İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyə seçkisinin ən yaddaqalan videosu və qalmaqalı

4873 24.12.2014 09:10 Ölkə A A

Sözügedən reportaj zamanı müəllimələrdən birinin topa seçki bülletenini qutuya necə atması, bunun jurnalist tərəfindən ifşa olunması ilə birgə məktəb direktorunun, habelə onun havadarlarının həmkarımıza hücumu öz əksini tapıb. Jurnalisti “işverən” adlandıran məntəqə sədri ona qarşı fiziki zorakılığa cəhd edib, bir neçə nəfər isə onu ağır şəkildə təhqir edib, kamerasını əlindən almağa cəhd göstərib, jurnalist vəsiqəsini cırıblar. 

Material saytlarda yer alan kimi hökumət saytlarında bu videonun guya ki, saxta olması barədə kampaniya başlandı. Həmin kampaniyanın əsas xətti isə o oldu ki, guya sözügedən video youtube-a dünən yerləşdirilib. Hətta və hətta hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bu videonu guya əvvəlcədən planlaşdırılmış və vətəndaşların seçkilərə olan inamını sarsıtmağa hesablanmış təxribat adlandırdılar. 



Xətt isə aşağıdakı kimi idi: “MeydanTV analoji təxribata ötən il keçirilmiş prezident seçkilərində də əl atıb. O vaxt seçkidən bir gün əvvəl internetdə guya seçki məntəqələrindən birindəki səsvermənin nəticələrini əks etdirən və guya MSK-dan götürüldüyü iddia edilən ”sənəd" yerləşdirilmişdi. Mənbənin sözlərinə görə, hazırda 12 saylı məntəqədəki qalmaqalla bağlı ciddi araşdırma aparılır və günahkarlar tezliklə ifşa ediləcəklər".

Amma gün boyu bu xəbərin həqiqiliyi təkzibolunmaz faktlarla sübut edildi. Bu sahə üzrə mütəxəssislər bildirdilər ki, video səhər tezdən yüklənəndə ABŞ vaxtı ilə dünəni göstərir. Çünki mərkəzi sistem, server ordadır və Amerika ilə Azərbaycan arasında 9 saat fərq var. Bundan başqa, youtube imkan verir ki, hər bir videonun dəqiq yüklənmə tarixi və saatını müəyyənləşdirəsən. Video isə Bakı vaxtı ilə 23 dekabr, 10.36-da yüklənib. Və daha bir detal: youtube-un videoların tarixini göstərdiyi vaxt zonası hər ölkəyə görə dəyişmir, ona görə bizim vaxtla səhər tezdən yüklənilən videolar youtube-un seçdiyi time-a görə 22 dekabr sayılır. 


3634 DƏFƏ OXUNUB


Televiziyanın əməkdaşlarından biri, məşhur blogger Həbib Müntəzir də  bu barədə öz fikirlərini yazıb: “Guya video dekabrın 22-də yüklənib. Bu barədə dəfələrlə mübahisələr olub. Azərbaycanda səhər sübhdən youtube qoyulan hər video, youtube serverləri Amerikada olduğu üçün bir gün öncəni göstərir. Admin paneldə isə normal tarix yazılır”.
M.Pənahov jurnalistlərə bildirib ki, hələ həmin məsələ ilə bağlı MSK-ya müraciət daxil olmayıb: “Mən özüm həmin görüntülərə baxmışam. Orada aydın görmək olmur ki, qutuya neçə seçki bülleteni atılır. Təbii ki, biz bunu araşdıracağıq, qayda pozuntusu olub-olmaması barədə ictimaiyyətə məlumat verəcəyik. Əgər qanun pozuntusu olarsa, bunu edənlər cəzalandırılacaq”.

Müəyyən edilib ki, jurnalistə hücum edərək onu təhqirə məruz qoyan şəxs Hacıyeva Əfruz Sadıq qızı Şəfiqə Əfəndizadə adına 13№-li tam orta məktəbdə işləyir.
Tanınmış hüquqşünas Xalid Ağaliyev Meydan TV-nin “12 saylı məntəqədə əlbəyaxa” başlıqlı videosüjetinə şərh verib.

Hüquqşünas Meydan TV-yə bildirib ki, videoda xeyli cinayətin, inzibati pozuntunun bariz əlamətləri var. 


Hüquqşünas əlavə edib ki, MSK və müvafiq dövlət orqanları olayla bağlı açıqlama verməyə borcludurlar: “Çünki məntəqə komissiya üzvləri kobud qanun pozuntularına yol veriblər. Bu maddələri tətbiq etməklə araşdırma aparıla bilər. Məsələ ondadır ki, komissiya üzvləri vəzifə səhlənkarlığına yol verir, jurnalistin peşə fəaliyyətinə mane olurlar”.

X.Ağaliyev fikrini konkretləşdirmək üçün bildirib ki, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Və günün sonunda “günün qəhrəmanından” gözlənilən açıqlma gəldi. “Qulağı sırğalı, saqqallı oğlan seçki məntəqəsinə gəlib, özünü təqdim etmədi, sənədlərini göstərmədi, onunla birlikdə gələn qadın seçki qutusuna topa kağızlar atıb çıxıb getdi”.

15 saylı Yasamal birinci Seçki Dairəsi üzrə 12 saylı seçki məntəqəsinin sədri Gülmira Yusifova bu gün səhər həmin məntəqədə baş verən qalmaqalla bağlı açıqlama verib. 
G.Yusifova teleqraf.com-a bildirib ki, səhər saatlarında özünü təqdim etməyən qulağı sırğalı, saqqallı oğlan seçki məntəqəsinə gəlib: “Özünü təqdim etmədi, sənədlərini göstərmədi. Onunla birlikdə gələn qadın seçki qutusuna topa kağızlar atıb çıxıb getdi. Sonra biz həmin qadını tapa bilmədik. Qaçıb getmişdi. Məntəqənin girişində barmaqlara işarə vuran idman müəlliməsi Əfruz Hacıyeva özünü jurnalist adlandıran şəxsdən sənədlərini istəyib, o da verməkdən imtina edib”.

Məntəqə sədri bildirdi ki, qutuya atılan bülleten deyil, adi kağızlar olub: “Onlar adi kağız idi, yəqin ki, axşam qutudan çıxarılacaq”.

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR