Bələdiyyə sədrini və ərini öldürən şəxsə ömürlük cəza istənildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Fədai Hüseynovun ömürlük azdlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş tərəf də istənilən cəzadan razı qaldıqlarını deyib.
Xatırladaq ki, ötən il iyunun 8-də Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Gecə saatlarında bələdiyyə sədrinin evinə gələn Fədai Hüseynov uşaqlarının gözü qarşısında bələdiyyə sədrinin boğazını kəsib, ona çoxsaylı bıçaq zərbələri endirib. Onun ərini isə odlu silahla ürəyindən vuraraq, qətlə yetirib. Hadisənin şəxsi münaqişə zamanı qeydə alındığı, mübahisənin isə torpaq üstündə olduğu bildirilib.
Qeyd edək ki, qətli törədən 35 yaşlı Fədai Hüseynov Vəsilə Əbilhəsənovanın sürücüsü olub.
İ.Muradov,
Musavat.com






