Paşinyan hakimiyyəti Bayden administrasiyası ilə ortaq şəkildə prezident Donald Trampın hakimiyyəti dönəmində də ABŞ-ı Ermənistanı dəstəkləmək məcburiyyətində buraxa biləcək situasiyanın yaradılmasına çalışır... Üstəlik, bütün bu məkrli oyunlar yalnız Azərbaycana deyil, həm də Rusiyaya qarşı yönəlib, Kremlin rəsmi İrəvanın Ermənistanı “ABŞ-ın himayəsi altına yerləşdirmək cəhdləri”nə sərt reaksiya verməsi isə qətiyyən gözlənilməz deyil...
ABŞ və Qərb Cənubi Qafqaz regionunda yeni geopolitik təxribatlar törətməyə cəhd gəstərir. Belə ki, bu regionda sülhün və sabitliyin mövcudluğu Qərb siyasi dairələrinin geopolitik maraqları ilə kəskin ziddiyyət təşkil edir. Ona görə də, ABŞ və Qərb növbəti dəfə Cənubi Qafqazda qarşıdurma mühitini daha da kəskinləşdirə biləcək manevrlərə cəhd göstərir. Və bu baxımdan, Qərb siyasi dairələrinin yeni regional silahlı münaqişə planlarının aktual olduğunu düşünmək olar.
Onu da qeyd etmək lazımdır ki, hazırda Ermənistanın sürətlə silahlandırılması regional sülhə və sabitliyə birbaşa təhdid xarakter daşıyır. Buna paralel olaraq, Avropa Birliyi və Fransa da Cənubi Qafqazda geopolitik təxribat cəhdlərində israrlı mövqe tuturlar. Belə ki, tərkibi əsasən Fransa və Almaniya hərbi kəşfiyyatçılarından formalaşdırılmış Avropa Birliyi mülki müşahidə missiyası Azərbaycanla sərhəd bölgəsində casus fəaliyyətini davam etdirir. Və Avropa Birliyi hazırda sayı 1500 nəfərə çatdırılmış bu “kəşfiyyat missiyası”nın fəaliyyət müddətini daha iki ilə qədər uzatmaq niyyətini bəyan edib.
Təbii ki, bütün bunlarla yanaşı, Bayden administrasiyasının davranışları ümumiyyətlə, regional qüvvələr nisbətinin Ermənistanın xeyrinə dəyişdirilməsinə yönəldilib. Belə ki, son məlumatlara görə, xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqtona səfəri çərçivəsində ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq barədə müqavilənin imzalanması qərarlaşdırılıb. Bayden administrasiyasının bu addımı Cənubi Qafqazda növbəti geopolitik təxribat cəhdi sayıla bilər. Və bu baxımdan, sülh prosesində vasitəçilik iddiasında olan ABŞ-ın hazırda Cənubi Qafqazda yeni savaş situasiyasının əsas ssenari müəllifi olduğu qətiyyən şübhə doğurmur.
Əslində, Bayden adminstrasiyasının imdiki davranışları vaxtilə törədilmiş Brüssel təxribatının davamı kimi diqqəti çəkir. Çünki Brüssel təxribatının müəllifləri – ABŞ, Avropa Birliyi və Ermənistan həmin dövrdə Cənubi Qafqazda mövcud şərtləri dəyişmək məqsədilə planlar qurmuşdu. Ancaq bu barədə məlumatlar vaxtından əvvəl Qərb mətbuatına sızdrıldığından Brüssel təxribatı gözlənilən geopolitik effektdən uzaq qalmış oldu. Və indi prosesin davam etdirilməsinə cəhdlər göstərilir.
Maraqlıdır ki, Tramp administrasiyası dönəmində ABŞ-ın Ermənistana dəstəyinin zəifləyə biləcəyindən narahat olan Paşinyan hakimiyyəti tez-tələsik ehtiyat addımların atılmasına cəhdlər edir. Səlahiyyət müddəti bitməkdə olan ermənipərəst Bayden administrasiyası isə bu məsələdə rəsmi İrəvana yardım göstərməyə çalışır. Hər halda, Bayden administrasiyasının son anda Ağ Evin yeni sahibi Donald Trampa, ABŞ-Ermənistan strateji tərəfdaşlığı barədə saziş imzalamaqla, “erməni layihəsi”ni miras buraxması qətiyyən təsadüfi deyil. Və Tramp administrasiyası istənilən halda, Cənubi Qafqaz siyasətini formalaşdırarkən, “strateji erməni layihəsi” ucbatından müəyyən problemlərlə üzləşə bilər.
Göründüyü kimi, Paşinyan hakimiyyəti Bayden administrasiyası ilə ortaq şəkildə prezident Donald Trampın hakimiyyəti dönəmində də ABŞ-ı Ermənistanı dəstəkləmək məcburiyyətində buraxa biləcək situasiyanın yaradılmasına çalışır. Üstəlik, bütün bu məkrli oyunlar yalnız Azərbaycana deyil, həm də Rusiyaya qarşı yönəlib. Və bu baxımdan, Kremlin rəsmi İrəvanın Ermənistanı ABŞ-ın himayəsi altına yerləşdirmək cəhdlərinə sərt reaksiya verməsi də qətiyyən gözlənilməz deyil.
Maraqlıdır ki, Ermənistanın siyasi dairələrində ABŞ-la imzalanmış strateji tərəfdaşlıq müqaviləsinin effektivliyinə şübhə ilə yanaşanlar da var. Erməni politoloq Suren Sarkisyan ABŞ-ın vaxtilə Gürcüstanla da analoji sənəd imzaladığını xatırladıb: “ABŞ Ermənistana təhlükəsizlik təminatı vermir. Ağ Evin silah-sursat satmaq niyyəti də yoxdur. Bu müqavilə hətta Ermənistanda ABŞ hərbi bazasının yaradılmasını da nəzərdə tutmur. Ona görə də, bu sənədin Ermənistana faydası bir qədər şübhəlidir”.
Digər tərəfdən, erməni siyasi elitasında ABŞ-la strateji tərəfdaşlıq müqaviləsinin Ermənistanı Rusiyanın hədəfinə daha qabarıq şəkildə çıxara biləcəyindən də narahatdırlar. Xüsusilə də, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanla münasibətlərin mürəkkəb mərhələdən keçdiyini vurğalaması erməni siyasi elitasında təlaş yaradıb. Halbuki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi İrəvanın Avropa Birliyinə üzvlük cəhdlərinə daha təmkinlə yanaşaraq, bunu Ermənistanın daxili işi kimi xarakterizə etmişdi. Və Rusiya-Ermənistan münasibətlərindəki ziddiyyətlərin xarici işlər naziri Ararat Mirzoyanın Moskva səfəri çərçivəsində müzakirə ediləcəyinə də eyham vurmuşdu.
Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Ermənistana üstüörtülü xəbərdarlıq mesajı göndərməyi də qətiyyən unutmayıb. Belə ki, rus diplomat ABŞ-la strateji tərəfdaşlıq müqaviləsi çərçivəsində Ağ Evin Ermənistandan Rusiyaya qarşı sanksiyaların tətbiqini tələb edə biləcəyini vurğulayıb: “Ağ Ev strateji tərəfdaşlıq sənədini əsas gətirərək, Ermənistanı buna məcbur edə bilər. ABŞ analoji sənəd üzərindən Serbiyanı Rusiyaya sanksiya tətbiqinə məcbur buraxmaq istədiyi kimi, Ermənsitandan da bunu tələb edəcəyi istisna deyil”.
Təbii ki, Kreml rəsmisi Paşinyan hakimiyyətinin Avropa Birliyinə üzvlük niyyəti üzərindən Rusiyanın Ermənistana yönəlik cəza addımlarına da eyham vurub. O bildirib ki, Avropa Birliyi və Avrasiya İqtisadi İttifaqı bir-birindən tamamilə fərqli sistemlərdir. Ona görə də, rəsmi İrəvan onlardan hansının Ermənistan üçün daha faydalı olacağını çox diqqətlə araşdırmağı bacarmalıdır. Və bu, əslində, ABŞ-la strateji tərəfdaşlıq müqaviləsinin Ermənistana baha başa gələ biləcəyinə yönəlik təhdid anlamı daşıyır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu