Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi bayram yarmarkaları bu gündən etibarən fəaliyyətə başlayıb. Martın 20-dək davam edəcək yarmarkalar Bakı şəhərinin müxtəlif rayonlarında, Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində təşkil olunub.
Musavat.com-un müxbiri Xətai rayonunda, "Bakı" kinoteatrının yaxınlığındakı yarmarkaya baş çəkərək, ilk günkü durumu işıqlandırıb.
Bir neçə saat öncə açılmasına baxmayaraq, yarmarkada alıcı əlidən tərpənmək mümkün deyil. Yaxınlıqda yaşayan sakinlər, eləcə də ətraf qəsəbələrdən gələnlər əllərinə zənbillərini alaraq bazara üz tutub. Deyirlər ki, indidən bayram bazarlığını etməyə çalışırlar. Ona görə ki, bayram yaxınlaşdıqca qiymətdlər daha da bahalaşacaq.
Satıcılar da alıcılıqdan razı görünür. Əhali daha ucuz məhsul almaq arzusu ilə yarmarkalara üz tutsa da, qiymətlər bazarlardakından fərqlənmir. Lakin quru meyvələrin marketlərdəki qiyməti ilə müqayisədə burada qiymətlər xeyli ucuzdur.
Quru meyvələri marketdən yox, yarmarkadan alın
Novruz xonçasının əsas bəzəyi olan qərzəkli fındığın kiloqramı 4-6 manata, qozun kiloqramı 4-5, şabalıd 6 manatadır. Bazarda qoz və fındıq ləpələrinin qiyməti isə 11 manatdan başlayır. Ən bahalı ləpə isə 14 manatdır. Yalnız Ordubad ləpəsi 18 manata təklif olunur. Satıcılar Ordubad məhsullarının keyfiyyətcə üstün olduğunu deyirlər. Badam ləpəsinin kiloqramı 20 manatdan başlayır. Quru meyvələrdən qaysının kiloqramı 8.5-9 manat, iydənin, innabın kiloqramı 4 manat, qurudulmuş xurma 5 manat, gavalı qurusu 7 manat, kişmiş 5 manatdır.
Satıcı deyir ki, qiymətlər məhsulun keyfiyyətindən asılıdır. Ən keyfiyyətli fındıq 6 manatdır, cır fındıq isə 4 manata satılır, qoz da həmçinin. Satıcılar da etiraf edir ki, ötən illə müqayisədə bu il qiymətlər bahadır. Səbəb isə quru meyvələrin xaricdən gətirilməsi və manatın devalvasiyasıdır.
Onu da qeyd edək ki, adı çəkilən məhsullar marketlərdə ən azı 3-4 manat baha satılır.
Almanın qiyməti bananı keçib
Əvvəllər alma ən kasıb ailə üçün də əlçatan, banan isə əlçatmaz meyvə hesab olunurdu. Lakin artıq bazarlarda alma bahalaşaraq, banana çatmaq üzrədir.
Bazardakı almaların yerli məhsul olduğunu nəzərə alsaq, bu durumun səbəbləri olduqca maraqlıdır. Ən ucuz almanın kiloqramı 1 manatdır. Təbii ki, keyfiyyətsiz olduğundan satıcılar bu almaya yaxın durmur. Normal almanın qiyməti 1.5 manatdan başlayır, 3 manata kimi qalxır. Banan isə 2.3 manata enib.
Alıcıları ən çox narazı salan da almanın baha olmasıdır. Gündəlik ərzaq səbəbinin əsas meyvəsi olan alma indi əvvəlklindən 3 -4 dəfə bahadır.
Satıcılar bahalaşmanın səbəbini bu il məhsuldarlığın az olması ilə əlaqələndirirlər: “Əgər hər il alma bağlarının hər hektarından 200 yeşik alma yığılırdısa, bu il 100 yeşik yığılıb”.
Qubadan olan və öz məhsulu bazara çıxaran fermer isə deyir ki, məhsuldarlığın az olmasının səbəbi suvarma üçün suyun olmamasıdır: “Əvvəllər bizim Xudyal çayımız var idi və o gedib Xəzər dənizinə tökülərdi. İndi Qubadan aşağı gedib çatmır. Həmin su birbaşa Xaçmaz bağlarına kimi gedib çatırdı və bu çayın suyu ilə bağları sulayırdılar. Həm alma keyfiyyətli olurdu, həm də böyük olurdu. Hazırda Quba rayonunda su problemi var. Bundan başqa bağçılıqda istifadə olunan dərmanların da qiyməti bahalaşıb. Təkcə gübrə deyil, ağacın bellənməsi, qaşınmasıdır. Dərmanların da keyfiyyəti aşağıdır. Eyni dərman Gürcüstana, Rusiyaya keyfiyyətli gəlir, bizə isə keyfiyyətsiz gəlir. Bahalaşmanın bir səbəbi də odur ki, sezon bitir, məhsul azalıb.
Tərəvəzlər ucuzlaşsa da, ədviyyatlar bahalaşıb
Tərəvəzlərdən kartofun kiloqramı 60 qəpik- 1 manat arasında dəyişir, soğan 60 qəpik, badımcanın kiloqramı 2.5 manat, qabaq 3 manat, bibərin kiloqramı 5 manat, kələm 40 qəpik, kök 70 qəpiyədir. Xiyarın kiloqramı isə 1.5-2 manatdır.
Pomidorun qiyməti 1 manata enib. Bazarda kiloqramı 50 qəpiyə olan pomidora da rast gəlmək mümkündür. Satıcılar bunun Rusiyadan qayıdan pomidorlar olduğunu deyirlər. Belə ki, Rusiya ilə Azərbaycan arasında yaranan pomidor qalmaqalı, yerli məhsulların Türkiyə pomidoru adı ilə geri qaytarılmasından sonra həmin məhsullar Bakı bazarlarında gətirilib və artıq vaxtı keçmiş sayılır.
Keyfiyyətli Şəmkir pomidoru isə 1.5-2 manatdır
Əsasən İrandan gətirilən ədviyyatların qiymətində artım var. İstiot, sarkök, cirə, razyana, darçın, hil və digər ədviyyatlar 1 manatdan 1.5 manata qalxıb.
Mal əti 5.5, qoyun əti 6 manat...
Qəssabxanalarda hazırda kiloqramı 8 manata satılan mal ətini yarmarkadan 5.5 manata almaq mümkündür. Qoyun ətinin kiloqramı isə 6 manatdır. Alıcılar da deyir ki, faktiki olaraq ət bazardakından ucuzdur. Lakin bəzi alıcılar yarmarkada satılan ətlərin yaşlı heyvanları əti olduğunu, bu səbəbdən ucuz satıldığını deyirlər. Satıcılar isə bu iddiaları rədd edir.
Bayram süfrəsinin olmazsa-olmazı sayılan balıq məshulları da bahalaşıb. Çəki balığının kiloqramı 4 manat, xanı balığı 5 manat, kütüm balığının kiloqramı 7 manat, forelin kiloqramı isə 10 manata təklif olunur.
Quş ətinin qiyməti də orta hesabla 3 manatdır. Yumurtanın qiyməti isə 10 qəpikdən başlayır, 14 qəpiyə qədər yüksəlir.
Qiymətlər alıcıya görə dəyişir...
Yarmarkadakı ənənəvi problem qalmaqdadır. Əksər satıcılar məhsulların üzərinə qiymət kağızlarını vurmadığı üçün, hər alıcıya istədikləri qiyməti deyirlər. Biz müşahidə apardığımız zaman da satıcıların ayrı-ayrı müştərilərə müxtəlif qiymətlər dediklərinin şahidi olduq.
Başqa bir nüans isə bazarda bəzi yerlərə görə, icra hakimiyyəti tərəfindən satıcılardan pul alınmasıdır. Bunu satıclar da bizimlə söhbətlərində etiraf etdilər. Belə ki, uzunluğu az qala 1 kilometrə çatan bazarın bir hissəsi qapalı, bir hissəsi isə açıq havadadır. Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi qapalı yarmarkada yerlər pulsuzdur. Lakin bayırda, açıq havada məhsullarını satanlardan bunun müqabilində ödəniş tələb olunur.
Onu da qeyd edək ki, vətəndaşlar bayram bazarlığı üçün tələsməlidir. Çünki, satıcılar da etiraf edir ki, 2-3 günə qiymətlər artacaq. Bayrama yaxn isə bahalaşma daha çox olacaq. Xüsusən də, qoz-fındıq, quru meyvələr və yumurtanın bahalaşacağı gözlənilir.
Nərgiz LİFTİYEVA
Fotolar müəllifindir