5 minə yaxın bələdiyyə mövcuddur. Ölkə üzrə vahid seçicilər siyahısına isə 5212902 seçici daxil edilib ki, onların da 49,17 faizi kişi, 50,83 faizi isə qadınlardır.

Bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı dövlət büdcəsindən 53 milyon 900 min manat vəsait ayrılıb.

Bələdiyyələrə Seçkilərin qaydaları haqqında Qanunda bildirilir ki, Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələri Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş qaydada çoxmandatlı seçki əraziləri üzrə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçirlər. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyətləri onların ilk iclas günü başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyələrin səlahiyyət müddətində qüvvədədir. 18 yaşı tamam olan və yaşı 18-dən yuxarı olan Azərbaycan vətəndaşlarının bələdiyyələrə üzv seçmək və seçilmək hüququ vardır.

İcra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslər, hakimlər, hüquq-mühafizə orqanlarının işçiləri, din xadimləri, hərbi qulluqçular bələdiyyə üzvü seçilə bilməzlər. İcra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslərin, hakimlərin, hüquq-mühafizə orqanlarının işçilərinin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alındıqdan sonra 3 gün ərzində onlar tutduqları vəzifədən azad olunmalı və bu barədə müvafiq sənədi ərazi seçki komissiyasına təqdim etməlidirlər. Bu qaydaya riayət olunmadıqda həmin şəxslərin qeydiyyatı ləğv edilir.

Məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1 maddəsində nəzərdə tutulan ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkənlər bələdiyyə üzvü seçilə bilməzlər.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyətsizliyi təsdiq edilmiş şəxslər bələdiyyələrə seçkilərdə iştirak edə bilməzlər. Mənşəyinə, siyasi baxışlarına, sosial və əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə, dinə münasibətinə, məşğuliyyət növünə və xarakterinə görə Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, birbaşa, dolayısı ilə və ya başqa şəkildə məhdudlaşdırılması qadağandır.

Qanuna uyğun olaraq majoritar seçki sistemi əsasında seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilir:

500-dən az əhalisi olan ərazilərdə - 5 bələdiyyə üzvü;

500-dən 1000-dək əhalisi olan ərazilərdə - 7 bələdiyyə üzvü;

1000-dən 5000-dək əhalisi olan ərazilərdə - 9 bələdiyyə üzvü;

5000-dən 10000-dək əhalisi olan ərazilərdə - 11 bələdiyyə üzvü;

10000-dən 20000-dək əhalisi olan ərazilərdə - 13 bələdiyyə üzvü;

20000-dən 50000-dək əhalisi olan ərazilərdə 15 bələdiyyə üzvü;

50000-dən 100000-dək əhalisi olan ərazilərdə - 17 bələdiyyə üzvü;

100000-dən 300000-dək əhalisi olan ərazilərdə - 19 bələdiyyə üzvü.

Bələdiyyələrə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı tədbirlər Azərbaycan dövlət büdcəsinin və bələdiyyə büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Seçki komissiyalarının işi üçün qeyri-dövlət təşkilatlarının və müəssisələrinin binalarından və avadanlığından istifadə edilməsinə görə icarə haqqı Azərbaycan dövlət büdcəsinin və bələdiyyə büdcəsinin hesabına ödənilir. Azərbaycan dövlət büdcəsi və bələdiyyə büdcəsinin vəsaitlərindən sözügedən Qanunda nəzərdə tutulmuş istisnalardan başqa, bələdiyyə üzvlüyünə namizədlər göstərilməsini təmin etmək və onlar barəsində təşviqat aparmaq üçün istifadə oluna bilməz.

Azərbaycanda bələdiyyə institutunun yaranmasının 12 dekabrda 20 ili tamam olur. İlk bələdiyyə seçkisi 12 dekabr 1999-cu ildə keçirilib.

Siyasi partiyaların 23 dekabrda keçiriləcək seçkilərdə iştirakına gəlincə, hakim Yeni Azərbaycan Partiyasından əldə etdiyimiz məlumata görə, rayon təşkilatlarında bələdiyyə üzvlüyünə namizədlər müəyyənləşdirilir. Bu həftədən etibarən namizədlər irəli sürüləcək. Müxalifət partiyaları isə hələ də bələdiyyə seçkilərində iştirak edib-etməməklə bağlı yekun qərarı verməyiblər. Araşdırmamız zamanı bəlli oldu ki, müxalif partiyaların bir çoxu seçkidə iştiraka maraqlı deyillər. Səbəb kimi isə seçkilərin demokratik keçiriləcəyinə inamsızlıqları və bələdiyyələrin ciddi əhəmiyyət daşımayan quruma çevrildiyi ilə əsaslandırırlar.

Bələdiyyələrin fəaliyyətinin zəif olduğundan və sayının çoxluğundan hətta YAP-ın icra katibinin müavini Siyavuş Novruzov da bir müddət öncə narazılığını ifadə etmişdi.

S.Novruzov bildirmişdi ki, bu gün Azərbaycanda bələdiyyələrin  və bələdiyyə üzvlərinin sayı həddindən artıq çoxdur. Azərbaycan kimi bir ölkədə bu qədər bələdiyyələrə və bələdiyyə üzvlərinə ehtiyac yoxdur: “Heç onların çoxunun nə işlə məşğul olduğu, varlığı, yoxluğu bilinmir. Belə olan halda bu qədər bələdiyyələrə və bələdiyyə üzvlərinə nə ehtiyac var axı?! Ona görə də hesab edirik ki, Azərbaycanda bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı azaldılmalıdır. Bununla bağlı seçki qanunvericiliyinə, Seçki Məcəlləsinə bəzi dəyişikliklərin edilməsini istəyirik. Eyni zamanda, hesab edirik ki, artıq Azərbaycanda da bələdiyyə sədrləri seçki yolu ilə seçilsin, yəni bələdiyyə üzvlərinin yox, məhz xalqın, seçicilərin səsverməsi ilə seçilsinlər. Bu yöndə də Seçki Məcəlləsinə dəyişikliklər olunmalıdır. Əgər bunlar olarsa, o zaman bələdiyyələrin fəaliyyəti arzu olunan səviyyəyə çata bilər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Noyabr 2019

BÜTÜN XƏBƏRLƏR