İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayram başladı, Əzrayıl yollara çıxdı - Niyə bayramda yol qəzaları artır?

3860 24.09.2015 13:27 Son xəbər A A

Bu gün də daxil olmaqla, qarşıda bizi daha 3 günlük bayram tətili gözləyir. Yolu Bakı avtovağzalından düşənlər bilir. Hazırda ordakı durum tam bir fəlakətdir. Bayram münasibətilə rayonlara yollananlar və təbii ki, Azərbaycan yollarındakı durumlar. 

İnşallah, bu dəfə bayram qəzaları statistikası olmaz. Amma hər bayramda Azərbaycanda belə qanlı statistikalar yaşanır. Niyə? Bayram günü sürücüləri özündən çıxaran səbəblər nədir? 

Psixoloqlar iddia edir ki, bayram tətillərində qəzaların sayının artması insanların daxilindəki doğmalarına qovuşma arzusundan qaynaqlanır. Bu isə yüksək sürət, yol-hərəkət qaydalarını pozmaq hesabına mənzilbaşına tez çatma cəhdi ilə müşayiət olunur. 
Reklam dünyası hər gün inkişaf edən, yeni texnologiyadakı maşınları tərifləməkdən doymur. Amma bu, “texnologiya xarüqəsi”nin ölüm aparatına çevrilməsinin qarşısını ala bilmir. Demək ki, maşınların mükəmməl olması çox da işə yaramır. İnsan faktoru ön plana çıxır. 

Statistika göstərir ki, yol qəzalarının 50 faizi insanlardan qaynaqlanır və daha çox 18-24 yaşlı sürücülər tərəfindən törədilir. Bu yaş qrupundakı gənclərin qəzaya yol vermə faizi digər yaş qruplarından 3 dəfə artıqdır.

Yaşla bağlı olan bir başqa risk qrupu da 65 yaşdan böyük olan sürücülərdir. Bu yaş qrupu üçün qəzaya səbəb olan faktorlar gənc sürücülərinkindən fərqlidir. Çünki bu qrupdakılar da avtomobili idarə etmə qabiliyyətinin pozulması, yavaşlaması və hissiyyat orqanlarının da zəifləməsi ucbatından qəzaya meyllidirlər. 

Qəzalara səbəb olan ikinci ünsür maşınlardır. Son illər istehsal olunan maşınların köhnələrlə müqayisədə təhlükəsizlik sistemi çox daha yaxşı inkişaf etsə də, məhz sürətli olmaları ucbatından sürücülərdə özünə güvəni artırır və bu da qəzalara səbəb olur. 
Üçüncü səbəb isə yollarla bağlıdır. Yeni inşa olunan yollar avtomobillərin inkişaf sürəti ilə ayaqlaşmır. 

Statistik araşdırmalar göstərib ki, bayram günlərində baş verən qəzalar daha çox bayramın ilk və son günlərində pik həddinə çatır. Onların 52 faizi 12.00-16.00 radələrində yaşanır. Qəzaların 29 faizi maşının sürətini yol və hava şərtlərinə uyğunlaşdırmamaq, 21 faizi qovşaq və döngələrdə maşının sürətini azaltmamaq ucbatından yaşanıb. Yəni toplam qəzaların 50 faizi yüksək sürətdən qaynaqlanır. Səhv dönüş və ya manevr etmək qəzaların 15 faizinin səbəbidir. 

Mütəxəssislər qəzanın qarşısını almaq üçün bəsit çıxış yolları göstərir. 

1. Yola çıxmazdan öncə maşınınızı tam yoxlamadan keçirin. 

2. Səyahət istiqamətindəki yollar barədə məlumata sahib olun. 

3. Hər iki saatdan bir 15 dəqiqə istirahət edin. 

4. Sürmə zamanı bol-bol su için, kondisionerdən fasiləsiz istifadə etməyin, pəncərələri zaman-zaman açıb, içəridəki havanı dəyişin. 

5. Arxadakı və öndəki maşınla aranızdakı təqib məsafəsini qoruyun. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, 2010-cu ildə yol qəzalarında ölənlərin sayı 1 milyon 240 min olub ki, bu da 2000-ci illə müqayisədə azalma deməkdir.
Həmin cədvələ əsasən, Azərbaycanda hər il 100 min sakindən 13.1-i yol qəzasında ölür. Ermənistanda bu rəqəm 18.1, Gürcüstanda 15.7-dir. Qonşu Rusiyada 18.6, Türkiyədə 12.0, İranda isə 34.1-dir. Amma yaxın çevrəmizdə olmayan ölkələrdən bir fakt da göstərməyə dəyər: Almaniyada həmin göstərici 4.7-dir

Ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, ölkədə cinayətkarlığın səviyyəsi azalsa da, yol qəzaları çoxalır. O, belə qəzalar araşdırılarkən məhkəmələrin bir sıra qanun pozuntularına yol verməsinə diqqət çəkib. Ədliyyə naziri ötən dövr ərzində Məhkəmə Hüquq Şurasının 39 hakimi ciddi intizam məsuliyyətinə cəlb etdiyini, 4 hakimin səlahiyyətinə xitam verildiyini, 6 hakimin iş yerinin dəyişdirildiyini bildirib.
Qəzaların artma səbəbləri sırasında nəqliyyat vasitələrinin çoxalması, tıxaclar üzündən yaranan yol gərginliyi də göstərilir.

2012-ci ildə ölkə ərazisində 2 min 892 yol-nəqliyyat hadisəsi qeydə alınıb. 1168 nəfər həlak olub, 2997 nəfər yaralanıb. Bu ilin 10 ayı ərzində  2426 yol-nəqliyyat hadisəsi baş verib. 971 nəfər ölüb, 2 558 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Sevinc 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR