Erməni lobbisinin Amerikanın yeni prezidenti Co Baydenə olan ümidləri puç olmaqdadır. Təsadüfi deyil ki, Ağ Evin sahibi ay yarımdır prezidentlik kürsüsündə əyləşib, hələ də “erməni məsələsi”nə, ermənipərəst konqresmenlərin Azərbaycan və Türkiyəni “artsaxa təcavüzə” görə cəzalandırmaq müraciətlərinə reaksiya verməyib.
Bütün bunlardan çıxış edərək, ABŞ-ın yeni administrasiyası Bakının regionda 44 günlük Vətən savaşı ilə yaratdığı yeni reallıqla artıq barışıb söyləmək olarmı?
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, ABŞ üçün İrəvanda optimal olan şəxslər hakimiyyətdədir: “Bu an üçün strategiya Nikolu qorumaqdır. Amma Azərbaycana qarşı da xüsusi anti-diqqət göstərmək üçün hansısa səbəb də yoxdur. İkitərəfli əlaqələr və ABŞ şirkətlərinin geniş fəaliyyəti, enerji ehtiyatları sahəsində olan işbirliyi tərəfləri məmnun edir. Hətta proses o dərəcəyə çatıb ki, İranla qonşu, Rusiyanın vassalı, Azərbaycanın məğlub etdiyi İrəvan hökumətinin taleyi bu gün bizdən asılı vəziyyətə düşüb.

Əziz Əlibəyli: “İrəvan hökumətinin taleyi bu gün bizdən asılı vəziyyətə düşüb”
Azərbaycan tərəfinin istənilən hərbi addımı Paşinyan administrasiyası üçün fəlakətlə başa çata bilər. Ona görə də, bütün baxışlarda və prizmalarda Qarabağ məsələsi bitmiş oldu. O cümlədən də ”Russia Today"in xəbərində də deyilir ki, ABŞ Dövlət Departamenti Vaşinqton və İrəvan arasında əməkdaşlığı möhkəmləndirmək üçün 150 000 dollar ayıracaq. Yəni Dövlət Departamentində düşünürlər ki, potensial qrant alanlar Birləşmiş Ştatlar və Ermənistanın ümumi dəyərlərinin təbliği, eləcə də regionda təhlükəsizliyin möhkəmləndirilməsi işinə cəlb oluna bilərlər. Bütün bunlardan başqa, söhbət ermənilərin Türkiyə və Azərbaycan sakinləri ilə dostluq münasibətlərinin qurulmasından gedir. Qeyd olunur ki, təşəbbüsün həyata keçirilməsi üçün 150 000 ABŞ dollarına qədər vəsait ayırmaq planlaşdırılır və ona ABŞ-ın İrəvandakı səfirliyi nəzarət edəcək".

Akif Nağı: “ABŞ bu reallıqla hesablaşmaq zorundadır”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ABŞ-ın reallıqlarla barışmaq zorunda olduğunu söylədi: “Ermənilər çox çalışırlar ki, ABŞ-ın yeni administrasiyasından, prezidentdən dəstək alsınlar. Amma regionda yeni reallıq formalaşıb, bütün aparıcı dövlətlər, o cümlədən, ABŞ bu reallıqla hesablaşmaq zorundadır. Azərbaycan düzgün siyasət yeritdi, nəticə əldə etdi, həm də Türkiyə və Pakistanın simasında güclü müttəfiqlər qazandı. Üç dövlət bir yerdə ciddi güc mərkəzi formalaşdırıb. Hər kəs bu faktorla hesablaşır, bu mərkəzin yanında olmağa çalışır. Dünənə qədər bizimlə soyuq davranan ölkələr də indi bizimlə əlaqələr qurmağa cəhd edir, güclülərin yanında olmağa çalışırlar. Ona görə də, ABŞ bu amillərin hamısını nəzərə alır. Vaşinqton regionda sabitliyin tərəfdarıdır və başa düşür ki, sabitlik Azərbaycanın iştirakı ilə əldə oluna bilər. Ona görə də ermənilərin mənasız hay-küylərinə fikir vermir. İnanırıq ki, hadisələr bu ssenari ilə davam edəcək, Azərbaycan daha geniş nəticələrə nail olacaq”.

Məhəmməd Əsədullazadə: “Bu, ABŞ-ın region siyasətinin fiaskosu ola bilər”
Politoloq Məhəmməd Əsədullazadə Baydenin ermənilərə görə Azərbaycanı heç zaman hədəf götürməyəcəyini deyir: “ABŞ-da Baydenin prezident seçilməsi erməni lobbisində və Ermənistanda müəyyən ümidlər yaratmışdı ki, o, Azərbaycana təzyiq edəcək və bu prosesdə ermənilərin yanında olacaq. Qeyd edim ki, ABŞ-ın oturuşmuş siyasəti var. Bu ölkənin dövlət maraqları və Cənubi Qafqazla bağlı strategiyası var. Bu strategiyada Azərbaycanla əməkdaşlıq Vaşinqton üçün prioritet kəsb edir. Düzdür, müəyyən dərəcədə Baydenin Ermənistanla və Qarabağla bağlı Azərbaycana təzyiqlərinin olunacağından gözləntilər var idi. Çünki, o erməni lobbisi ilə sıx əməkdaşlıq edir və demək olar ki, onlarla şəxsi əlaqələrə malikdir. ABŞ-ın dövlət siyasəti və milli maraqları şəxslər üzərində qurulmur. Həmçinin Birləşmiş Ştatların xarici siyasətinin formalaşmasında Dövlət Departamenti və Pentaqon da mühüm rol oynayır. Hər iki qurumun Azərbaycanla əlaqələri yüksək səviyyədədir. ABŞ Konqresində erməni lobbisinin diktəsi ilə 100-dən artıq konqresmenin prezidentə Azərbaycana və Türkiyəyə qarşı təzyiq etmək üçün məlum bəyanatı göndərməsi ilk növbədə ABŞ-ın xarici siyasətinə zərbədir. ABŞ-ın Azərbaycana və Türkiyəyə qarşı ermənilərə görə təzyiq etməsi öncəliklə Vaşinqtonun regionda maraqlarına zərbə vura bilər. Bu, ABŞ-ın region siyasətinin fiaskosu ola bilər. Erməni lobbisi 90-cı illərdə qalıb. Azərbaycan və Türkiyə regionun aparıcı ölkəsidir və hər hansı bir təzyiq iki ölkə üçün əhəmiyyətsiz ola bilər.
Azərbaycan regionda yeni siyasi nizam və reallıqlar yaradıb. Ona görə də Bayden erməni lobbisinin bu çağırışına əhəmiyyət vermədi və bundan sonra da verməyəcək. ABŞ Azərbaycanla əlaqələri inkişaf etdirməyi hədəfləyib. Hətta İrəvana Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq üçün siyasi çağırışı var. Bununla Bayden Rusiyanın Ermənistanda mövqeyini zəiflətməyə çalışır. Ona görə də bu gün regionda düşmənçiliyin qalması məhz Rusiyanın maraqlarına cavab verir. Əgər Bayden konqresmenlərin bu sözü ilə hərəkət etsə, regionda mövqeyi sıfıra enəcək, Moskva güclənəcək. Hesab edirəm ki, Bayden praqmatik və reallıqları nəzərə alıb, Azərbaycanla daha da sıx əməkdaşlıq edəcək və Ermənistan hakimiyyətini düşmənçiliyə son verməyə çağıracaq. Məhz bu konteksdə biz ABŞ-ın xarici siyasətində erməni lobbisinin təhriklərini görməyəcəyik".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






