BDU-da Jurnalistika fakültəsinin maddi-texniki bazası gücləndiriləcək
Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Jurnalistika fakültəsində olub.
BDU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə fakültənin maddi-texniki bazasının gücləndirilməsi, yeni studiyanın yaradılması, tələbə-müəllim dialoqunun səmərəliliyini artırmaq məqsədilə xüsusi texniki avadanlıqlarla təchiz edilmiş auditoriyaların yaradılması, “Azercell” şirkəti tərəfindən yaradılmış Barama İnnovasiya Mərkəzinin media qrupunun fakültədə həyata keçirmək istədiyi layihələr müzakirə olunub.
Dekan, dekan müavinləri və kafedra müdirlərinin bu istiqamətdə təkliflərini dinləyən rektor müvafiq göstərişlər verib.
Qərara alınıb ki, fakültə qısa müddət ərzində interaktiv lövhələr, çoxfunksiyalı (televizor, kompüter və s.) aktiv ekranlar, dayanıqlı planşetlər, proyektorlar və digər texniki avadanlıqlarla təmin olunsun və bir neçə auditoriya müasir standartlara cavab verən texnologiyalarla təmin olunaraq tələbələrin istifadəsinə verilsin.






