İnsanlara hürriyət, millətlərə istiqlal!

Bazarda qocalanların acı həyat hekayələri: “Gəl, mən danışım, sən roman yaz...” - REPORTAJ, FOTOLAR

3442 16.07.2015 20:25 Reportaj A A
Bazarlar hər kəsin maraq dairəsindədir. Çünki əhaliyə lazım olan əsas qida məhsulları məhz bazarlardan əldə olunur. Bazarlara üz tutan hər kəsi də ilk növbədə bu məkanlarda satılan kənd təsərrüfatı məhsullarının qiyməti maraqlandırır. 

Ancaq bazarların görünməyən, nisbətən qapalı və ya arxa planda qalan üzü də var. Belə ki, bu alış-veriş məkanlarında minlərlə insan işləyir. Və onlar gündəlik həyatlarının əsas hissəsini məhz bazarlarda keçirtməli olurlar. Deməli, bu insanların digər sahələrdə çalışanlardan nisbətən fərqli həyat tərzləri də olmalıdır. 

Bəs, görəsən uzun illərdən bəzi bazarlarda satıcı kimi fəaliyyət göstərən bu insanlar öz həyat tərzlərindən razıdırlarmı? Yeni və böyük ticarət məzkəzlərinin açılması bazarlarda alış-verişə, eləcə də gündəlik çörək pulunu bu məkanlarda qazanmaq məcburiyyətində olan insanların həyatına necə təsir göstərir.

Bu suallara təxmini də olsa, cavablar tapmaq ümidi ilə “8-ci kilometr” bazarına üz tutduq. Əlbəttə ki, həyatlarının əsas hssəsini bazarlarda alış-veriş etməklə keçirib, bu işdə yaşlanan insanların fikirləri daha maraqlı ola bilər. 



Bazarın açıq hissəsinə yayılan pis qoxuya və natəmizliyə əhəmiyyət vermədən müştəri çağıran insanlara yaxınlaşdım. "Uşaq paltarları bir manatdan", " Petroçunun şapkalarından qalmadı" , " Xoşqədəmin kosmetikalarından" deyə müştəri çağıranların səsləri bayağı sayılan toy musiqisinə qarışmışdı. 

Ancaq əlimdə diktafon və ya videokamera olmasa da, sual verdiyim satıcıların əksəriyyəti nədənsə fikirlərini bildirməkdən çəkinirdilər. 



Bununla belə, bir az dilə tutduqdan sonra bizimlə bəzi söhbət etməyə razı salmağa nail olduq. Uzun müddətdən bəri bazarda satıcılıq edib, çörək pulu qazandığını deyən 45 yaşlı Rəsmiyyə xanım “Gəl gedək, sənə öz həyatımı danışım, roman yaz” söylədi. Bir az kənara çəkildikdən sonra isə "Ailədə səkkiz uşaq olmuşuq” deyə aramla sözə başladı: “Mən 4 yaşımda olanda atamı itirmişəm, yetim böyümüşük. Rayonda dolanışığımız olmayıb, məcburən uşaq vaxtlarından işləməyə başlamışam. Bazarda ilk dəfə yumurta satmışam. Sonra göyərti sata-sata gəlib, çıxmışam, Bakıya... Bakıda ailə həyatı qurmuşam. Bir müddət Rusiyada da yaşamışıq. Evliliyimizin altı ayından sonra yoldaşımın vərəm xəstəliyi ortaya çıxdı. Evimiz yananda kəndə cənazə ilə qayıtmışıq, özüm də ağır vəziyyətdə olmuşam. Sağ olsun, Rusiya dövləti bizə çox köməkçi olub, dərman almaqda... Xəstəliyim çoxdur, amma mənə kömək edən yoxdur”. 



Rəsmiyyə xanım söhbətimizin bu yerində bir qədər fasilə verdikdən sonra indi dolanışığının ağır olduğunu dedi və alış-verşin zəifləməsi ucbatından vəziyyətinin günbəgün çətinləşdiyini söylədi: “Əvvəlki alver indi artıq yoxdur. Əvvəllər daha yaxşı qazanırdıq, indi vəziyyət çox pisdir. Alıcılar şikayətçidir. Tərəzidə insanları aldadırlar, amma mən özüm heç vaxt "atmıram". Mən deyirəm ki, təmiz qiymət budur, amma tərəzidə aldadanlar daha ucuz qiymət deyirlər. Başa düşən insanlar alır, başa düşməyənlər isə “bahadır” deyib, gedirlər. Bazara əl gəzdirib, qaydasına salan isə yoxdur. Bir çox işlərdə işləmişəm. Alverin o işi yaxşıdır ki, gündəlik qazancın olur. Düzdür, Bəzən qazancın olmadığı günlər də olur. Amma kiminsə əlinin altında işləyib, öz zəhmətinin haqqını ala bilməməkdənsə, elə burada işləmək daha yaxşıdır."



Rəsmiyyə xanımın həyat hekayəsini dinlədikdən sonra saçını bazarlarda alver etməklə ağartmış 65 yaşlı Həşim dayıya yaxınlaşırıq. Həşim dayı bir qədər ərtafa diqqət yetirdikdən sonra sözə başlayır: "Ehh necə yaşayacağıq ki..? Səhər gəlirik naxıra, axşam gedirik, axura... Gün-güzərandan da heç razı deyiləm. Bir tikə çörək üçün günün altında əlimizə nə keçirsə, onu satırıq. Amma get, dilənçilərin qazandığına bax... Gör, onlar nə qədər çox qazanır". 



Digərlərindən fərqli olaraq 49 yaşlı Firuzə xala bizimlə daha həvəslə söhbət elədi: "Qızım, mən özüm texnikom bitirmişəm. Burada oturmağıma baxmayaraq, qətiyyən savadsız deyiləm. Həyat şəraitimlə əlaqədar olaraq, bu işdə işləyirəm. 1994-cü ildən bəri buradayam. Müdriyyətdən də narazı deyiləm. Baxmayaraq ki, bu bazar iki dəfə yanıb, yenə də bizi nəzərə alıblar. Biz də onların əlinə baxmışıq. Bəzən pulumuz olub, bəzən isə olmayıb, bizi yola veriblər, başa düşüblər. İstər qadın olsun, istərsə də kişi, fərqi yoxdur, əgər çalışmasan, çörək yoxdur". 



Söhbətimizin bu  məqamında bir müştəri yaxınlaşır və Firuzə xanım onunla alış-verişini bitirdikdən sonra yenidən sözünə davam edir: “Alverdə udan da olur, uduzan da... Əsas odur ki, harada işləyirsən işlə, ancaq o işə həvəslə yanaş... Allah kiminə qələm verib, kiminə isə mənim kimi belə taxta stol. Bu stola öz evin kimi yaxınlaşsan, qazanacaqsan. Əks halda, çörək səndən üz döndərəcək. Qızım, ticarət haramı sevmir. Haram tikə hara getsə, oranı nə vaxtsa dağıdır. Amma halal tikə isə incəlir, lakin qırılmır. Alıcılar da bizim kimidirlər. Onların vəziyyətlərini də görürük və bilirik. Bizim evdə dolanışıq aşağı olanda baha satmırıq. Çünki bilirik ki, onların da vəziyyəti yaxşı deyil”.



Firuzə xanımın satdığı ədviyyatların altına sərilmiş krossvord qəzeti diqqətimi çəkir. Və bunu həmshbətim də hiss edir: "Boş zamanlarımda krossvord həll edirəm. Sizin kimi qızları görəndə fərəhlənirəm. Qızımın oxuduğu universitetin yanından keçəndə istəyirəm, oturub ağlayam. Qızım məktəbdə oxuyanda dərslərinə kömək edirdim. Dedi ki, ana sən müəllimlərdən daha çox bilirsən ki... Narxoza imtahan verdim, kəsildim. Amma texnikoma yüksək balla qəbul olundum. Daha sonra evləndim, oxuya bilmədim. İndi sizdə test imtahanıdır. Nə var ki, onu həll etməyə... Amma bizdə yazılı idi".



Bu məqamda Firuzə xanımın yanına yaxınlaşan 62 yaşlı Təhminə xala isə bir qədər çəkinərək də olsa, özü haqqında danışmağa başlayır: "Allah bazara bərəkət versin, bala... 25 yaşımdan burda işləyirəm. İlk olaraq, süpürgəçi kimi işə başlamışam. Yoldaşım işləməyə gedib, qayıtmayıb. 3 övlad böyüdüb, boya-başa çatdırmışam, burada işləməklə... İndi nəvələrimi saxlayıram. Bu gün çörəyim yoxdursa, gəlib yan tərəfdə işləyən rəfiqəmdən alıram. Qazananda isə ona borcumu qaytarıram. Bazar bəhrəli bağdır. Yayda da, qışda da bəhrəsi olur. Şikayətçi deyiləm. Narazı olan insanlar, əziyyətə qatlaşmaq istəməyən adamlardır. Müştərini razı salmalısan. Yoxsa, o, bir də gəlib, bizdən heç nə almaz. Ünsiyyət vacibdir. Çörəyi ver, çörəkçiyə, birini də üstəlik..."


 
Bazarın dəyişməz satıcılarından olan 43 yaşlı Xəlil kişi isə həyatından çox şikayətçi idi: "20 Yanvar hadisələrində meydanlarda olmuşam. Bir belə əziyyətlər çəkmişəm. Daha sonra isə çətinliklə dolanmışam. Hazırda ailəliyəm, yoldaşım Ermənistandandır. Evim yoxdur, kirayə qalıram. Əgər, bu söhbəti kiməsə təqdim edəcəksənsə, xahiş edirəm, yuxarılara da çatdır. İki uşağım var. Hörmətli Prezidentimiz İlham Əliyev və Mehriban xanım imkansızlara əl tutur. İmkanı varsa, bizə də kömək etsinlər. Şəklimi çək, ver qəzetə, mən razıyam. Bu şəraitdə yaşamaq olmur. Ancaq varlı dövlətik. Azərbaycan tanınan ölkədir. Əvvəllər fəhləlik də etmişəm. Ancaq İki ildir ki, bazarda işləyirəm. İkinci qrup əliləm, 50 manat təqaüd alıram. Körpə uşağımda daun xəstəliyi var. Qəpik-quruş düzəldirəm ki, bəlkə uşağım üçün nəsə edə bilərəm".

Xəlil kişinin atalıq dərdini də dinlədikdən sonra bazardan uzaqlaşırıq. Ümid edirik ki, bazara satmaq üçün də, almaq üçün də gələnlərin şikayətlənmək məcburiyyətində qalmayacağı günlə də nə vaxtsa  olacaq.

Aygün Səfərli,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR