İnsanlara hürriyət, millətlərə istiqlal!

Belə millət vəkili nəyimizə lazımdır?! Təxribat, yoxsa...- SKANDAL

13365 07.11.2020 09:05 Son xəbər A A

Bəhruz Məhərrəmov dövlət maraqlarına qarşı təxribat edir, yoxsa səsləndirdiyi fikirlər onun ağıl səviyyəsinin təzahürüdür?

Vətən müharibəsi aparırıq.

30 ildir bu günü gözləyirik və üç onillikdən sonra o qədər həssas bir dönəmə gəlmişik ki, sosial şəbəkələrdə yazılan hansısa bir postdan tutmuş, hansısa məsul şəxsin bu və ya digər məqsədlə işlətdiyi sözə qədər, hər şey müqəddəs mübarizəmizə xələl yetirə bilər.

Xalqımız 30 ildir bu günü gözləyib, insanlarımızın seçdiyi, arxasında dayandığı lider bu günü hazırlamaq üçün illərdir gecə-gündüz mübarizə aparıb və indi hərbi, diplomatik, informasiya cəbhəsində müzəffər sərkərdə kimi döyüşür. Amma və lakin...

Bəzən ayrı-ayrı şəxslər elə sözlər deyir, elə ağlasığmaz iddialarla çıxış edirlər ki, seyrçi qalmaq mümkün olmur. Hərbdən başı çıxmayan hərbi taktika və strategiyadan danışır, digəri şəhər və kəndlərin alınmasını zarafat obyektinə çevirir, bir başqası sanki gözlərini qan örtmüş kimi zorakılığa çağırış edir, zərərli şəkillər, videolar paylaşır və s. Bunları sıravi insanlar edəndə bir o qədər adamı ağrıtmır. Di gəl ki birdən birə parlamentdə oturduğu bəlli olan birisi göyçək ağzını açıb sağa-sola qonşu dövlətlərə qarşı ittiham səpələyəndə artıq səbir kisəsi dolur.

Həqiqətən də, bəzi millət vəkillərimiz elə bir mövqe sərgiləyir, elə bir söz deyir ki, “sən kimsən, kimə xidmət edirsən, bu millətin vəkilisən, yoxsa zilləti” kimi suallar yaranır.

Və Milli Məclisin deputatı, qanunvericiliyə görə millətə vəkillik etmək missiyasını daşıyan Bəhruz Məhərrəmovun dünən verdiyi açıqlamanı görəndə bu sualı bir daha təkrarlamağa məcbur olursan.

Siz kimə xidmət edirsiniz, Məhərrəmov...

Adam gündəmi izləmir, yəqin heç televizora da baxmır, saytları da açmır. Durub-durub İrana ilişir, Turana daş atır.

Region ölkələrinin Azərbaycanın haqq işinə verdiyi dəstəyin qarşılığında bir deputatın qeyri-adekvat açıqlamasının birmənalı qarşılanmayacağını, həssas dönəmdə dövlətin maraqlarına xələl gətirəcəyini bilə-bilə hansısa ölkəyə qarşı kəskin iddialar səsləndirməsi iki versiyanı önə çıxarır:

- Ya Məhərrəmov cibində daşıdığı mandata adekvat savada, düşüncəyə malik deyil;

- Ya da vəkili olduğu millətin maraqlarına məqsədyönlü şəkildə qəsd edir.

Millət vəkili olan kəs ölkənin gündəmini bilməliydi, ən azından dövlət başçısının xarici mediaya verdiyi 25 müsahibədən birini oxumalıydı. Bəlkə onda görərdir ki, cənab Prezident Türkiyə, Rusiya, İran və Gürcüstanın Azərbaycanın haqq işinə dəstək verdiyini dilə gətirir, Ermənistanın təcrid vəziyyətinə düşdüyünü qeyd edir.

Bəhruz Məhərrəmovun tərcümeyi-halına, qanunverici orqanda əyləşdiyi kürsüyə qədərki fəaliyyətinə, daha doğrusu “ortada yeyib qıraqda gəzmək” mövqeyinə nəzərə yetirəndə, onun daşıdığı mandata qeyri-adekvat olduğu fikri yaranır və məlum olur ki, “üç dildə danışa bilirəm” deyə qürrələnən deputat Ana dilinin və Ana Vətəninin maraqlarının nə olduğunu anlamayacaq səviyyədədir.

Onun deputat seçiləndən dərhal sonra reklam xarakteri daşıyan müsahibələrinin birində “Media ən gözəl tramplindir və mən də bu tramplindən məharətlə istifadə etmişəm” sözləri də həm düşüncə səviyyəsinə, həm də missiyasına dair şübhələr yaradır.

Birincisi, Məhərrəmov mediadan “irəli getmək” üçün məharətlə sui-istifadə etdiyini açıq məntlə dilə gətirir və jurnalist peşəsinə dövlətə, millətə, eləcə də azad sözə xidmət kimi yox, karyera pilləsi olaraq baxdığını etiraf edir.

İkincisi, keçmiş peşəsinə bu məqsədlə yanaşan belə bir şəxsin cibində daşıdığı mandata da onu seçən vətəndaşa yox, şəxsi, yaxud hansısa maraqlara xidmət vəsiqəsi kimi baxması istisna deyil.

Sonuncu versiya Vətən müharibəsi apardığımız bu tarixi və həssas dönəmdə təxribat ehtimallarına da diqqət çəkir və bir vacib suala cavab zərurəti yaradır.

Bəhruz Məhərrəmov dövlət maraqlarına qarşı təxribat fəaliyyətini həyata keçirir, yoxsa səsləndirdiyi fikirlər sadəcə onun ağıl səviyyəsinin təzahürüdür?

Hər iki halda ortada milli və dövlət maraqlarına qarşı niyyət var və bu sualın cavabı mütləq Milli Məclisin İntizam komissiyasında araşdırılmalıdır.

Amma Bəhruz Məhərrəmova kiçik bir tövsiyyəmiz də var: oturun oturduğunuz yerdə və danışmayın. Çünki ağzınızı açanda təkcə oturduğunuz binanı hörmətdən salmırsınız; dövlətimizin gördüyü işə, xalqımızın istək və arzularına zərbə vurursunuz. Bunun cavabı isə mütləq olmalıdır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR